...

Nizami Kino Mərkəzində 3 yeni film

Mədəniyyət Materials 18 Sentyabr 2014 15:25 (UTC +04:00)
Sentyabrın 18-dən etibarən Nizami Kino Mərkəzində "Azərbaycanfilm"in istehsalı olan “Nabat” və iki xarici “Dabbe 5: Zehr-i cin” və “Labirintdə qaçanlar” filmlərinin nümayişi başlanıb.
Nizami Kino Mərkəzində 3 yeni film

Trend-i buradan izləyin

Sentyabrın 18-dən etibarən Nizami Kino Mərkəzində "Azərbaycanfilm"in istehsalı olan "Nabat" və iki xarici "Dabbe 5: Zehr-i cin""Labirintdə qaçanlar" filmlərinin nümayişi başlanıb.

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilən "Nabat" filmi Qarabağ müharibəsindən bəhs edir. Filmin quruluşçu rejissoru Elçin Musaoğludur.

Filmin baş qəhrəmanı Nabat xala Qarabağın müharibə zolağında olan dağ kəndlərindən birində yaşayır. Kəndin olan-qalan sakinləri növbəti güclü atəş yağışından sonra tamamilə evlərini tərk edir. Nabat isə xəstə həyat yoldaşını və oğlunun məzarını qoyub heç yana getmir. Hər axşam bu qəhrəman qadın kəndin məscidində və bütün evlərdə neft lampaları yandırır. Hər gecə yanan lampaların işığını görən ermənilər uzun müddət kəndə girməyə qorxurlar.

Film Azərbaycan qadınının şücaətini, dözümlülüyünü, qəhrəmanlığını bir daha təstiq edir.

Filmdə baş rolu İran aktrisası Fatimə Motomedareya ifa edir.

Türkiyəli rejissor Hasan Karacadağın çəkdiyi "Dabbe 5: Zehr-i cin" filmi dəhşət və qorxu janrını sevənlərə növbəti hədiyyədir.

Filmin baş qəhrəmanları, ailə cütlüyü Dilək və Ömər xoşbəxt və sakit ömür sürürlər. Qorxunc yuxu görən Diləyin həyatı alt-üst olur. Ən pisi isə odur ki, Diləyin qorxusu şiddətə çevrilməyə başlayır və gənc qadının vücudunu nəzarət altına alır. Çarəsiz qalan lənətlənmiş cütlük bu məsələləri çözməyi bacaran, dillər əzbəri olmuş Belkıs Hocanın sorağına çıxırlar.

Filmdə baş rollara A.Murat Özgen ve Irmak Örnek, digər rollara Bülent Dinçer, Sultan Köroğlu Kılıç və başqaları çəkilib.

Amerika rejissoru Ves Bollun çəkdiyi "Labirintdə qaçan" filmi isə fantastika, triller, detektiv janrındadır.

Bir gün liftə bənzər yerdə oyanan Tomas adından başqa hər şeyi unutduğunu dəhşətlə dərk edir. O, qapalı yerdə sağ qalmağa çalışan 60 nəfər özü kimi yeniyetmənin arasına düşür. Bu yeniyetmələr labirint adlandırdıqları yerdə artıq iki ildir yaşayırlar. Oğlanların sayı hər 30 gündən bir artır. Onlar əkib-becərdikləri tərəvəzlərlə dolanırlar və yaşadıqları məkanı əhatə edən labirintdən çıxış yolu tapmağa çalışırlar. Ümidlərinin üzüldüyü anda yanlarına ovcunda yazılı kağız parçası olan huşunu itirmiş bir qız düşür. Bundan sonra qəhrəmanların dünyası dəyişməyə başlayır...

Filmdə aktyorlar Dilan O`Brayen, Vill Poulter, Kaya Skodelario, Tomas Brodi Senqster, Patrisiya Klarkson, Ki Li Xonq, Aml Amin, Don MakManus və başqaları çəkiliblər. Filmin yaş həddi: 12+

Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin "facebook" səhifəsindən də öyrənə bilərsiniz: https://www.facebook.com/NizamiCinema?rf=hl

Məqalədə:
Xəbər lenti

Xəbər lenti