...

Elxan Məmmədov və Elmar Qasımov Avropa Oyunlarında medal uğrunda mübarizəni dayandırdılar (ƏLAVƏ OLUNUB 2)

Baku 2015 : EUROGAMES Materials 27 İyun 2015 14:03 (UTC +04:00)
100 kq-dək çəkili kişi cüdoçuların yarışında dünya çempionumuz Elxan Məmmədov təsnifat mərhələsində Xorvatiya təmsilçisi Zlatko Kumriçlə üzləşib.
Elxan Məmmədov və Elmar Qasımov Avropa Oyunlarında medal uğrunda mübarizəni dayandırdılar (ƏLAVƏ OLUNUB 2)

İlk xəbər 12:35-də yayılıb

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İlkin İzzət/

Bakı 2015 ilk Avropa Oyunlarının cüdo yarışlarının üçüncü günündə 100 kq-dək çəkili kişi cüdoçuların yarışında dünya çempionumuz Elxan Məmmədov təsnifat mərhələsində Xorvatiya təmsilçisi Zlatko Kumriçlə üzləşib.

Trend-in məlumatına görə, qarşılaşmaya fəal başlayan cüdoçumuz bir qədər sonra rəqibinə vaza-ari ilə qiymətləndirilən effektiv fənd tətbiq edib. Bundan sonra təzyiqini daha da artıran dünya çempionumuz xorvat cüdoçunu asai-komi fəndinə salaraq 15 saniyə saxlayaraq vaxtından əvvəl ipponla tam qələbə qazanıb və növbəti mərhələyə vəsiqə əldə edib.

Onun 1/8 final mərhələsindəki rəqibi çex idmançısı Lukas Krpalek olacaq.

XXX

Dünya çempionumuz da medal uğrunda mübarizəni dayandırdı

100 kq-dək çəkili kişi cüdoçuların yarışında Elxan Məmmədov 1/8 final mərhələsində Çex idmançısı Lukas Krpaleklə qarşılaşıb.

Təəssüf ki, dünya çempionumuz da növbəti mərhələyə vəsiqə əldə edə bilməyib. O, görüşdə vaxtından əvvəl ipponla məğlub olaraq medallar uğrunda mübarizəni dayandırıb.

XXX

Avropa Oyunlarında cüdo yarışlarının ilkin təsnifat mərhələsindən azad olan Elmar Qasımov mübarizəyə birbaşa 1/8 final mərhələsindən qoşulub.

Avropa Oyunlarının açılış mərasimində Azərbaycan idmançılarının bayraqdarı, gənclər arasında Avropa çempionu, böyüklər arasında Avropa çempionatının gümüş və bürünc mükafatçısı Elmar Qasımov bu mərhələdə Portuqaliya təmsilçisi Jorj Fonseka ilə tatami üzərində münasibətlərə aydınlıq gətirib.

Görüş təmsilçimiz üçün pis başlayıb. Əvvəlcə rəqibinin bir yuko fəndinə düşən Elmar Qasımov daha sonra bir sido ilə cərimələnib. Yalnız cüdoçumuzun fəallaşması rəqibinin ardıcıl 3 dəfə sido ilə cərimələnməsinə gətirib çıxarıb. Lakin portuqal idmançı əsas medal ümidlərimizdən sayılan Elmar Qasımova ipponla qiymətləndirilən effektiv fənd tətbiq edərək vaxtından əvvəl tam qələbə qazanıb. Elmar isə medallar uğrunda mübarizəni erkən dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti