...

Məşhur müğənni Sami Yusif "Küçələrə su səpmişəm" oxuyacaq

Mədəniyyət Materials 20 İyul 2012 16:48 (UTC +04:00)
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dünyaşöhrətli Azərbaycan əsilli müğənni və bəstəkar Sami Yusiflə görüşüb.
Məşhur müğənni Sami Yusif "Küçələrə su səpmişəm" oxuyacaq

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dünyaşöhrətli Azərbaycan əsilli müğənni və bəstəkar Sami Yusiflə görüşüb.

Trend nazirliyin mətbuat xidmətinə istinadən məlumat verir ki, Sami Yusif Azərbaycana səfərinin əsas məqsədini açıqlayaraq bildirib ki, məşhur "Küçələrə su səpmişəm" xalq mahnımızı ifa etmək və klip çəkdirmək niyyətindədir. Ölkəmizin mədəniyyət, təbiət və tarixi abidələrinə heyran olduğunu deyən qonaq müasirlik və tarixiliyi bir arada birləşdirən Azərbaycanın dünyada, Avropada, Amerikada daha geniş tanıdılmasına töhfə vermək istədiyini vurğulayıb.

Müğənninin layihəsini bəyəndiyini bildirən nazir Əbülfəs Qarayev Sami Yusifin dünya miqyasında aktiv musiqi fəaliyyətini xüsusi qeyd edərək, onun Azərbaycanla bağlı əməkdaşlığının gələcəkdə davamlı olacağına ümid etdiyini deyib. Qeyd edilib ki, çəkiləcək klip Azərbaycanın görməli yerlərini əks etdirməklə ölkəmizin turizm imkanlarının təbliğinə də xidmət etmiş olacaq.

"Küçələrə su səpmişəm" mahnısını artıq ingilis dilinə tərcümə etdiyini və ilkin versiyanı hazırladığını nəzərə çatdıran müğənni, mahnını ingilis dilində ifa edəcəyini, eyni zamanda, bir bəndi doğma Azərbaycan dilində oxuyacağını bildirib.

Mahnıya çəkiləcək klipdə Azərbaycanın təbiəti, tarixi məkanları əksini tapacaq. Klipin müştərək çəkilməsi nəzərdə tutulur.
Görüşdə mahnının yazılması və klipin çəkilməsi ilə bağlı texniki məqamlar da müzakirə olunub.

Nazir ad günü münasibəti ilə Sami Yusifi təbrik edərək, ona gələcək işlərində uğurlar arzulamış və Azərbaycanla bağlı maraqlı layihələrə imza atacağına ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti