...

Gerçəkləşən yuxu……

Mədəniyyət Materials 27 Dekabr 2013 12:59 (UTC +04:00)
Nigar Rəfibəylinin mənim həyatıma hardasa ağlın qəbul edə bilmədiyi tərzdə, qeyri-adi təsiri olmuşdur. Hərdən mənə elə gəlir ki, bəlkə mən bir az ifrata varıram. Amma yox, bu mənim gerçək həyatımın həqiqət adlı hekayəsidir.
Gerçəkləşən yuxu……

Xəzangül Hüseynova, Azərbaycan Yazıçılar Birliyi və Avrasiya Yazarlar Birliyinin üzvü

Nigar Rəfibəylinin mənim həyatıma hardasa ağlın qəbul edə bilmədiyi tərzdə, qeyri-adi təsiri olmuşdur. Hərdən mənə elə gəlir ki, bəlkə mən bir az ifrata varıram. Amma yox, bu mənim gerçək həyatımın həqiqət adlı hekayəsidir.

Gənc idim, Gəncə şəhər 43 nömrəli məktəbdə kimya fənnini tədris edirdim. Bir gün çox qəribə bir yuxu gördüm. Gördüm ki, həmin məktəbin direktoru olmuşam. Məktəbin həyətində Nigar Rəfibəylinin heykəlini qoydurmuşam. Yuxu elə özəl, elə canlı idi ki, elə bil obyektiv bir reallıqla qarşılaşdım.

Oyandım, özümün öz yuxuma gülməyim gəldi. Çünki direktor olmaq arzusu mənə yad idi. Həm də məktəbin direktoru çox səmimi, nüfuzlu, savadlı və sadə insan olan Fatma Quliyevaya hörmətim vardı. Bu yuxunun boş bir röya olduğunu qəbul edib, yaddaşımdan atdım. O zamandan bəlkə 9-10 il ötəndən sonra SSRİ MK-nın katibi Andropov oldu. Onun məşhur "Yenidənqurma" islahatı cəmiyyətdə böyük dəyişikliklərə səbəb oldu. Müəssisə rəhbərləri seçki yolu ilə seçilməyə başladı. O vaxt Fatma müəllimə təqaüdə çıxmışdı. Məktəbi direktor müavini idarə edirdi. Qəflətən şəhərin icra rəhbərlərinin məktəbə gəlməsi məsələsi ortaya çıxdı. Mən onda təşviqat otağının rəhbəri idim. Narahat olub təşviqat otağını səliqəyə salmağa başladım. Bir azdan komissiya məktəbə daxil oldu. Sən demə, onlar seçki yolu ilə məktəbə yeni direktor təyin etmək üçün gəlmişdilər. Bütün məktəb kollektivinin iştirakı ilə yığıncaq keçirildi. Əsas məsələ direktorluğa namizədin verilməsi oldu. İştirakçılar bu vəzifəyə 3 namizəd irəli sürdülər. Biri mən və başqa iki nəfər. Birinci mənim namizədliyim səsə qoyuldu. Açıq səs vermə yolu ilə mənim direktor olmağıma razılıq verildi.

Qeyd etmək istəyirəm ki, o biri namizədlərin hansını birinci səsə qoysaydılar, yəqin ki, bu vəzifəyə onlar da layiq görülə bilərdi.

O gün sevinc duyğuları ilə birgə çətin məsuliyyət hissi məni bu sferadan kənara çıxmağa qoymurdu. Bütün bunların necə baş verdiyinə heyrətlənirdim. Və birdən yadımdan çıxmış yuxum yadıma gəldi. Mənə möcüzə təsiri bağışlayan yuxum gerçək olmuşdu. Çin olan yuxumda Nigar Rəfibəyli heykəli nida işarəsi kimi mənim iç dünyamı dalğalandırırdı. Qərara gəldim ki, adı olmayan bu məktəb Nigarın adını daşımalı və onun ruhu bu məktəbin başı üstə dayanmalıdı.

1987-ci il mayın 12-də 43 nömrəli məktəbə direktor təyin olunmağımın sərəncamı verildi. Demək olar ki, vəzifəyə başladığım gündən Nigar xanım mənim fikirlərimin, işgüzar planlarımın ən uca zirvəsində mənə yol göstərən aparıcıya, stimula çevrildi. Zaman o zaman oldu ki, mənfur qonşumuzun xəyanət zərbəsindən sarsıldıq. O dövrün hərc-mərcliyi bizi özümüzdən almışdı, başımızın üstə tüğyan edən qasırğanın bizə necə zərər vuracağını anlaya bilmirdik. Buna baxmayaraq, Nigar adının bu məktəbin simvolu olması üçün çalışırdım.

Pedaqoji Şuranın qərarını Nazirlər Kabinetinə göndərdik. Mənə çox uzaq gələn zamandan sonra 1989-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə məktəb Nigar Rəfibəylinin adını daşıdı. Mən məktəb kollektivinin sevinc qanadları üstündə xoşbəxtcəsinə uçurdum. Qeyd etmək istəyirəm ki, bu işdə yazıçı-dramaturq Qərib Mehdinin, mərhum yazıçı, filoloq, professor Bağır Bağırovun, Gəncə şəhər Təhsil İdarəsinin o zamankı rəisi Rasim İbrahimovun köməyi çox oldu.

Sonra isə Nigar Rəfibəyli heykəlinin inşası istedadlı heykəltəraş Məşdi qardaşa tapşırıldı. Bu heykəl məktəbimizin gələcək uğurlarının inikası kimi mətanətli, iradəli olmağa çağırırdı. Məktəbimiz, demək olar ki, bir növ Nigarlaşdı. Onun şeirləri məktəb şagirdlərinin dilinin əzbəri oldu. Heç bilmirəm bunların hamısını, yox, bir qismini niyə yazıram? Bəlkə də bütün bunları Nigarın ruhudu mənə yazdıran...

Onun 100 illiyinin qeyd edildiyi zamanda onun adını daşıyan məktəbdən, məktəbdə mənim üçün darıxan heykəlindən uzaq düşməyimin təsiridimi bu? Yox, o əvvəldən mənim ürəyimin ən gizli, ən dərin guşəsində yer tutmuşdu. O məkanda Nigar həmişə mənimlə olub. Dar günlərimdə məni ovunduran, yol göstərən dayağım olub. Mən məktəbdə hər səhər işə başlamazdan əvvəl onunla salamlaşır, iş qurtaranda xudafizləşirdim. Aydındır ki, mənə canlı kimi görünən heykəli ilə dərdləşib, söhbətləşirdim. Bütün bunlar nə demək idi? İndi də mən o heykəl üçün darıxıram, niyə? Deməli, burda izahı mümkün olmayan bir sirr var.

Mən belə qənaətə gəldim ki, istedadlı, göydən gələn ətalı insanların ruhu bu dünyanı tərk etsə də, etməsə də diri ruhdur. Bu diri ruh onu sevənlərin sevgisini, məhəbbətini duyur, bir növ o sevginin, o müqəddəs məhəbbətin təmasında olur. Ona görə də canlı insanların biri kimi, diri kimi onlarla dərdləşib, danışa bilirsən. Buna ruh dili deyərdim mən. Səs eşidilməsə də, ruh dili ilə danışıb, dərdləşir ruhlar. Bu dünyada yaşayanın da, yaşamayanın da ruhları mənəvi tərəfdən yaxın olduqda onlar dostlaşır, onlar bir-birini duyur, dərk edir. Bəlkə də mənim bu fikirlərimi ifrata varan kimi qəbul edəcəklər, amma bu, mənimçün gerçəkdi, həqiqətdi...

Nigar Rəfibəylinin ruhu ona aid olan hər yerdə, şeirlərinin xüsusi misralarında, doğma ocağında, sevdiyi təbiət mənzərələrində, Ayda, Günəşdə, onu sevənlərin əhatəsində təzahür edir. Tərcümə etdiyi Məhsəti Gəncəvi rübailərindən, "Ovod" əsərinin sətirlərindən onun ruhu boylanır. İstər-istəməz onun aşağıdakı misraları bütün ruhumla məni özünə tabe edir:

Uzaq ölkələrə, iraq ellərə,

Axışan buludlar, axan buludlar.

Bir ilıq nəvaziş umarkən sizdən,

Könlümü həsrətlə yaxan buludlar!

Solan çiçəkləri siz öpərsiniz,

Siz ey köksümüzdə örpək buludlar!

Yanan səhralara su səpərsiniz,

Ey atlas buludlar, ipək buludlar!

Onun həyat yolu elə də asan olmayıb. Azərbaycan tarixi salnaməsinin uca zirvəsində qərar tutan Xudadat bəyin övladı olması onun yolunda yoxuşa, kola-kosa çevrilərək, onu addım-addım izləmişdi. Bu kol-koslar bəzən əlini, üz-gözünü cırsa da, bu atanın qızı olmaq qürurundan doğan bir vüqarla bu keşməkeşli yolunda dayanmadan irəli gedirdi. Onun öz genindən gələn millət sevgisi, xalq məhəbbəti onu sınmağa qoymayıb, onu sonsuzluğa, nəhayətsizliyə doğru aparırdı.

Dost dilində əzbər olan,

Yurdum, şöhrətim mənim.

Nizami ünvanlı, Füzuli imzalı

Millətim mənim.

O, yol gedirdi. Bu yolun ən təlatümlü, ən çətin, daşlı-kəsəkli bir yerində, bir əl onun həyansız qalmış əllərindən tutdu. Bu əlin istisi, bu əlin məhəbbəti bu çətin yolun çətinliyini ona unutdurdu. Bu, Rəsul Rza əli idi. Nigar Rəfibəyli əllərinin yiyəsi. Bunları elə aydınlıqla gözümün önünə gətirdim ki, Nigar olub xəyalən Rəsul Rzaya dedim.

Bir əl yoxdur əllərindən tutum mən,

Baş götürüb ilim-ilim itim mən.

İsa, Musa quşu olub ötüm mən

Sən hardasan, əl yiyəsi, hardasan?

Bu, deyəsən Göylərin hökmü idi. Rəsul Rza əlləri Nigar əllərinin xilaskarı olmuşdu. Bu xilaskar əllərin əllərindən tutub yol getməyin özü də əsl qəhrəmanlıq idi. Bu əllərin hər hüceyrəsində, hər toxumasında izahı mümkün olmayan elə qüdrət, elə qüvvət varıydı ki, gözəl Nigarın zərif əlləri bu qüvvət qarşısında əyilə bilərdi... Amma Nigar özünün daxili dünyasından gələn məğrur, vüqarlı bir qüvvənin, bəlkə də ilahi bir qüvvənin varlığına sığınıb, ondan güc, qüvvət aldı. O, Rəsul Rza qadını, Azərbaycan xalqının sevimli şairi oldu. Əsl ana, nənə, ictimai xadim, Vətənini, elini-obasını sevən vətəndaş oldu. Onun ailəsinə olan məhəbbəti həzin nəğmələrə, deyimlərə çevrildi. Rəsul Rza məhəbbətinin idealı oldu. Bunu toylarının 20 illiyində R.Rzanın Nigara yazdığı məktub təsdiq edir: "Əgər günlər geriyə varaqlansa, gəncliyim qayıtsa idi, inan ki, ömrümü sənə bağlayar, həyatın daha çətin yollarında, tərəddüdsüz sənlə əl-ələ verib gedərdim. Qoy üç sevimli balamızın sevinc və səadətli günləri gələcək günlərimizi bəzəsin. Qoy məhəbbətimizin hərarəti onları hər cür fırtınalardan qorusun. Vəfa və sədaqətin qarşısında baş əyirəm".

Ərin öz qadını haqqında söylədiyi bu sözlərin ucalığında Nigar fədakarlığı, Nigar məhəbbəti, Nigar vəfa və sədaqəti dururdu. Bu məhəbbətin ən təsirli cavabı Nigar qəlbindən süzülən "Neyləyim" şeiridi.

Ala gözlüm, səndən ayrı gecələr,

Bir il kimi uzun olur, neyləyim?

Bağçamızda qızıl güllər hər səhər,

Tezdən açar, vaxtsız solar, neyləyim?

Qadın psixologiyasının, qadın ismətinin, utancaq məhəbbətin, təmizliyin, ülviliyin inikasıydı bu şeir.

Tez gələsən, bəlkə əlac verəsən,

Sünbüllərin saçın yığıb hörəsən.

Çiçəkləri gəlib özün dərəsən,

Yolda qalıb baxışları, neyləyim?

Bu Yer, bu Göy, çiçəklər, qızıl güllər, bütün ətraf aləm sənsiz darıxır. Mən onlara cavab verə bilmirəm. Gəl özün cavab ver. Bunu bu şəkildə ancaq vəfalı Nigar deyə bilər.

Çiçəklərin çəkir gözü intizar,

Ayrılıqdan betər dünyada nə var?

Yaz axşamı səni bil ki, bu Nigar,

Həzin-həzin yada salır, neyləyim?

Vallah bu şeir haqqında qalın bir kitab yazmaq olar. Sən demə, bu Yer, bu Göy, ətraf aləm Nigarın özü imiş. Əhsən belə məhəbbətə, belə munisliyə, belə qadın yazarımıza, gözəl Nigara!

O, bu dünyada şairlik missiyasından başqa, analıq missiyasını da fədakarlıqla yerinə yetirdi. Azərbaycan xalqına, Azərbaycan ədəbiyyatına xalq yazıçısı Anarı bəxş etdi. Bu yerdə ümummilli lider Heydər Əliyevin o zaman Gəncədə, Sərdar bağında Nigar Rəfibəylinin heykəli önündəki çıxışını xatırladım: "Görürsünüz, Gəncə nə qədər böyük insanlar yetirir. Bir ailədə üç Xalq yazıçısı var - Rəsul Rza, Nigar xanım Rəfibəyli, Anar".

Bu ailə missiyasının davamçısı kimi Günel Anarqızı bu yola qədəm qoyub. Uğur olsun!..

Nigar xanımın yaradıcılığı bitməz-tükənməz qalın bir meşəni xatırladır. Bu meşənin kəşf ediləcək nəhayətsiz ormanları, adı bilinməyən ağacları var. O meşəni səyahət etməyi Allah bizə qismət etsin!

Yuxuma girən heykəl

Heykəlin yuxuma girdi, ay Nigar!

Məni harayladı, məni səslədi.

Heykəlin mənimçün pirdi, ay Nigar!

Başın üstə külək olub əs dedin.

Gördüm ki, üşüyüb buza dönmüsən,

Gördüm kövrəlmisən, yanağın yaşdı.

Utanıb-qısılan qıza dönmüsən,

Sənin bu halından könlüm alışdı.

Yaman təklənmisən, gözün yoldadı,

Hər səhər səninlə dərdləşən yoxdu.

Hər ayaq səsləri səni aldadır,

Demək istədiyin gileyin çoxdur.

Heykəlin sirr yerim, sirdaşım idi,

Dar gündə qaçırdım yanına heyhat.

Qəfil qasırğaydı, bilmirəm nəydi?

Səndən uzaqlara saldı bu həyat.

Susuz balıq kimi çırpınır indi,

Bu yazıq ürəyim, günahsız könlüm.

Arxadan vuruldum, inamım sındı,

Elə alışdım ki, qalmadı külüm.

Bəlkə bu, bir sınaq, bəlkə də cəza,

Ömrümün acısı, ağrısıdı bu.

Köklənib Sarıtel adlı saza,

Hay çəkən qəlbimin çağırışıdı bu.

Neyniyim taleyin mənə verdiyi,

Bir içim zəhərdir, məcbur içirəm.

Könlümün gözüylə hər an gördüyüm,

Heykəli qəlbimə gərək köçürəm.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti