...

Nazir: Toğrul Nərimanbəyovun başqa dövlətdə dəfn olunması ilə razılaşmalıyıq

Mədəniyyət Materials 19 İyun 2013 11:30 (UTC +04:00)
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın və SSRİ-nin xalq rəssamı Toğrul Nərimanbəyovun meyitinin Azərbaycana gətirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Nazir: Toğrul Nərimanbəyovun başqa dövlətdə dəfn olunması ilə razılaşmalıyıq

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İ.İzzət/

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın və SSRİ-nin xalq rəssamı Toğrul Nərimanbəyovun meyitinin Azərbaycana gətirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Trend-in məlumatına görə, Əbülfəs Qarayev Bakıda keçirilən Ombudsmanların XI beynəlxalq konfransının ikinci günündə çıxışı zamanı deyib ki, Azərbaycan dövləti görkəmli xalq rəssamı Toğrul Nərimanbəyovun meyitinin Azərbaycana qaytarılması istiqamətində iş görür:

"Toğrul Nərimanbəyov Azərbaycan mədəniyyətinin, rəngkarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biridir. Biz onu sözsüz ki, Azərbaycana gətirib hörmət və izzətlə dəfn etmək istəyirik. Lakin burada bir başqa amil ortaya çıxır. Fransa qanunvericiliyi ailə münasibətləri daxilində onun xanımı və yetkinlik yaşına çatmayan uşağının mövqeyini nəzərə alaraq qərar çıxarıb ki, bu insan Fransada dəfn olunsun. Bu məsələdə insan hüquqları müdafiə olunur. Sözsüz ki, xanımın iradəsi və rəyi onu mütəmadi ziyarət etmək və onun yanında olmaq mövqeyi ilə izah olunur. Biz isə Azərbaycan xalqı bir millət, dövlət olaraq öz ölkəmizin nümayəndəsini əlimizdən buraxıb başqa bir dövlətdə dəfn olunması ilə razılaşmalıyıq. Amma bu proses hələ bitməyib və davam edir".

Nazir, həmçinin qeyd edib ki, müasir dünyada fərd və cəmiyyət münasibətlərində kimə daha çox üstünlük vermək, hansı hüquqlara daha böyük əhəmiyyət verib düzgün qərar çıxarmaq məsələsi də gündəmə gəlir: "Mən demirəm ki, biz bu məsələ ilə indi rastlaşırıq. Biz bu məsələ ilə mütəmadi olaraq rastlaşırıq. Hər bir yaradıcı insan öz-özlüyündə böyük bir fərd və şəxsiyyətdir. Onun yaratdığı bir tərəfdən ona, digər tərəfdən isə xalqa, mədəniyyətə məxsusdur. Burada tarazlaşma mexanizminin formalaşması, hüquqların hansı tərəfə daha böyük üstünlüklə həyata keçirilməsi sualına biz özümüz də cavab tapa bilmirik".

Qarayevin fikrincə, davamlı inkişaf haqqında danışarkən ilk növbədə fərdin, şəxsiyyətin və cəmiyyətin münasibətləri nəzərdə tutulur. Amma mədəniyyət sahəsində çalışan, yaradıcı insanların hüquqlarının həm hüdudları bilinməyən internet məkanında müdafiəsi mövzusu, cəmiyyət və yaradıcı şəxsiyyət probleminə cavablar tapmaq bizim əsas vəzifəmizdir:

"Düşünürəm ki, bu gün Azərbaycanda aparılan mədəni siyasət həm milli azlıqların, həm cəmiyyətin özünün, insanların, həm də millətin mədəni hüquqlarının müdafiəsinə tam şərait yaradıldığını deməyə tam əsas verir. İnsanlar yaradıcı potensialı təqdim edə bilir. Beynəlxalq səviyyədə Azərbaycanı daha çox fərdlər, QHT-lər təmsil edirlər. Bu gün Azərbaycanın Heydər Əliyev Fondu, müxtəlif yeni yaradılmış yaradıcılıq birlikləri daha böyük cəsarətlə və uğurla ölkəmizi təmsil edirlər. Sərbəst yaradıcılıq bu imkanları genişləndirir. Bu baxımdan Azərbaycanda gedən proseslər bəşəriyyətdə, dünyada gedən proseslərlə üst-üstə düşür. Lakin bu prosesi biz nəzərdən keçirsək, bəşəriyyətin rastlaşdığı problemləri təhlil etsək, görərik ki, Azərbaycanda da bu mövzu gec-tez sual işarəsi altında duracaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti