...

Bakıda IV Beynəlxalq "Tullantıdan sənətə" sərgisi keçiriləcək

Mədəniyyət Materials 10 İyun 2015 15:29 (UTC +04:00)
İyunun 14-dən etibarən Bakının Qala qəsəbəsində tullantı materiallarından, lazımsız əşyalardan hazırlanmış sənət əsərlərinin beynəlxalq sərgisi keçiriləcək.
Bakıda IV Beynəlxalq "Tullantıdan sənətə" sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 10 iyun /Trend/

İyunun 14-dən etibarən Bakının Qala qəsəbəsində tullantı materiallarından, lazımsız əşyalardan hazırlanmış sənət əsərlərinin beynəlxalq sərgisi keçiriləcək. Dördüncü dəfədir ki, təşkil olunacaq "Tullantıdan sənətə" sərgisi Heydər Əliyev Fondunun təşəbbüsü, "Təmiz Şəhər" ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyinin, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və "Q Gallery" incəsənət qalereyasının dəstəyi ilə təşkil olunur.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sərginin məqsədi ictimaiyyət arasında tullantılarla düzgün rəftarı, resurslardan qənaətlə istifadə etməyi, özünə lazım olmayan əşyaları hansısa formada başqalarının istifadəsinə qazandırmağı təbliğ etməkdir. Ənənəvi olaraq hər il keçirilən "Tullantıdan sənətə" sərgisi insanlara ətraf mühiti təmiz saxlamağın vacibliyini, planetin ekoloji sağlamlığına məsuliyyətli yanaşmanı təbliğ edir.

Beynəlxalq sərgidə 17 ölkədən 23 nümayəndə iştirak edərək müxtəlif növ tullantılardan incəsənət nümunələri hazırlayacaq. Bu əsərlər 5 gün ərzində şəhər sakinlərinin, azərbaycanlı və xarici qonaqların ziyarəti üçün açıq olan sərgidə nümayiş olunacaq.

"Tullantıdan sənətə" sərgisi 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər" ASC-nin Qala qəsəbəsində icra etdiyi "Təmiz Qala" adlı pilot layihə çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində qəsəbə sakinləri üçün tullantıların idarə edilməsi ilə bağlı müxtəlif maarifləndirici tədbirlər keçirilir.

Qala qəsəbəsinin ərazisində tullantıların "Təmiz Şəhər" ASC tərəfindən çeşidlənmiş şəkildə toplanması, daşınması və utilizasiyası təşkil edilir. Belə ki, qəsəbə sakinləri məişət tullantılarını "üzvi tullantılar" və "qeyri-üzvi tullantılar" formasında ayrılmış 2 fərqli rəngdə (yaşıl və göy) qutulara atır. Həmin qutular da uyğun olaraq yaşıl və göy rəngli yük avtomobilləri tərəfindən yığılır. Avtomobillərin hərəkəti "Təmiz Şəhər" ASC üçün xüsusi hazırlanmış marşrutun optimallaşdırılması elektron proqramı ilə tənzimlənir. Bu proqramla tullantıların daşınması üçün vaxt və məsafə baxımından ən uyğun marşrutlar seçilir. Sistemin işinə mərkəzdən GPS naviqasiya sistemi ilə nəzarət olunur. ASC tullantıları yığaraq özünün zavodlarında emal nəticəsində onları təkrar istifadəyə qazandırır və ya elektrik enerjisi almaq üçün istifadə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti