Azərbaycan, Bakı, 10 may /Trend/
"Eurovision 2012" mahnı müsabiqəsini işıqlandırmaq üçün akkreditasiyadan keçmiş yerli media nümayəndələri və fanatlar vəsiqələrini mayın 11-də saat 11:00-dan 18:00-dək ala bilərlər.
Eurovision Mahnı Müsabiqəsi 2012 İşçi Qrupundan cümə axşamı Trend-ə verilən məlumata görə, vəsiqələr Dövlət Bayrağı Meydanı ərazisindəki Akkreditasiya Mərkəzində şəxsiyyəti təsdiqləyən sənəd (şəxsiyyət vəsiqəsi) əsasında veriləcək.
Eurovision.tv saytında akkreditasiyadan keçməsinə dair təsdiq alan yerli media nümayəndələri və fanatların mayın 11-də şəxsiyyəti təsdiqləyən sənədlə Akkreditasiya Mərkəzinə müraciət etmələri xahiş olunur.
Akkreditasiya vəsiqələri "Eurovision 2012" mahnı müsabiqəsində media nümayəndəsi kimi fəaliyyət göstərməyə əsas verən sənəddir.
Qeyd edək ki, Avropa Yayımları Birliyinin qaydalarına əsasən, press akkreditasiyası ilə "Eurovision" mahnı müsabiqəsinin əsas məşqləri və canlı konsertlərində (21, 23, 25 may əsas məşqlər, 22, 24, 26 may canlı şou konsertləri) iştirak və çəkiliş etmək qadağandır.