...

Macarıstanda rəssam Sara Manafovanın rəsmlərindən ibarət təqvim nəşr olunub (FOTO)

Mədəniyyət Materials 29 Yanvar 2013 10:34 (UTC +04:00)
Budapeştdə fəaliyyət göstərən Macar-Azərbaycan Dostluq Cəmiyyəti 2013-cü il üçün Azərbaycan və macar dillərində təqvim hazırlayıb.
Macarıstanda rəssam Sara Manafovanın rəsmlərindən ibarət təqvim nəşr olunub (FOTO)

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Budapeştdə fəaliyyət göstərən Macar-Azərbaycan Dostluq Cəmiyyəti 2013-cü il üçün Azərbaycan və macar dillərində təqvim hazırlayıb.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, builki təqvim görkəmli Azərbaycan rəssamlarından biri olan Sara Manafovaya həsr olunub. Təqvimin səhifələrində rəssamın "Avtoportret", "Bakı - küləklər şəhəri", "Xocalı faciəsi", "Bahar. Azərbaycan", "Qarabağ - ağrım mənim", "Çarmıxa çəkilmiş məhəbbət", "Yatmış qız" və s. kimi tanınmış əsərləri, onların adları və çəkilmə illəri göstərilib, son səhifəsində isə rəssamın tərcümeyi-halı və nailiyyətləri öz əksini tapıb.

Hazırlanmış təqvim Macarıstanda yaşayan və təhsil alan Azərbaycanlılara, macarlara, dövlət və qeyri-hökumət təşkilatlarına, biznes qurumlarına paylanıb.

Xatırladaq ki, Macar-Azərbaycan Dostluq Cəmiyyəti 1994-cü ildən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərir. Üzvlərinin 90 faizi macarlardan ibarət olan bu cəmiyyət Azərbaycanın tarixi və bu günü, qədim adət-ənənələri, milli bayramları, dövlətimizin qazandığı nailiyyətlər barədə Macarıstan ictimaiyyətinə informasiya yaymağı qarşısına məqsəd qoymuşdur. Bu təqvim ənənəvi olaraq Macarıstanda hər il çap olunur. 2011-ci ilin təqvimi Tahir Salahova, 2012-ci ilin təqvimi isə Toğrul Nərimanbəyova həsr olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti