...

Nazirlik: İsmayıllı-Qəbələ zonasında bundan da güclü daşqınlar olub

Cəmiyyət Materials 13 İyun 2016 22:29 (UTC +04:00)
Böyük Qafqazın cənub yamacında dünənkindən də güclü daşqınlar olub və belə daşqınların baş verməsi İsmayıllı-Qəbələ zonası üçün xarakterikdir.
Nazirlik: İsmayıllı-Qəbələ zonasında bundan da güclü daşqınlar olub

Bakı. İlhamə İsabalayeva - Trend:

Böyük Qafqazın cənub yamacında dünənkindən də güclü daşqınlar olub və belə daşqınların baş verməsi İsmayıllı-Qəbələ zonası üçün xarakterikdir.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, 1999-cu ildə İsmayıllı-Qəbələ zonasında bundan da güclü daşqınlar olub. Sonrakı illərdə də əsasən yay, yaz, hətta payız aylarında buna oxşar daşqınlar təkrarlanıb.

İsmayıllı-Qəbələ zonasındakı çayların ümumiyyətlə sel-daşqın xarakterli olduğunu deyən A.Verdiyev qeyd edib ki, İsmayıllıda yağan yağışlar nəticəsində ötən gün Göyçayda suyun səviyyəsi artıb. Bunun nəticəsində Qarasu və Zərdab məntəqələrində suyun artımı qeydə alınıb: "Bu çay bu məntəqələrdən Kürə tökülür. Ancaq bu çaydakı daşqınlar Kür üçün heç bir təhlükə törətmir. Hazırda da Kürün aşağı hissəsində sabit səviyyələr müşahidə edilir".

İcra başçısı: Sel və daşqınlar İsmayıllının 15 kəndinə ciddi ziyan vurub, 7 körpü dağılıb (FOTO)

İcra başçısı: Sel və daşqınlar İsmayıllının 15 kəndinə ciddi ziyan vurub, 7 körpü dağılıb (FOTO)

A.Verdiyev deyib ki, ötən günlərdə çaylarda gursululuğun artmasından sonra yaxın iki gün ərzində hava şəraitinin əsasən yağmursuz keçməsi ilə əlaqədar çaylarda gursululuğun azalacağı gözlənilir: "Bu daşqınlar qısamüddətlidir. Artıq sabah, birigündən başlayaraq səviyyənin azalması gözlənilir".

Qeyd edək ki, iyunun 12-də İsmayıllı rayonuna yağan aramsız yağışlar nəticəsində rayonun 10-dan artıq kəndinə ciddi ziyan vurub. İsmayıllının Quşencə, Zoğallıq, Kürdmaşı, Topçu və Buynuz kəndlərində həyətlərə və evlərə sel suları dolub.

Yağan güclü yağış və dolu Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 8-ci kilometrliyindən 23-cü kilometrliyinə qədər olan hissəsindəki körpülər, suötürücülər və yol təsərrüfatına aid olan bütün qurğular daşqın sularının gətirdiyi daş-çınqıl, ağac kötükləri və torpaq lilləri ilə dolub. Nəticədə yolun 15 kilometrdən artıq hissəsi yararsız vəziyyətə düşüb.

Yağışlar Oğuz-Qəbələ-Bakı su kəmərinin rayon ərazisindən keçən hissəsində də təhlükə yaradıb. Sel və dolu nəticəsində Oğuz-Qəbələ-Bakı su kəmərinin rayonun Kürdmaşı kəndi ərazisindən keçən 66-cı kilometrliyi sel suları nəticəsində yuyulmaya məruz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti