...

Sehrli İstanbul! Gəmi gəzintisi ilə Fatih Sultan Mehmet körpüsünün altından görünən meqapolis (FOTO)

Mədəniyyət Materials 20 May 2011 16:59 (UTC +04:00)
İstanbul o şəhərlərdəndir ki, onu görən istənilən turist lap bir il də meqapolisi gəzib-dolaşsa, "doymadım!" deyib vətəninə qayıdar. Hər halda mən bu qənaətdəyəm. İstanbulla bağlı yazdığım reportajların birində Taksim meydanından başlayan İstiklal küçəsi haqqında bunları yazmışdım: "İstanbulu tanımaq istəyirsənsə, o küçəni sona qədər gəzməyə çalış
Sehrli İstanbul! Gəmi gəzintisi ilə Fatih Sultan Mehmet körpüsünün altından görünən meqapolis (FOTO)

Türkiyə, İstanbul, 20 may /Trend, müxbir Ş.Cavadsoy/

İstanbul o şəhərlərdəndir ki, onu görən istənilən turist lap bir il də meqapolisi gəzib-dolaşsa, "doymadım!" deyib vətəninə qayıdar. Hər halda mən bu qənaətdəyəm. İstanbulla bağlı yazdığım reportajların birində Taksim meydanından başlayan İstiklal küçəsi haqqında bunları yazmışdım: "İstanbulu tanımaq istəyirsənsə, o küçəni sona qədər gəzməyə çalış".

Amma şəhərin sehrini görmək arzusundasansa, mütləq böyük şəhərin Avropa və Asiya qitəsini birləşdirən boğazın üstündəki Fatih Sultan Mehmet körpüsünün əzəmətini gözlərinlə görüb heyrətlənməlisən. Adama elə gəlir ki, sanki nəhəng dayaqlar üzərində dayanan bu körpü üzərindən keçən avtomobillərin ağırlığına tab gətirməz. Körpünün tikilmə tarixini araşdırdıqsa isə mənfi fikirlər həmin an alt-üst olur. İnşasına 4 yanvar 1986-cı ildə başlanan asma körpü 2 iyul 1988-ci ildə tamamlanıb. Uzunluğu 1.510 m, dirəklərarası orta məsafəsi 1.090 m, alsaft örtüyünün genişliyi 39.4 m olan Fatih Sultan Mehmet körpüsünü daha yaxından görmək, tam altından keçməkdən ötrü gəmi gəzintisində səyahət etmək mütləqdir. 6 dollarlıq bileti alıb, məni və tanışım Arzunu səyahətə dəvət edən tanınmış türkiyəli prodüser Kemal Cenk İçten təxminən 2 saat boyunca heç vaxt yadımdan çıxmayacaq dəniz gəzintisinə səbəbkar oldu. İstanbulun Beşiktaş rayonunda yerləşən tarixi məkanları bu dəfə dənizdən seyr etmək şansı qazanmışdım. Dolmabağça, Çırağan, Ulduz, Feriyə sarayları, Ihlamur qəsri (Cökə qəsri), Aşiyan (Bülbül yuvası) muzeyi, Ulduz sarayı muzeyi, Dəniz muzeyi, Rəsm ve heykəl muzeyi, Şəhər muzeyi, çoxlu sayda məscidlər, kilsə və sinaqoqları görüb şəkillər çəkməkdən aldığım həzzi sözlərlə ifadə etmək çox müşküldür. Çox keçmir ki, səyahət etdiyim gəmi Kız Kulesinin yaxınlığından keçərkən, boğazda üzən gəmilər arasında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı həkk olunmuş tankerlə rastlaşırıq. Qürurlanıb, azərbaycanlı olduğumuzla fəxr edirik.
Məxsusi olaraq vurğulamaq istərdim ki, istər gəmidə olan türklər, istərsə də İstanbulda olduğum müddət ərzində həmsöhbət olduğum qardaş ölkənin vətəndaşları Azərbaycandan gəldiyimi bilib, qonaqpərvərliklərini tam olaraq göstərməyə çalışırdılar. Səyahətimiz zamanı liseyin sonuncu sinfində təhsil alan yeniyetmə İbrahim Ünalanın adını bu sırada birinci çəkmək lap yerinə düşər. Gəmidə dostları ilə birlikdə gəzintiyə çıxan İbo ilə o qədər səmimi söhbət abu-havası yaratdıq ki, digər dostları da bizə qoşulub, məndən Bakının gözəlliyi haqqında soruşmaqdan yorulmurdular. Onların xatirə fotosunu çəkdim.
Nəhayət ki, mənə xəyallarımın şəhərində xəyalımdakı körpünün altından da keçmək nəsib olur. Bu anın qədrini bilib, dayanmadan çoxlu fotolar çəkirəm. O məqamda İbrahimdən çox haqlı irad eşidirəm. "Qardaş, elə həyəcanla fotolar çəkisən ki, sanki bir daha İstanbula qayıtmayacaqsan. Babamdan eşitmişəm, İstanbul torpağı çox müqəddəsdir. Əgər insan bir dəfə ora ayaq qoyursa, iki və bir neçə dəfə ona geri dönməyə çalışacaq. Bu səndə də belə olacaq", - Ünalan dedi.
Üstündən xeyli keçməsinə baxmayaraq, bu sözlərin həqiqət olduğunu indi anlayıram. Və içimdən bir hiss məni İstanbula səsləyir. Odur ki, məzuniyyətim dövründə yolumu təkrarən doya bilmədiyim İstanbula salacağam...

1) http://az.trend.az/news/mvsb/1854919.html

2) http://az.trend.az/news/mvsb/1857044.html

3) http://az.trend.az/news/mvsb/1857952.html

4) http://az.trend.az/news/mvsb/1860119.html

5) http://az.trend.az/news/mvsb/1862208.html

6) http://az.trend.az/news/mvsb/1862628.html

7) http://az.trend.az/news/mvsb/1866719.html

8) http://az.trend.az/news/mvsb/1867854.html

9) http://az.trend.az/news/mvsb/1872024.html

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti