...

Azərbaycanlı fotoqrafın Türkiyədə möhtəşəm sərgisi (FOTO)

Mədəniyyət Materials 14 Yanvar 2016 18:03 (UTC +04:00)
Türkiyənin Didim Ticarət Palatasının Mədəniyyət Mərkəzində Didim Halk Oyunları G.S.K dərnəyinin təşkilatçılığı ilə gənc, istedadlı fotoqraf Nurlan Tahirlinin "Yolayrıcında” fotosərgisinin təqdimat mərasimi keçirilib.
Azərbaycanlı fotoqrafın Türkiyədə möhtəşəm sərgisi (FOTO)

Bakı. Trend:

Türkiyənin Didim Ticarət Palatasının Mədəniyyət Mərkəzində Didim Halk Oyunları G.S.K dərnəyinin təşkilatçılığı ilə gənc, istedadlı fotoqraf Nurlan Tahirlinin "Yolayrıcında" fotosərgisinin təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, ilk dəfə 2015-ci ildə Bakıda "Yolayrıcında" sərgisinin davamı olaraq keçirilən bu sərgidə kolleksiyaya bir neçə yeni əsər və interaktiv panoramalar əlavə olunaraq sərgilənib.

Tədbirdə giriş sözü ilə çıxış edən Didim Halk Oyunları G.S.K dərnəyinin başçışı Arif Çolak açılış mərasiminin rəmzi olan qırmızı lenti kəsmək üçün Didim qubernatoru vəkili Mehmet Arabacını dəvət edib. Söz alan gənc qubernator sərgiyə xeyir-dualarını bildirərək, bunun davamlı olmasını arzulayıb və lenti kəsərək sərgini açıq elan edib.

Daha sonra qubernator digər qonaqlarla bərabər, sərgilənən şəkillərlə maraqlanaraq N.Tahirlidən hər biri haqqında məlumat alıb, təəssüratlarını bölüşüb.

Tədbirdə iştirak edən Didim Əsnaf və Sənətkarlar Palatasının sədri Yaşar Tektaş, Didim Əsnaf Kredit Zəmanət Kooperasiyasının sədri Ali İhsan Kubaliç, Didim Ticarət Palatası İdarə Heyətinin sədri Şaban Üstündağ, palatanın məclis sədri H.Yıldırım və palatanın üzvləri, Ak Parti bölgə sədri, Didim Bələdiyyəsinin məclis üzvləri, Ak Parti Gənclik Qolları sədri, habelə sabiq bələdiyyə başçısı, DAHOT Didim Xalq Oyunları Gənclik və Spor Klubunun başçısı, Didim Fotoqraflar Klubunun üzvləri və medya nümayəndələri də qonaqlar arasında idilər.

Tədbirin sonunda yekun sözü ilə çıxış edən Didim Ticarət Palatasının məclis sədri Hilmi Yıldırım Türkiyə-Azərbaycan dostluğunun əhəmiyyətindən danışaraq bu sərginin Didimdə keçirilməsindən məmnunluğunu bildirib və bu əlaqələrin gələcəkdə daha da genişlənməsini və sıx olmasını arzuladığını vurğulayıb.

Sonda istedadlı fotoqrafa xatirə plaketi və gül dəstəsi təqdim edilib.

N.Tahirli, öz növbəsində, tədbirə gələn hər kəsə minnətdarlığını bildirib, türk qardaşlarımızın onu belə isti qarşılamasından sonsuz məmnun olduğunu və sərginin təşkil olmasında böyük zəhməti olan Didim Xalq Oyunları dərnəyinin sədri A.Çolaka xüsusi təşəkkürlərini bildirib.

Qeyd edək ki, N.Tahirli Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin idarə edilməsi fakültəsinin türk dili bölməsinin, Türkiyənin Sakarya Dövlət Universitetinin marketinq ixtisası üzrə magistraturasının məzunudur. Türkiyədə birillik fotoqrafiya kursunda təhsil alıb. 2012-ci ildən Beynəlxalq sərgilərə qatılır. Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti