...

Bakıda vokalçıların Bülbül adına VI beynəlxalq müsabiqəsi keçiriləcək

Mədəniyyət Materials 24 Oktyabr 2012 14:47 (UTC +04:00)
Cari ilin oktyabr ayının 29-dan noyabr ayının 4-dək Mədəniyyət və Turizm Nazirliyinin və Bülbül Fondunun təşkilatçılığı ilə Bakı şəhərində vokalçıların Bülbül adına VI beynəlxalq müsabiqəsi keçiriləcək.
Bakıda vokalçıların Bülbül adına VI beynəlxalq müsabiqəsi keçiriləcək

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Cari ilin oktyabr ayının 29-dan noyabr ayının 4-dək Mədəniyyət və Turizm Nazirliyinin və Bülbül Fondunun təşkilatçılığı ilə Bakı şəhərində vokalçıların Bülbül adına VI beynəlxalq müsabiqəsi keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidentinin sərəncamına əsasən, vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsinin keçirilməsi qərara alınıb və 1997, 2000, 2005, 2007, 2010-cu illərdə I, II, III, IV,V müsabiqələr Bakıda yüksək yaradıcı və təşkilati səviyyədə keçirilib.

Builki müsabiqə Azərbaycan professional vokal sənətinin banisi, böyük müğənni pedaqoq və musiqişünas-alim, ictimai xadim, SSRİ xalq artisti, dövlət mükafatları laureatı, professor Bülbülün anadan olmasının 115 illiyinə həsr edilib. Müsabiqədə 14 ölkədən (Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Belarus, Türkiyə, Moldova, Bolqarıstan, Özbəkistan, İran, ABŞ, Monqolustan, Yaponiya) ümumilikdə 65 vokalçı iştirak edəcək. İfaçıların çıxışlarını Rusiyanın xalq artisti, professor Sergey Leyferkusun sədrliyi ilə beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.

Münsiflər heyətinə Bakı Musiqi Akademiyasının rektoru, SSRİ xalq artisti, professor Fərhad Bədəlbəyli, Odessa Milli Operasının baş dirijoru, Moldovanın xalq artisti, professor Samuil Alexandru, "Gut Immling" festivalının (Almaniya) bədii rəhbəri Kornelia Qabriele Maria fon Kerssenbrok, Flamand operasının baş dirijoru Dmitri Yurovski, Rusiyanın xalq artisti, Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Musiqili Teatrının bədii rəhbəri Aleksander Titel, Lion Milli Operasının art direktoru Robert Teo Korner, "Brukner" festivalının (Avstriya) bədii rəhbəri Hans-Yohim Frey, Los Anceles Operasının art direktoru David Li Coşua Vinoqrad, Tbilisi Opera və Balet Teatrının solisti Teymuraz Ququşvili, Kiyev Milli Operasının solisti Mariya Stefyuk daxildir.

Müsabiqənin fəxri qonaqları sırasında Avstriya, Türkiyə, Almaniya, İspaniya, Rusiyadan tanınmış musiqi xadimləri, sənətkarlar yer alacaq.

Müsabiqənin püşkatma mərasimi oktyabrın 29-da saat 10:00-da Azərbaycan Dövlət Filarmoniyasında başlanacaq. Həmin gün (saat 13.00-18.00), həmçinin oktyabrın 30-da (saat 12.00-18.00) müsabiqənin I turu keçiriləcək. Sənət yarışmasının II turu oktyabrın 31-də, III turu isə noyabrın 3-də gerçəkləşəcək və həmin gün müsabiqəyə yekun vurulacaq.

Noyabrın 4-də Azərbaycan Dövlət Filarmoniyasında müsabiqə qaliblərinin iştirakı ilə Bülbülün 115 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Filarmoniyanın foyesində isə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin sərgisi nümayiş olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti