Azərbaycan, Bakı, 10 mart /Trend/
Zəngin mədəniyyəti və ziyalı potensialı ilə hər zaman şöhrətini qoruyub saxlayan Gəncədə bu gün teatr sənətinin inkişafına da xüsusi diqqət və qayğı göstərilir. Gəncənin bütün sahələrdə irəli getməsi, müasirləşməsi gənclərin fəallığına, təşəbbüskarlığına da geniş imkanlar yaradır. Bir vaxtlar idarə və müəssisələrdə, təhsil ocaqlarında yaradılan özfəaliyyət kollektivlərinin uğurlu çıxışları hamının yadındadır. Ətrafımızda gedən yüksəliş, yeniliklər yeniyetmə və gənclərin də qabiliyyət və bacarıqlarının, istedadlarının üzə çıxarılmasında böyük əhəmiyyət kəsb edir. Bu günlərdə vətəndaşlara nümunəvi xidməti ilə seçilən Gəncə "Asan xidmət"in könüllülərinin atdığı uğurlu addım ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.
Könüllülər yazıçı-dramaturq Əbdürrəhimbəy Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini" pyesini səhnələşdirərək, C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında tamaşaçılara təqdim ediblər. Gənclərin aktyorluq bacarığı, səhnə mədəniyyəti tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Gəncə "Asan xidmət"in rəhbəri Elnur Rzayev, "Asan xidmət" könüllüləri Gənclər Təşkilatının sədri Fərid Sadıxlı çıxış edərək, bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, Azərbaycan brendi olan "Asan xidmət"in uğurlu fəaliyyətindən, gənclərin intellektual səviyyələrinin yüksəldilməsində elm, təhsillə yanaşı milli- mənəvi dəyərlərimizin, zəngin mədəniyyətimizin də xüsusi önəm daşıdığını vurğulayıblar. Könüllülərin bu təqdirəlayiq addımını dəstəkləyərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.