Azərbaycan, Bakı, 22 may /Trend, müxbir Elçin Hüseynov/
Bakının Dağüstü parkı paytaxtın ən yüksək nöqtəsidir. Buradan şəhərə və Bakı buxtasına gözəl mənzərə açılır.
Bura həm funikulyor vasitəsilə 7-8 dəqiqəyə, həm də uzun-uzadı daş pilləkənlərlə qalxmaq mümkündür. Birbaşa yuxarı hissədən - Milli Məclis, Şəhidlər xiyabanı və Alov qüllələrinin yerləşdiyi ərazidən başlamaq daha yaxşı olardı.
XX əsrin əvvəlində Dağüstü park ingilis parkı adlanırdı. Buna səbəb Rusiya imperatorunun devrilməsindən sonra Bakıya gələn ingilis əsgərlərin burada dəfn edilməsi olub. 1939-cu ildə bura sovet siyasi xadimi Sergey Kirovun adı verilib. SSRİ dağıldıqdan sonra park Dağüstü adlandırıldı.
Dağüstü parkda sonuncu böyük yenidənqurma işləri 2012-2013-cü illərdə aparılıb. Parkda yeni yollar və cığırlar salınıb, yeni şəlalə kompleksi qurulub, yaşıllaşdırma işləri aparılıb. Müasir işıqlandırma sistemi parkı gecə vaxtı daha da gözəlləşdirir.