...

Budapeştdə Azərbaycan - Cənubi Koreya musiqi gecəsi keçirilib (FOTO)

Mədəniyyət Materials 11 İyun 2014 16:08 (UTC +04:00)
Azərbaycan Macarıstandakı səfirliyi və Budapeştdə fəaliyyət göstərən Cənubi Koreya Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan səfirliyinin böyük zalında Azərbaycan - Cənubi Koreya musiqi gecəsi keçirilib.
Budapeştdə Azərbaycan - Cənubi Koreya musiqi gecəsi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir S.Əhmədova/

Azərbaycan Macarıstandakı səfirliyi və Budapeştdə fəaliyyət göstərən Cənubi Koreya Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan səfirliyinin böyük zalında Azərbaycan - Cənubi Koreya musiqi gecəsi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, gecədə Norveçin "Grig" Musiqi Akademiyasında təhsil alan gənc Azərbaycan musiqiçiləri Humay Qasımzadə və Jalə Əliyeva Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun, gənc bəstəçi Türkər Qasımzadənin, eləcə də tanınmış Cənubi Koreya bəstəkarı İsanq Yunun əsərlərini ifa ediblər.

Qonaqları salamlayan səfir Vilayət Quliyev bu konserti əslində dörd ölkənin - Azərbaycan, Cənubi Koreya, Norveç və Macarıstanın iştirakı ilə baş tutan kiçik mədəniyyət bayramı kimi dəyərləndirib, dünyanın nüfuzlu musiqi mərkəzlərində təhsil alan azərbaycanlı gənclərin milli musiqinin təbliğinə və dünya klassikasının tanıdılmasına mühüm töhfə verdiklərini qeyd edib.

Tədbirdə Koreya Respublikasının Macarıstandakı səfiri Qvan-Pyo Nam, Budapeştdə akkreditə olunan diplomatik korpusun digər nümayəndələri, sənət adamları, Azərbaycan diasporunun üzvləri, Cənubi Koreya Mədəniyyət Mərkəzinin əməkdaşları, Ferens List Musiqi Akademiyasının tələbələri iştirak ediblər.

Gənc Azərbaycan musiqiçilərinin yüksək ifaçılıq məharəti konsert iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və dəfələrlə alqışlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti