Azərbaycan, Bakı, 23 mart /Trend/
Məşhur amerikalı müğənni Uitni Hyustonun vəfatı ilə bağlı iş üzrə istintaqla müəyyən edilib ki, o, kokaindən istifadəyə görə baş verən ürək tutması nəticəsində vannada boğulub. Bu barədə Trend "Assoşieyted Press" agentliyinə istinadən xəbər verir.
Hyustonun cəsədi fevralın 12-də gecə Los-Ancelesdəki "Beverly Hilton" mehmanxanasının nömrələrindən birindəki vannada aşkar edilib.
Qəfil ölüm işini araşdıran müstəntiqin nümayəndəsi Kreyq Harvinin sözlərinə görə, müğənninin otağında yalnız reseptlə verilən preparatlar tapılıb. Lakin Hyustonun ölümünə bu preparatlar səbəb olmayıb.
Bundan başqa, Harvi qeyd edib ki, müğənninin orqanizmində ürək çatışmazlığına səbəb ola biləcək kokain izləri aşkar olunub. Onun sözlərinə görə, ekspertiza göstərib ki, Hyuston uzun müddət ərzində kifayət qədər narkotik maddələr qəbul edib.
Hyuston ən çox mükafata sahib olan aktrisa kimi Ginnesin Rekordlar Kitabına düşüb. 11 yaşından başlayan yaradıcılıq fəaliyyəti ərzində Hyuston 6 "Qremmi", 15 "Billboard Music Awards", 21 "American Music Awards", 2 "Emmy" və digər mükafatlar alıb.