Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir E.Mehdiyev/
Bu gün Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbərinin iqamətgahında müasir miniatür rəsmlərin sərgisi təşkil olunub.
Trend-in məlumatına görə, tədbirdə nümayəndəliyin rəhbəri səfir Roland Kobia, xarici dövlətlərin ölkəmizdəki səfirləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər. Sərgidə Azərbaycandan, Türkiyədən və Böyük Britaniyadan olan 7 rəssamın işləri nümayiş olunub.
Tədbirdə çıxış edən Kobia qeyd edib ki, tədbirin əsas məqsədi Azərbaycanda rəssamlığın inkişafına töhfə verməkdir.
Azərbaycan rəssamlığını və incəsənətini sevdiyini deyən Kobia vurğulayıb ki, bu Aİ tərəfindən təşkil edilən ilk sərgi deyil və qurum bu cür tədbirləri mütəmadi olaraq təşkil edir.
"Bugünkü sərgi digərlərindən bir az fərqlənir. Bu axşam 7 müxtəlif rəssamın işləri təqdim olunub, amma onları birləşdirən cəhət odur ki, onlar hamısı miniatür rəsmlər çəkirlər. Biz çox istəyirik ki, Azərbaycan mədəniyyəti populyarlaşsın. Region və xüsusən də Azərbaycan miniatür rəsm sahəsində böyük tarixə malikdir və biz istəyirik ki, bu cür tədbirlər gələcəkdə də olsun", - o deyib.
Səfir bu cür sərgilərin gələcəkdə Avropa ölkələrində təşkil ediləcəyini də istisna etməyib.