Bakı. Trend:
Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra müasir dövlətimizin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri, siyasi uzaqgörənliyi nəticəsində güclü inkişaf yoluna istiqamətlənən ölkəmiz, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələrə ucalıb. Ulu öndərin Azərbaycan mədəniyyətinə, humanitar sahənin yaradıcılarına olan dərin rəğbəti və sənət sevgisi hazırda Prezident İlham Əliyevin timsalında özünü nümayiş etdirməkdədir.
Yanvarın 30-da Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 ili tamam olur. Bu illər ölkəmizin digər sferalarında olduğu kimi, mədəniyyət və turizm sahələrində də dinamik inkişafla müşayiət olunmuş, yaddaqalan uğurlar əldə edilmişdir. Təsadüfi deyil ki, bu illər ərzində sahənin inkişafı naminə Prezident İlham Əliyev tərəfindən 500-dən çox fərman və sərəncam imzalamışdır. Bu fərman və sərəncamlar nazirliyin fəaliyyət istiqamətini şərtləndirən, müəyyənləşdirən əsas amil olmuş, mədəniyyət və turizm siyasətinin hüquqi-qanunvericilik bazasını yeni sənədlərlə zənginləşdirmişdir. Teatr, kino, mədəni irs, turizm və s. sahələrdə dövlət başçısının tarixi əhəmiyyət daşıyan fərman, sərəncam və tapşırıqları yüzlərlə lazımi işlərin həyata keçirilməsinə şərait yaratmışdır.
Mədəniyyətimizin inkişafından danışarkən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın müstəsna xidmətləri xüsusi vurğulanmalıdır. Belə ki, həm ölkə, həm də beynəlxalq əhəmiyyətli tədbirlərin reallaşmasında birinci xanımın himayəçiliyi, gələcəyə hesablanmış uğurlu addımları və tarixi xidmətləri danılmaz faktdır. Onun böyük əməyinin, mədəniyyətə qayğısının, sənət sevgisinin nəticəsində Azərbaycan muğamı dünya musiqisinə çevrilmiş, Azərbaycan rəssamlıq inciləri qabaqcıl ölkələrdə nümayiş etdirilərək sənətsevərləri heyran qoymuşdur. Məhz Mehriban xanımın ardıcıl zəhməti və böyük xidmətləri hesabına Azərbaycan muğamı, aşıq, tar ifaçılığı, xalçaçılıq, Lahıc misgərlik sənətləri, Novruz bayramı, çövkən atüstü oyunu, kəlağayı simvolizmi YUNESKO-nun Qeyri-maddi mədəni irsin reprezentativ və təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, eləcə də görkəmli mədəniyyət və söz adamlarının yubileyləri beynəlxalq səviyyədə qeyd olunmuşdur. Bundan əlavə, Azərbaycanın möhtəşəm abidələri olan Qobustan Milli Tarix-Bədii Qoruğu və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Hazırda Azərbaycan beynəlxalq arenada siyasi-iqtisadi, mədəni qüdrətə sahibdir. Qədim tarixə, yüksək mənəvi dəyərlərə, sarsılmaz milli iradəyə malik ölkəmiz dünyanın aparıcı və mötəbər tədbirlərinin aparıcı qüvvəsinə çevrilməkdədir. Çoxlarına məlumdur ki, bu gün Azərbaycan mədəniyyəti və turizmi dayanıqlı və davamlı inkişaf dövrünü yaşayır. Mədəniyyət və turizm sahəsinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində atılan addımların sayı günü-gündən artır. Beynəlxalq əməkdaşlığın ən müxtəlif istiqamətlərində işlər aparılır və nəticədə mədəniyyətimizin sorağı dünyanın hər bir guşəsindən gəlir. Musiqimiz qitələri fəth edir, eləcə də milli mədəni irsimiz, filmlərimiz, nəşr nümunələrimiz dünyanın aparıcı ölkələrində nümayiş etdirilir.
***
Mədəniyyətimizin müxtəlif sahələrinə nəzər salsaq görərik ki, teatr, kino, musiqi və digər sahələrdə müşahidə olunan inkişaf, əldə olunan nailiyyətlər düşünülmüş, gələcəyə hesablanmış mədəniyyət siyasətimiz olmasının göstəricisidir.
140 ildən çox tarixi, böyük ənənələri olan Azərbaycan teatrı istər qanun bazasının təkmilləşdirilməsi, istər teatr binalarının abadlaşdırılması, istərsə də tamaşaçı maraqlarının qorunması baxımından irəliləyiş gücünü itirmir, əksinə, müasirlik prinsiplərini qoruyaraq tarixin bugünkü sınağından üzüağ çıxmağı bacarır.
Dövlətin teatra olan qayğısının nəticələrindən danışarkən ilk növbədə teatrın qanunvericilik bazasının gücləndirilməsi ilə bağlı görülən işləri qeyd etməliyik. Belə ki, 29 dekabr 2006-cı ildə "Teatr və teatr fəaliyyəti haqqında" Qanunun qəbul edilməsi, dövlət başçısının "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci il 19 fevral tarixli sərəncamına uyğun olaraq 2009-cu il 18 may tarixli sərəncamı ilə "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramını təsdiq edilməsi Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasına, qlobal və milli dəyərlərin təbliğinə, dünya mədəniyyətinə inteqrasiyasına, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsinə yönəlib. Dövlət Proqramının yerinə yetirilməsi istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan məqsədyönlü işlər Azərbaycan teatrının inkişafına yeni perspektivlər açır.
Bu gün respublikada 26 dövlət teatrı fəaliyyət göstərir. Teatr şəbəkəsinin müntəzəm və səmərəli fəaliyyətini təmin etmək məqsədilə bütün maliyyə, təşkilati və yaradıcılıq imkanlarından istifadə edilir. Dövlətlərarası mədəni əməkdaşlıq haqqında ikitərəfli sazişlərə uyğun olaraq respublika teatrları müxtəlif beynəlxalq festivallarda uğurla çıxış edirlər. "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının Tədbirlər Planına əsasən, keçirilən festivallar, müsabiqələr ölkəmizdə səhnə sənətinin inkişafına öz töhfəsini vermiş, beynəlxalq əməkdaşlığın dərinləşməsində mühüm rol oynayıb.
Bu illər ərzində teatrlarımız ABŞ, Hindistan, Gürcüstan, Ukrayna, Belarus, İsveç, Türkiyə, Rusiya, Özbəkistan, İran, Finlandiya, İsveçrə, Estoniya, Misir, Şri-Lanka, Bolqarıstan, Mərakeş, Polşa, Almaniya, Fransa, İtaliya, Avstriya ümumilikdə 28 ölkədə qastrol səfərlərində olublar.
Ölkəmizdəki yenidənqurma, abadlıq işləri, yeni binaların tikilməsi yaxın 10 il ərzində geniş miqyas almış, həm ölkəmizin əzəmətinin nümayişi, həm də sənət məbədlərinin daha rahat mühitdə fəaliyyət göstərməsi üçün əlverişli şərait yaradılmışdır. Təbii ki, vüsət alan bu yenidənqurma işləri teatr həyatında yaddaqalan olub. Ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən, teatr-konsert müəssisələrindən Azərbaycan Dövlət Kukla Teatrı, Dövlət Rus Dram Teatrı, Heydər Əliyev Sarayı, Gənc Tamaşaçılar Teatrı, Akademik Milli Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Dövlət Musiqili Teatrı, Şəki Dövlət Dram Teatrı əsaslı şəkildə təmir olunaraq istifadəyə verilib.
Bu illər ərzində Sumqayıt Dövlət Dram Teatrına, İrəvan Dövlət Azərbaycan Dram Teatrına, Şuşa Dövlət Musiqili Dram Teatrına, Dövlət Pantomima Teatrına binalar verilmiş, Gəncə Dövlət Kukla Teatrı təmir-bərpa işlərindən sonra fəaliyyətə başlayıb.
Teatr sahəsinə olan diqqətin daha bir təzahürü kimi isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında" 1 mart 2013-cü il tarixli sərəncamını qeyd etmək olar. Sərəncama uyğun olaraq 2013-cü il iyun ayının 25-də Heydər Əliyev Sarayında peşəkar milli teatrının yaranmasının 140 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib.
Teatrşünaslar, sənətsevərlər üçün əvəzsiz mənbələrin yaradılması yönündə görülən bir sıra işlər məhz yaxın 10 illiyin payına düşür. Bu illər ərzində teatr sənəti ilə məşğul olan alimlərin yazdığı "Dördüncü ölçünün rəngləri", "Tofiq Kazımovun rejissor dərsləri", "Mehdi müəmması", "Orta əsrlər yaxın və Orta Şərq ölkələrində teatrın təzahür formalarının poetikası", "Opera və Balet Teatrının 100 illiyi", "İrəvan teatrının 125 illiyi", "Milli Dram Teatrı" üçcildliyi, "Naxçıvan teatrının 125 illiyi", "Səhnə səadətimdir" və s. kitablar Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görüb.
Teatr sahəsində beynəlxalq əməkdaşlığı və dünya teatr ənənələrinin öyrənilməsi, əcnəbi təcrübələrin əxz olunması baxımından da yaxın illərdə bu istiqamətdə görülən işləri əhəmiyyətli hesab etmək olar. Bu illər ərzində xarici mütəxəssis və qurumlarla bir sıra müştərək teatr layihələri də həyata keçirilib.
Ötən il ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi "Bakı-2015" ilk Avropa Oyunları zamanı Bakı şəhərində fəaliyyət göstərən teatr-tamaşa müəssisələri repertuarlarında olan ən maraqlı tamaşaları Azərbaycan, ingilis və rus dillərində hərəkət edən sətirlər vasitəsilə tamaşaçılara təqdim edib.
***
Son 10 il ərzində musiqi sahəsində görülən işlər təkcə miqyasına görə deyil, əhatəliliyinə görə də təqdirəlayiq sayıla bilər. 2006-2015-ci illər ərzində Azərbaycan musiqi sənətinin inkişafı, dünyada təbliği, bəstəkar, dirijor, musiqiçilərin yaradıcılığının dəstəklənməsi istiqamətində də bir sıra layihələr həyata keçirilib.
Ötən dövr ərzində bu sahədə keçirilən respublika və beynəlxalq əhəmiyyətli konsertlərin, festivalların, müsabiqələrin sayı 1500-dən çox olmuş, Azərbaycan musiqi mədəniyyəti üçün rəngarəng, irimiqyaslı, nüfuzlu layihələr, tədbirlər həyata keçirilmişdir. Heydər Əliyev Fondunun silsilə tədbirləri, xarici ölkələrdə Azərbaycan mədəniyyəti günləri, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı, Rostropoviç Beynəlxalq Musiqi Festivalı, Bakı Caz Festivalı, görkəmli mədəniyyət xadimlərinin yubileyləri ölkəmizin getdikcə artan nüfuzu və potensialının mədəniyyət sahəsindəki təzahürüdür.
YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilən muğam sənətinin beynəlxalq miqyasda tanıdılması, təbliği və inkişaf etdirilməsi məqsədilə son illər respublikamızda "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı, elmi simpozium və gənc muğam ifaçıları arasında beynəlxalq müsabiqəsinin keçirilməsi 2009-cu ildən başlayaraq artıq ənənəyə çevrilmişdir. Festivallar çərçivəsində nəzəri müzakirələr keçirilir, gənc istedadların müsabiqəsi təşkil edilir, klassik muğamların ifası dinlənilir, opera sənətimizin ən populyar nümunələri, simfonik muğam əsərləri səslənir və etno-caz ifa olunur.
Hazırda Azərbaycan dünyanın musiqi mərkəzlərindən birinə çevrilmişdir. Beynəlxalq festivallar, dünya səviyyəli musiqi tədbirləri üçün ölkəmiz doğma vətəndir. 2009-cu ildən başlayaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə yeni bir musiqi ənənəsinin təməli qoyuldu. Dünyanın neçə-neçə məşhur orkestrləri, dirijorları, ifaçıları Qəbələ festivallarının biri-birindən rəngarəng və maraqlı proqramlarının iştirakçısı olurlar. Belə möhtəşəm musiqi bayramı beynəlxalq miqyasda böyük uğur qazanaraq öz siması, dəst-xətti ilə artıq təkcə Azərbaycanda deyil, dünyada tanınan Yay festivallarından biri kimi məşhurlaşmışdır. Bu festival Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən çoxsaylı mədəniyyət layihələrindən biri olaraq Azərbaycan mədəniyyətinin inkişafı və təbliğini yeni, yüksək bir səviyyəyə qaldırıb.
10 il ərzində Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələri Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Bülbül, Rauf Hacıyev, Soltan Hacıbəyov, Səid Rüstəmov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Rəşid Behbudov və onlarla başqa tanınmış incəsənət xadimlərinin yüksək səviyyədə yubiley gecələri keçirilib.
Musiqi mədəniyyətimizin dünya musiqisi ilə daha yaxın təması, bu sahədəki iş birlikləri son illərdə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüs göstərdiyi əsas məsələlərdən biridir. Nazirliyinin təşəbbüsü ilə aparıcı orkestrlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, mütəmadi olaraq xarici ifaçılar və dirijorlarla birgə iş prosesinin təşkili məqsədilə kollektivlərin iştirakı ilə beynəlxalq layihələr reallaşdırılıb.
Ötən dövr ərzində nazirliyin dəstəyi ilə Azərbaycan Dövlət Filarmoniyası, Dövlət Nəfəs Alətləri Orkestri, Dövlət Uşaq Filarmoniyası, Dövlət Mahnı Teatrı, "Qaya" Dövlət Ansamblı, Bakı Dövlət Sirki, Beynəlxalq Muğam Mərkəzi, Gəncə Dövlət Filarmoniyasının maddi-texniki bazaları əhəmiyyətli dərəcədə gücləndirilmiş, yüksək keyfiyyətli musiqi alətləri alınmışdır.
Musiqi ənənələrinə, yeni nəsli Azərbaycan musiqi ustalarının əsərlərinə qaytarmaq, həmin əsərlərin insanların qəlbində daha unudulmaz edilməsi böyük əhəmiyyətə malikdir. 2014-cü ildə uzun fasilədən sonra Rusiya Akademik Böyük Teatrının səhnəsində görkəmli bəstəkar, SSRİ Xalq artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin bərpası böyük uğurla həyata keçirilib.
Həmçinin TÜRKSOY-un təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2009-cu ildə Azərbaycan milli opera sənətinin şah əsəri olan "Koroğlu" operası beynəlxalq layihə əsasında tamaşaya qoyulmuşdur. Layihədə Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Tatarıstan, Başqırdıstan musiqiçiləri iştirak etmişlər. "Koroğlu" tamaşası Bişkek, Almatı, Ankara, İstanbul və Bakıda göstərilib.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradıcı gənclərin aşkar edilməsi, onların inkişafının istiqamətləndirilməsi, peşə hazırlığının yüksəldilməsi məqsədilə ixtisasartırma kursları, ustad dərslərinin təşkili, gənclərin xarici ölkələrin nüfuzlu tədris müəssisələrində təhsil almaları, təlim kurslarında, ustad dərslərində, habelə müsabiqə, festival və sərgilərdə iştirak etmələrinə dəstək göstərilməsi görülən işlərin tərkib hissəsidir.
***
Mədəni sferanın son 10 ildəki inkişafı təsviri və dekorativ sənət sahələrindən də yan keçməmiş, bu müddət ərzində Azərbaycan təsviri sənətinin tərəqqisi, dünyada təbliği, gənc rəssamların yaradıcılığının dəstəklənməsi istiqamətində də bir çox məqsədyönlü işlər görülmüşdür. Ötən on ildə keçirilən respublika və beynəlxalq əhəmiyyətli sərgilərin sayı 500-ü ötüb.
Bu illərdə Azərbaycan rəssamlarının əsərləri Almaniya, ABŞ, Rusiya, Türkiyə, İran, Fransa, İsveçrə, İtaliya, Niderland, Sloveniya, Misir, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Ukrayna, Moldova, Özbəkistan, Braziliya, Çin, Avstriya, Portuqaliya və s. kimi ölkələrin ən nüfuzlu sərgi salonları, muzey və qalereyalarında nümayiş etdirilib.
Azərbaycan incəsənətinin tanınmış nümayəndələrindən Mikayıl Abdullayev, Fuad Əbdürrəhmanov, Toğrul Nərimanbəyov, Böyükağa Mirzəzadə, Kamil Nəcəfzadə, Maral Rəhmanzadə, Elbəy Rzaquliyev, Oqtay Sadıqzadə, Cavad Mircavadov, Fərhad Xəlilov, Mirnadir Zeynalov, Ağaəli İbrahimov və onlarla başqalarının yubiley sərgiləri yüksək səviyyədə keçirilmiş, sərgilərə aid nəfis tərtibatlı kataloq və kitablar çap edilmişdir. Bununla yanaşı, Xalq rəssamı Mikayıl Abdullayevin 80 illik yubileyi Moskvada Rusiya Rəssamlıq Akademiyasında, Xalq rəssamı Hüseyn Əliyevin 100 illiyinə həsr olunmuş sərgi isə Monteneqronun Bar şəhərindəki Kral Nikolayın sarayında təşkil edilib.
Azərbaycan Prezidentinin sərəncamlarına əsasən, dahi rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyi YUNESKO səviyyəsində qeyd edilmişdir. SSRİ Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahovun 2008-ci ilin noyabrında Bakıda, 2009-cu ilin yanvarında isə Moskvada 80 illik yubiley tədbirləri keçirilib.
Gənc rəssamların yaradıcılığının dəstəklənməsi və tanıdılması, istedadlı gənclərin aşkarlanması məqsədi ilə onların əsərlərindən ibarət müxtəlif sərgilər təşkil olunmuş, kataloqlar çap edilib.
***
Azərbaycan mədəniyyət sahələrində əldə edilən uğurlar sırasında muzey işinin də özünəməxsus rolu var. Digər sahələrdə olduğu kimi, ötən 10 il ərzində muzey sahəsində də nailiyyətlər qazanılmışdır.
Dövlət başçısının "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" 6 mart 2007-ci il tarixli və 22 may 2009-cu il tarixli sərəncamları ilə təsdiq edilmiş "Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeniavadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı"nın icrası ilə bağlı nazirlik, yerli mədəniyyət və turizm idarə və şöbələri tərəfindən Bakı şəhərində, eləcə də regionlarımızda muzeylərin müasir standartlara uyğun təmiri, onların maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Eyni zamanda tarix-diyarşünaslıq muzeylərində, tarixi şəxsiyyətlərin ev-muzeylərində əsaslı təmir və yenidənqurma işləri aparılıb.
Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən, ulu öndərin dühasını əks etdirən Heydər Əliyev muzeyləri nazirliyin müvafiq əmrinə əsasən 1 fevral 2012-ci il tarixindən Heydər Əliyev mərkəzləri adlandırılmışdır. Hazırda ölkəmizdə 60 Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Mərkəzlərin əksəriyyətində elektron kitabxanalar, kompüter və iclas zalları, dil kursları, tətbiqi sənət, aviamodelizm, rəqs və s. dərnəklər fəaliyyət göstərir.
26 avqust 2014-cü il tarixində Azərbaycan Xalça Muzeyinin yeni binasının açılış mərasimi keçirilmişdir. Orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Hazırda muzeyin sərgi və fondlarında 10 mindən çox eksponat və əşya saxlanılır.
***
Azərbaycan xalqının qədim, rəngarəng qeyri-maddi mədəni irsi minilliklər boyu millətin mentalitetini və şüurunu formalaşdıran əsas amillərdən biri olmaqla, xalq yaradıcılığının nailiyyətlərini özündə ehtiva edən unikal bəşəri fenomendir. Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması, dəstəklənməsi, təbliği və təşviqi istiqamətində aparılan əsaslı və hərtərəfli islahatlar uğurla davam etdirilir.
Azərbaycanın qeyri-maddi mədəni irsinin dəstəklənməsi işində müasir formaların tətbiq edilməsi məqsədilə nazirlik tərəfindən "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" proqramı təsdiq edilmişdir. Proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə 2010-cu ildə Gəncə - Azərbaycanın "Əfsanələr paytaxtı", Şəki - "Sənətkarlıq paytaxtı", Qazax - "Folklor paytaxtı", 2011-ci il üçün Şabran - "Əfsanələr paytaxtı", Lənkəran - "Folklor paytaxtı", İsmayıllı - "Sənətkarlıq paytaxtı", 2012-ci il üçün Gədəbəy - "Əfsanələr paytaxtı", Masallı - "Folklor paytaxtı", Quba - "Sənətkarlıq paytaxtı", 2013-cü il üçün Xaçmaz - "Əfsanələr paytaxtı", Zaqatala - "Folklor paytaxtı", Göygöl - "Sənətkarlıq paytaxtı", 2014-cü il üçün isə Qəbələ - "Əfsanələr paytaxtı", Balakən - "Folklor paytaxtı" və Abşeron - "Sənətkarlıq paytaxtı" elan olunmuşdur. "Paytaxt" seçilmiş şəhər və rayonlarda nominasiyaya uyğun olaraq təntənəli mərasimlər, respublika və beynəlxalq səviyyəli elmi-praktik konfranslar, dəyirmi masalar, konsertlər, müsabiqələr, festivallar, sərgilər, yarmarkalar və s. tədbirlər təşkil edilib.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı şəhərində "Azərbaycan - doğma diyar" devizi altında 2006, 2008, 2011 və 2014-cü illərdə keçirilmiş milli azlıqların incəsənəti festivalları respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalmışdır. Festivallarda Bakı şəhərində və respublikamızın 15-dək rayonunda fəaliyyət göstərən və Azərbaycanın, demək olar ki, bütün milli azlıq və etnik qruplarını təmsil edən 40-dan çox kollektiv iştirak edib.
***
Tarixi ənənələrə, milli köklərə diqqət və qayğı göstərən dövlətimiz keçmişə sədaqətdə də daim nümunə göstərməyi bacarır. Xalqın milli ruhuna bağlılığı isə heç bir ənənənin unudulmasına izin vermir, dəyərlərimizin gələcəyə ünvanlanmasına, yetişməsinə kömək olur. Sevindirici haldır ki, son illər ölkəmizdə qədim tarixə malik atçılıq ənənələrinin bərpasına da xüsusi diqqət göstərilir. Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə 2006-cı ildə Şəki Atçılıq Turizm Mərkəzinin və 2007-ci ilin fevralında isə onun əsasında Respublika Atçılıq Turizm Mərkəzinin yaradılması nəinki çövkən və digər milli atüstü oyunlarının bərpasına, həmçinin 2013-cü ildə çövkən -Qarabağ atüstü oyun ənənəsinin YUNESKO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinə və Azərbaycanda atüstü oyunların inkişafına şərait yaradıb.
Azərbaycan xalqının qeyri-maddi mədəni irsinin ayrılmaz hissəsi olan milli atüstü oyunların bərpası, təbliği və inkişaf etdirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Respublika Atçılıq Turizm Mərkəzində hər ilin dekabr ayında Prezident Kuboku uğrunda çövkən milli oyunu və may ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Milli Atüstü Oyunlar Festivalı keçirilir. Ötən 10 il ərzində tədbirlərdə iştirak edən komandaların sayı 3 dəfə artaraq 8-dən 24-ə çatmışdır. Əgər 2006-cı ildə yalnız çövkən milli oyunu üzrə yarış keçirilirdisə, 2015-ci ildə artıq sürpapaq, papaq, baharbənd, yaylıq və güc sınağı kimi xalqımızın qədim milli atüstü oyunları üzrə də yarışlar təşkil edilir.
***
Azərbaycan mədəni irsinin qədimliyinin, özünəməxsusluğunun qorunub-saxlanılması, tarix-mədəniyyət abidələrinin öyrənilməsi və mühafizəsi ilə bağlı müvafiq tədbirlər görülməsi, bu sahədə bir sıra diqqətəlayiq nəticələrin əldə edilməsi yaxın tarixin uğur səhifələrindəndir.
Dövlət başçısının mədəni irsin qorunmasının reallaşması üçün imzaladığı sərəncamların hər biri tarixi əhəmiyyət daşıyır. Xüsusi önəm kəsb edən tarixi ərazilərin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə Azərbaycan Prezidentinin 2 may 2007-ci il tarixli sərəncamı ilə Abşeron rayonunun Məmmədli kəndində "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət, 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə Ağstafa rayonunda "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət və Quba rayonunda "Xınalıq" Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə Bakının Suraxanı rayonunda "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq qoruqları elan edilib.
Ölkəmizdə hər sahədə davam edən islahatlar, şübhəsiz ki, mədəni irsin qorunmasına dair işlərdən də yan keçməyib. Belə islahatlardan biri də bu sahədə xüsusi Dövlət Proqramının təsdiq olmasıdır.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci ildə müvafiq fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsaslanaraq 27 dekabr 2013-cü il tarixli 800 nömrəli Sərəncamı ilə "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın qəbul edilməsi milli-mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olub.
Dövlət Proqramının müvəffəqiyyətlə həyata keçirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi yanında Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2014-cü il tarixli fərmanı ilə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılıb.
***
Mədəniyyət və Turizm Nazirliyi yarandığı ilk dövrdən başlayaraq kino sahəsinin inkişaf etdirilməsi, bu istiqamətdə fəaliyyətin müasir tələblər səviyyəsində qurulması, onların işinin əlaqələndirilməsi və nəzarətin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Kinematoqrafiyanın istehsalat, texniki, informasiya, hüquqi və maddi bazasının möhkəmləndirilməsi, eləcə də maarifləndirmə işinin gücləndirilməsi məqsədilə Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş və kino tariximizdə ilk genişmiqyaslı sənəd olan "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın müstəsna əhəmiyyəti var. Hazırda icrası davam edən həmin proqram çərçivəsində bir sıra iri layihələr, mühüm məqsədyönlü tədbirlər həyata keçirilir.
Azərbaycan kinosunun son illərdə yüksəldiyi zirvəni, keyfiyyət və kəmiyyət fərqlərini bu rəqəmlər daha aydın göstərmək gücündədir. Belə ki, 2006-2015-ci illər ərzində 39 tammetrajlı bədii film çəkilmişdir. Müqayisə üçün: 1996-2005 illər ərzində bundan 2,5 dəfə az - 16 film çəkilib. 1996-2005-ci illərdə 4 qısametrajlı bədii film çəkildiyi halda, son 10 ildə həmin formatda 48 film istehsal olunub.
2006-cı ildən etibarən gənc kinematoqrafçılarla aparılan iş ən vacib məsələlərdən biri kimi gündəliyə daxil edilib. Gənc istedadlı kinematoqrafçıları aşkar etmək məqsədilə 2006-2011-ci illərdə təşkil olunmuş "Bu meydan, bu ekran" müsabiqələrini qeyd etmək lazımdır. Bu layihə çərçivəsində yeni adlar kəşf olunmuş, müsabiqənin qaliblərinə film çəkmək etibar edilmişdir. Müsabiqədə uğur qazanmış "Ev", "Koramal", "Mayak" və bir sıra başqa filmlər 30-a qədər ölkədə keçirilən 47 beynəlxalq kinofestivalın müsabiqələrinə qatılmış, mükafatlar qazanıblar.
Bu gün az qala dünyanın dörd bir tərəfində keçirilən kinofestivallarda Azərbaycan kinosu izlənilir. Ölkəmizin mədəniyyəti, adət-ənənəsi, milli gücü dünya xalqlarına nümayiş etdirilir. Nailiyyətlərin çoxşaxəli olması onu göstərir ki, kino hərtərəfli inkişaf edir, uğurlara imza atır, fəzasını genişləndirir. Vacib nailiyyətlərindən biri bədii kinoda debüt filmlərinin sayının xeyli artırılmasıdır. Belə ki, 64 rejissor özünün ilk tammetrajlı və ya qısametrajlı bədii filmlərini çəkib.
Kino sahəsində yüksəkixtisaslı kadrların yetişdirilməsi, bu sahənin gələcək inkişafının qarantıdır. Təbii ki, nazirlik bu məsələni də diqqətdə saxlayır. Yaxın illərdə kino peşələri üzrə yüksəkixtisaslı kadrların çatışmazlığını nəzərə alaraq, bir sıra gənclər təhsil almaq üçün nazirlik tərəfindən Rusiya, Türkiyə, Kanada və İngiltərəyə göndərilib.
2006-2015-ci illər ərzində Azərbaycan kinosu dünyanı "gəzmiş", hər yana səs salmağı bacarmışdır. Belə ki, bu illər ərzində dövlət sifarişi ilə istehsal edilmiş bədii və sənədli filmlərin xaricdə keçirilən beynəlxalq festivallarda iştirakını təmin etmək məqsədilə nazirlik tərəfindən müəyyən işlər görülmüşdür. Filmlərimiz beş qitəni əhatə edən 40-dan artıq ölkədə 100-dən çox festivalda iştirak etmişdir. Bunlardan "A" kateqoriyalı Kann, Venesiya, Karlovı Varı, Berlin festivallarını xüsusilə vurğulamaq olar. Festivallarda milli kinomuzu həm dövlət studiyalarında, həm də nazirliyin sifarişi əsasında özəl prodüser mərkəzlərində çəkilmiş müxtəlif filmlər təmsil etmişdir. Onların arasında "40-cı qapı", "Buta", "Ev", "Nabat", "Sonuncu", "Çölçü", "Axınla aşağı" və başqalarını qeyd edə bilərik. 2011-2015-ci illərdə Kann kinofestivalında Azərbaycanı təmsil edən xüsusi pavilyon fəaliyyət göstərib.
***
Qloballaşan dünyada mədəniyyətlərin inteqrasiyası mühitində çap məhsulları, elektron kitablar əsas intellektual ünsiyyət və mədəniyyət vasitəsidir. Bəşəri dəyərlərin, yeniləşən texnologiyaların, müasirliyin əhəmiyyətini qiymətləndirən ölkə rəhbərliyi tərəfindən intellektual ünsiyyətə və mədəniyyətə yüksək qiymət verilir, kitab sərvətimizin yayılması istiqamətində ardıcıl addımlar atılır. Azərbaycanın qlobal informasiya mühitinə daxil olması, ölkədə informasiya cəmiyyətinin formalaşması, informasiya resurslarını qoruyan və onun təminatını həyata keçirən kitabxanaların fəaliyyətində əsaslı islahatların aparılmasını zəruri edib.
Bu gün ölkəmizdə kitabxana-informasiya sahəsində aparılan islahatlar, görülən işlər nəticəsində respublika kitabxanaları istər mənbələrin zənginliyi, istər binalarındakı şərait, istərsə də müasirlik baxımından dünyanın qabaqcıl ölkələri ilə müqayisə edilə bilər.
Hazırda Mədəniyyət və Turizm Nazirliyinin kütləvi kitabxanalar şəbəkəsinə 3000-ə yaxın kitabxana daxildir. Respublikanın kitabxana fondlarında 40 milyona qədər kitab, jurnal, qəzet və digər informasiya daşıyıcıları mühafizə olunur. Kitabxana-informasiya sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 aprel 2007-ci il tarixdə "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması barədə", 6 oktyabr 2008-ci il tarixdə "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə müvafiq sərəncamlar imzalanmışdır. Sözügedən Dövlət Proqramı təkcə Mədəniyyət və Turizm Nazirliyinin kitabxana-informasiya şəbəkəsini deyil, respublikanın bütün kitabxana şəbəkəsini əhatə edib.
Yaşadığımız əsrin reallığı müasir texnologiyalardan istifadə edərək işlərimizin daha sürətlə həyata keçirilməsini tələb edir. Elektron kitabxanalar isə bu baxımdan bütün oxuculara gözəl imkanlar yaradır. Dövlətin bu sahədə ardıcıl addımları kitabı oxuculara daha da yaxınlaşdırmışdır. Örnək üçün "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan) yerinə yetirilməsi ilə əlaqədar görülən işləri göstərmək olar. 2006-2013-cü illərdə bütün şəhər və rayon mərkəzi kitabxanalarının internet saytlarının yaradılaraq oxucuların istifadəsinə verilməsini də uğur kimi qeyd etmək olar.
Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində bir sıra layihələr gerçəkləşdirilmiş, dünyanın öncül kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalanmışdır. Nazirliyin təklifi ilə xarici ölkələrin milli kitabxanalarında "Azərbaycan guşələri" təşkil olunmuş, insanların ölkəmiz haqqında hərtərəfli məlumat əldə etməsinə şərait yaradılıb.
Bundan əlavə, respublikada kənd kitabxanalarının fəaliyyətini yaxşılaşdırmaq və müasir dövrün tələblərinə uyğunlaşdırmaq məqsədilə nazirlik tərəfindən "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kitabxana-informasiya şəbəkəsinə daxil olan kənd kitabxana filiallarının fəaliyyətinin yaxşılaşdırılmasına dair Tədbirlər Planı (2015-2017-ci illər)" hazırlanıb.
Nazirliyin ALISA (Automated Library Information System of Azerbaijan) - mərkəzləşdirilmiş elektron kitabxana sistemi də ölkəmizdə bu sahənin inkişafına mühüm töhfələr verməkdədir.
***
Mədəniyyət və turizm sahələrinin davamlı inkişafı üçün əsas təminatlardan biri də təhsil sistemidir. Məhz bu sahələrdə keyfiyyətli təhsilin olması, peşəkar kadrların hazırlanması mədəniyyət və turizmin gələcək inkişafına xidmət edir. Bu səbəbdən də dövlətimiz daim təhsilə və elmə qayğısını əsirgəmir. Azərbaycanda turizm sahəsinin, habelə turizm təhsilinin sürətli inkişafını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 25 avqust tarixli sərəncamına əsasən, Azərbaycan Turizm İnstitutunun yaradılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli 45 nömrəli qərarı imzalanıb.
Dövlət başçısının 2014-cü il 22 dekabr tarixli sərəncamı ilə Azərbaycan Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) yaradılmışdır. 2006-cı ildə Mingəçevir Turizm Kollecinin, 2011-ci ildə Bakı Turizm Peşə Məktəbinin yaradılması da bu sahədə mütəxəssis hazırlığına verilən önəmin göstəricisidir. Sevindirici haldır ki, bu gün artıq mədəniyyət sahəsində təhsil verən institutlar universitetlərə, məktəblər akademiyalara çevrilir. Belə ki, Bakı Xoreoqrafiya Məktəbi 85 il ərzində respublikada balet və xalq rəqsi sahəsində artist kadrları hazırlayan yeganə orta ixtisas təhsili müəssisəsi kimi fəaliyyət göstərmiş, Azərbaycan Prezidentinin 2014-cü il 30 aprel tarixli 419 nömrəli sərəncamı ilə məktəbin bazasında ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyası yaradılıb.
Mədəniyyət və turizm sahəsində beynəlxalq əlaqələrin qurulması, inkişafı və davamlılığı dövlət siyasətinin tərkib hissəsidir. Dünya ölkələri ilə müvafiq sahələrdə qurulan əmək-daşlıq, qarşılıqlı siyasi-mədəni əlaqə və yaradılan dostluq mühiti ölkəmizin demokratik dəyərlərə olan diqqət və marağından xəbər verir. Mədəniyyət və turizm sferasında da beynəlxalq əməkdaşlıq günü-gündən daha geniş vüsət alır. Tam qətiyyətlə demək mümkündür ki, mədəniyyət və turizm sahələrində xarici siyasət strategiyasının əsas prioritetləri olan həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi istiqamətində son on il ərzində mühüm tədbirlər həyata keçirilib.
10 il ərzində dünyanın müxtəlif ölkələrlə mədəniyyət və turizm sahələrində ümumilikdə 70 beynəlxalq müqavilə imzalanıb. Müqavilələrdən 51-i mədəniyyət, 19-u isə turizm sahəsində əməkdaşlıq haqqındadır. İkitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası üçün əməkdaşlıq baxımından prioritet hesab olunan bir sıra ölkələr arasında Hökumətlərarası Komissiyalar yaradılıb.
***
Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində bu gün ölkəmiz dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir. Azərbaycan dövləti və şəxsən ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə "Bakı Prosesi" təşəbbüsü irəli sürülüb.
"Bakı Prosesi" çərçivəsində ilk dəfə 2008-ci ilin 2-3 dekabr tarixində paytaxtımızda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransı keçirilib. 2010-cu ildə isə bu regional təşəbbüs qlobal hərəkata çevrilməyə başlayıb. Həmin ilin 23 sentyabr tarixində BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında Prezident İlham Əliyev tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi elan edildi. Beləliklə, 7-9 aprel 2011-ci il tarixində Bakıda I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil olunub.
"Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" şüarı altında 2013-cü ilin 29 may - 1 iyun tarixlərində 2-ci və 18-19 may 2015-ci il tarixində isə "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" mövzusunda 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu gerçəkləşib.
***
Hər sahədə olduğu kimi, turizm sahəsində də müasir dövrün tələblərinə uyğun işlərin aparılması son illər dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. Xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədilə ölkə Prezidentinin müvafiq sərəncamı ilə 2011-ci il Azərbaycan Respublikasında "Turizm ili" elan edilib.
Turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsi nəticəsində əldə olunmuş uğurlardan, bu sahədəki dinamik inkişafdan danışarkən, dəqiq statistikalara müraciət daha məqsədəuyğundur. 2005-ci ildə ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin sayı 197 olduğu halda, bu gün onların sayı 285-i keçib. 2005-ci ildən bu günə qədər ölkədəki mehmanxanaların sayı 262-dən 535-ə, yerləşdirmə vasitələrində yerlərin sayı 22 492-dən 35 652-yə qədər artıb.
Azərbaycanda turizmin davamlı inkişafı beynəlxalq reytinqlərdə də özünü doğruldub. Dünya İqtisadi Forumunun (DİF) 2013-2014-cü illər üzrə "Səyahət və Turizm Rəqabətliliyi Hesabatı"nda ölkəmiz insan resursları, əmək bazarı, təhlükəsizlik və əmin-amanlıq göstəricilərinə görə 141 ölkə arasında 36-cı, biznes mühitinə görə 65-ci yeri tutub.
Qusarda "Şahdağ" Turizm Mərkəzi, Qəbələdə "Tufandağ" qış-yay turizm kompleksinin yaradılması ölkəmizdə turizmin mövsümiliyinin aradan qalxmasına səbəb olub. Azərbaycanda işgüzar (MİCE) turizmin inkişaf etdirilməsi məqsədilə dövlət və özəl sektorun partnyorluq modeli üzrə Azərbaycan Konqreslər Bürosu yaradılıb. Bununla yanaşı turizm sahəsində əməkdaşlığın gücləndirilməsi, icma əsaslı yaşıl kənd və sağlamlıq turizminin inkişafının dəstəklənməsi məqsədilə Azərbaycan Turizm Assosiasiyası (AZTA), "Kənd Yaşıl Turizminin İnkişafına Dəstək" İctimai Birliyi və "Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək" İctimai Birliyi təsis edilib.
"Şahdağ" Turizm Mərkəzinin tikilib istifadəyə verilmiş obyektlərinin idarə olunmasını təmin etmək məqsədilə dövlət başçısının 10 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində "Şahdağ Turizm Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.
Məlumdur ki, istənilən sahədə məqsədyönlü təbliğat uğurun gələcək təminatına çevrilir. Son 10 il ərzində dünyanın qabaqcıl ölkələrindəki turizm sərgilərində iştirak bu sahədəki davamlı və mütəşəkkil bir siyasətin gerçəkləşdiyindən xəbər verir. Belə ki, Mədəniyyət və Turizm Nazirliyi 2006-cı ildən etibarən 28 ölkədə keçirilən beynəlxalq turizm sərgilərində milli stendlərlə təmsil olunub. Son beş il ərzində sərgilərdə nazirliklə yanaşı, 40 yerli turizm şirkəti və 16 mehmanxana mütəmadi təmsil olunub.
Turistlərin ölkəmizdə rahat və səmərəli səyahətinin təşkilinə yeni imkanlar verən, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "SİNAM" MMC tərəfindən yaradılmış "GoMap.az - Turizm məqsədli Coğrafi İnformasiya və Naviqasiya Sistemi" Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda bulud texnologiyaları əsasında yaradılmış ilk elektron xəritədir. Sistem Azərbaycan Respublikası Nazirlər Kabinetinin17 oktyabr 2012-ci il tarixli 235 nömrəli Qərarına əsasən "Elektron xidmət növlərinin Siyahısı"na daxil edilib.
Ötən müddət ərzində xarici televiziyalarla daimi əməkdaşlığın nəticəsində ölkəmizin turizm imkanları dünyanın əksər ölkələrində yaşayan insanlara çatdırılıbr. 2006-cı ildən etibarən Azərbaycanla bağlı reklam çarxları hazırlanıb, bu məqsədlə Rusiyanın "NTV", Azərbaycanın "MaxMedia", "Salnamə", "Cinex" şirkətləri tərəfindən çəkilişlər aparılıb. Həmin ildən başlayaraq dünyanın aparıcı televiziya kanallarında ("CNN", "Euronews" "National Geographic", "Travel Channel", "BBC" və "CNBC", "World Travel Channel", "TV5 Monde", "France 24", "CTC", "Россия 1", "Моя планета", "CNN türk" və s.) ölkəmiz haqqında reklam çarxları yayımlanıb. Ümumilikdə 2006-cı ildən etibarən Azərbaycan, türk, ingilis, rus, fransız, ərəb, alman, çin, Koreya, yapon dillərində 62 növ reklam-çap məhsulu hazırlanıb.
Nazirliyin mətbu orqanı olan "Mədəniyyət" qəzetinin əlavəsi kimi 2014-cü ilin aprel ayından Azərbaycan, ingilis və rus dillərində çap olunan "Baku Guide" bələdçi kataloqu da ölkəmizin turizm potensialının, mədəniyyətinin təbliği missiyasını layiqincə yerinə yetirməyə çalışır.
***
Ötən dövr ərzində dövlət başçısı tərəfindən orden, medal və fəxri adlarla təltif olunmuş 836 nəfər mədəniyyət və incəsənət xadiminə təltif və mükafatlar təqdim edilib. Onlardan 19 nəfər "Şərəf" ordeni, 36 nəfər "Şöhrət" ordeni, 4 nəfər "Dostluq" ordeni, 2 nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 21 nəfər "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, 45 nəfər "Tərəqqi" medalı ilə təltif olunmuş, 69 nəfər "Xalq artisti", 2 nəfər "Xalq rəssamı", 76 nəfər "Əməkdar incəsənət xadimi", 301 nəfər "Əməkdar artist", 35 nəfər "Əməkdar rəssam", 27 nəfər "Əməkdar müəllim", 182 nəfər "Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüş, 9 nəfər isə "Fəxri diplom"la mükafatlandırılıb. Bunlarla yanaşı, bu illər ərzində Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyasının qərarı ilə mədəniyyət və turizm sahəsində səmərəli xidmətlərinə görə 183 əməkdaş "Fəxri mədəniyyət işçisi" və 26 əməkdaş "Fəxri turizm işçisi" döş nişanları ilə təltif edilib.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsi