...

Teymur Məmmədov Avropa Oyunlarında boks yarışlarının finalına çıxdı

Baku 2015 : EUROGAMES Materials 24 İyun 2015 20:38 (UTC +04:00)
Azərbaycan boksçusu Avropa Oyunlarında boks yarışlarının finalına vəsiqə əldə edib.
Teymur Məmmədov Avropa Oyunlarında boks yarışlarının finalına çıxdı

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycan boksçusu Avropa Oyunlarında boks yarışlarının finalına vəsiqə əldə edib.

Trend xəbər verir ki, bu gün Kristal Zalda Bakı-2015 birinci Avropa Oyunlarının boks yarışlarında mübarizə aparan idmançılar arasında yarımfinal görüşləri keçirilir.

Azərbaycan təmsilçilərindən yarım-ağır çəkidə (81 kq) yarımfinal döyüşünə çıxan dünya və Avropa çempionatlarının mükafatçısı Teymur Məmmədov Rusiya idmançısı Pavel Silyaginlə üz-üzə gəlib.

Görüşün ilk raundunda bokçumuz dəqiq zərbələri hesabına cüzi də olsa, üstünlük əldə edib. Daha sonrakı raundda da Teymur Rusiya boksçusuna ardıcıl zərbələr endirməkdə davam edib və bu üstünlüyünü bir az da möhkəmləndirib. Sonuncu, üçüncü raundda da rəqibinə şans verməyən boksçumuz qalib gələrək finala vəsiqə qazanıb.

Teymurun qızıl medal uğrundakı görüşdə rəqibi İtaliya boksçusu Valentino Manfredonia olacaq. Görüş sabah saat 19:00-da baş tutacaq.

Xatırladaq ki, bu gün Azərbaycan təmsilçilərindən yarımfinal döyüşünə ilk olaraq yarım-yüngül çəkidə (56 kq) bokçumuz Tayfur Əliyev çıxıb. O, Rusiya təmsilçisi Baxtovar Nazirov ilə görüşdə məğlub olaraq Avropa Oyunlarının bürünc medalı ilə kifayətlənib.

Qeyd edək ki, sonrakı günlərdə Azərbaycan yığma komandasının daha 8 üzvü Avropa Oyunlarının boks yarışlarının yarımfinalında döyüşə çıxacaqlar. Qadın boksçularımızdan Yana Alekseyevna (57-60 kq) və Anna Əlimərdanova (51-54 kq), kişi təmsilçilərimizdən isə Xaybula Musalov (75 kq), Kollazo Sotomayor (64 kq), Albert Səlimov (60 kq), Pərviz Bağırov (56 kq), Abdulkadır Abdullayev (91 kq) və Elvin Məmişzadə (52 kq) finala vəsiqə əldə etmək üçün mübarizəni davam etdirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti