...

Habib Saherin “Bu da keçər” adlı fərdi sərgisi açılır

Mədəniyyət Materials 19 Fevral 2016 12:02
YARAT Müasir İncəsənət Məkanı, ARTIM layihəsi çərçivəsində elan olunmuş açıq müsabiqənin yekunlarına əsaslanan silsilə sərgilərin başlanması barədə böyük məmnunluqla xəbər verir.
Habib Saherin “Bu da keçər” adlı fərdi sərgisi açılır

Trend-i buradan izləyin

Bakı. Trend:

YARAT Müasir İncəsənət Məkanı, ARTIM layihəsi çərçivəsində elan olunmuş açıq müsabiqənin yekunlarına əsaslanan silsilə sərgilərin başlanması barədə böyük məmnunluqla xəbər verir. Başlanan sərgilər proqramının təntənəli açılışında silsilənin ilk ekspozisiyası - Habib Saherin "Bu da keçər" adlı fərdi sərgisi təqdim olunacaq.

19 fevral - 13 mart tarixində keçiriləcək "Bu da keçər" sərgisinin ilham qaynaqları müxtəlifdir. Bunların arasında mövcudluğun faniliyi, əcəlin qaçılmaz olması və "ömür" adlanan o qısaca zaman kəsiyinin gözəlliyi barədə düşüncələri paylaşan qum mandalası (mandala - hinduizm və buddizmdə kainatı təmsil edən dini simvol) sənətini və Ömər Xəyyamın rübailərini qeyd etmək olar. Sənətkar heykəltəraşlığı cismani olan hər şeyin metaforası kimi görür: onun sərgiyə çıxardığı əsərlər sərgi müddəti ərzində öz-özünə dağılmalıdır. 1960-cı illərin avto-destruktivizm cərəyanına xeyli meyl göstərən sənətkar sənət əsərinə maddi dəyər gözü ilə baxmaq məntiqinə qarşı çıxır, incəsənət nümunələrinin daha çox ruh və fəlsəfə baxımından sərvət olduğunu vurğulamaq istəyir.

Sərgini müşayiət edən bir sıra tədbirin, o cümlədən rəssamla görüş, film nümayişi və poetik qiraət gecəsi kimi tədbirlərin ARTIM auditoriyasında keçirilməsi də nəzərdə tutulmuşdur.

Habib Saher (1986-ci il təvəllüdlü) Bakıda yaşayan İran əsilli rəssamdır. Bakıdakı İncəsənət Akademiyasının məzunudur: heykəltəraşlıq üzrə bakalavr və magistr dərəcələrini burada qazanmışdır. Habib Saherin iştirak etdiyi sərgilər arasında həm Bakıda, həm də xaricdə keçirilmiş bir sıra sərgi olmuşdur, o cümlədən: Beynəlxalq "Səməni" İncəsənət Sərgisi - Heydər Əliyev Mərkəzində, "Caspian" İncəsənət Sərgisi, "Zavod" Müasir İncəsənət Sərgisi və "Summer Group Show" sərgisi - "Seed Corn" Qalereyasında (Berkli şəhəri, Kaliforniya, ABŞ).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti