...

Pakistan mətbuatında Nizami Gəncəvi ilə bağlı məqalə dərc olunub

Mədəniyyət Materials 17 İyul 2012 14:22 (UTC +04:00)
Pakistanda böyük oxucu auditoriyasına malik ingilisdilli "Diplomatic Star" jurnalında tanınmış jurnalist Amir Mahmud Battinin "Nizami Gəncəvi 870" adlı məqaləsi dərc edilib.
Pakistan mətbuatında Nizami Gəncəvi ilə bağlı məqalə dərc olunub

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Pakistanda böyük oxucu auditoriyasına malik ingilisdilli "Diplomatic Star" jurnalında tanınmış jurnalist Amir Mahmud Battinin "Nizami Gəncəvi 870" adlı məqaləsi dərc edilib.

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə Şərqin dahi şairi və filosofu Nizami Gəncəvinin gənclik illərindən, sürdüyü təvazökar və zahid həyat tərzindən bəhs edilib.

Jurnalist Nizaminin yaradıcılığına lirik poemalar, qəzəllər və qəsidələrin yazılışından başladığını qeyd edib, lakin dünya ədəbi irsinə Xəmsə ilə daxil olduğunu bildirib.

Yazar Xəmsəyə daxil olan hər beş poemanı nəzərdən keçirərək, "Sirlər Xəzinəsi"nin fəlsəfi məqamlarını, "Xosrov və Şirin"in romantik üçbucağını açıqlayıb.

Məqalədə "Yeddi gözəl" poemasında təsvir olunan personajların sonralar Avropa ədəbiyyatında Şiller və Puççini tərəfindən prototip kimi istifadə olunduğu vurğulanıb.

Jurnalist bildirib ki, şair "İsgəndərnamə" poemasının birinci hissəsində Makedoniyalı İsgəndərin qəhrəmanlıq salnaməsini açıqladığı halda, poemanın sufi alleqoriyaları ilə dolu ikinci hissəsində hökmdarın daxili dünyasını açıb, onu bir fəlsəfəçi, peyğəmbər kimi qələmə verib.

Nizaminin "Yeddi Gözəl" poemasının dünya ədəbiyyat irsinə qızıl hərflərlə yazıldığını bildirən Mahmud Batti burada yaşanan böyük eşq hekayəsinin acı məqamlarını oxuculara açıqlayıb. O, bu poemanın Şərqdə ilk dəfə Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən italyan musiqisi üslubunda (opera) səhnəyə qoyulduğunu qeyd edib.

Məqalədə Nizaminin Azərbaycanın böyük vətənpərvər oğlu olduğu, bütün ömrünü doğma Gəncədə keçirtdiyi, öz xalqının qəhrəmanlıq tarixi ilə fəxr etdiyi vurğulanıb.

Jurnalist Nizami irsinin Azərbaycan folkloruna böyük təsir göstərdiyini bildirib.

Nizaminin əlyazmaları Paris, London, Moskva, Qahirə, İstanbul və digər şəhərlərin muzeylərində saxlanılır, şairin əsərləri bir çox dillərə tərcümə edilib.

Jurnalda Azərbaycan xalqının Nizami yaradıcılığına böyük məhəbbətlə yanaşdığı, Bakı şəhərinin mərkəzində ona heykəl ucaldıldığı, onun adını daşıyan çoxsaylı institut və küçələrin olduğu vurğulanıb.

Xəbər lenti

Xəbər lenti