Azərbaycan, Bakı, 11 may /Trend, müxbir Ş.Cavadsoy/
Mayın 11-də Azərbaycanın tanınmış estrada müğənnisi, əməkdar artist, "Bülbülər" qrupunun rəhbəri Aybəniz Haşımova tələbəsi kimi tanıtdığı müğənni Rövşən Əzizin yeni albomunun təqdimat mərasimini keçirdi. Uzun illərdən bəri sənətdə olmasına baxmayaraq, arzu etdiyi populyarlıq zirvəsinə çatmayan Rövşənin peşəkar musiqi ilə məşğul olmasını diqqətə çatdıran Haşımova təqdimat zamanı sanki "SOS" təbili çalırmış kimi jurnalistlərdən kömək istədi.
"Sənət və sənətkardan söhbət gedirsə, mən Rövşən Əzizi əsl sənətkar hesab edirəm. Axı niyə özlərinə ulduz deyənlər, səsi olmayanlar bütün günü mediada öz piarlarını qururlar, Rövşən kimi istedadlı oğulların timsalında sənətini yüksək səviyyədə təqdim etməyi bacaran müğənnilər gündəmdən uzaq düşməlidirlər? Demirəm ki, bütün günah jurnalistlərdədir. Etiraf edirəm ki, bu vaxta qədər çox susduq, amma artıq şou-biznesdəki yeknəsəqliyə son qoymağın vaxtıdır. Klassik Azərbaycan bəstəkarlarının irsi bu gün çox zəif şəkildə təbliğ olunur. Səhnədə gəncləri məcburən yüngül musiqilərə qulaq asmağa sürükləyənlərin sayı gündən-günə çoxalır. İnanın, onlara heç müğənni də deməyə dilim gəlmir", - dedi Aybəniz Haşımova.
"Dəyirmi masa"da baş tutan mətbuat konfransına qatılan fəxri qonaqlar - xalq artisti İlham Əsgərov, əməkdar artist Gülyanaq Məmmədova, xanəndələr - Zakir Əliyev, Almaz Orucova, bəstəkarlar - Xanım İsmayılqızı, Sevda Məmmədli və başqaları sanki "SOS" təbili çalan Aybəniz xanımın sözlərində həqiqət olduğunu diqqətə çatdırıb, R.Əzizin uğurlarına sevindiklərini dilə gətirdilər.
Trend-ə açıqlamasında albomunun tanıtımından razı qaldığını bildirən Rövşən təqdimat mərasimini fərqli şəkildə düzənlədiyinə görə müəlliminə təşəkkür etməyi də unutmadı.
"Sən həmişə mənimləsən" albomumun gözlədiyimdən də artıq yüksək səviyyədə media mənsublarına və sənətçi dostlarımıza təqdim etdiyinə görə Aybəniz xanıma minnətdaram. Bir müəllim öz tələbəsi üçün bundan artıq nə edə bilər? Şadam ki, heç bir qalmaqalda adım hallanmır və sırf yaradıcılığımdakı yeniliklərlə pərəstişkarlarıma hesabat verirəm. Qarşıma qoyduğum bir məqsəd var. Allah ömür versin, Aybəniz Haşımovadan öyrənməyə davam edib, onun məsləhətləri ilə yalnız irəli addımlamaq", - müğənni bu sözlərlə fikirlərini tamamladı.
Foto: Şahin Cavadsoy