...

Gənc Tamaşaçılar Teatrı iki Beynəlxalq festivala gedir (FOTO)

Mədəniyyət Materials 23 May 2016 14:58 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti iki beynəlxalq tədbirə hazırlaşır.
Gənc Tamaşaçılar Teatrı iki Beynəlxalq festivala gedir (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti iki beynəlxalq tədbirə hazırlaşır. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, may ayının 27-də teatrın bir qrup heyəti Rusiya Federasiyası Orenburq vilayətində keçiriləcək "Гостиный двор" VIII Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün yola düşəcək. Kollektiv festivalda L.Nurenin "Mən gəldim qızlar" ("Müharibə") tamaşası ilə çıxış edəcək.

Quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradova olan tamaşada rolları əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Rasim Cəfər, Zümrüd Quliyeva, Səbinə Məmmədova ifa edəcəklər.

Məlumat üçün bildirək ki, M.Qorki adına Orenburq Dövlət Dram Teatrının 160 illik yubileyi ərəfəsində həyata keçiriləcək festivalda bir sıra ölkələrin teatr kollektivləri çıxış edəcəklər. Ilk dəfə 1994-cü ilin yay aylarında baş tutmuş festival Rusiya Federasiyanın Mədəniyyət Nazirliyi, vilayət hakimiyyət orqanları və Rusiya Federasiyası Teatr Xadimləri İttiqafı tərəfindən təsis edilib. Festivalın keçirilməsinin əsas missiyası beynəlxalq və bölgələrarası teatr əlaqələrin bərpası və daha da möhkəmləndirilməsidir.

May ayının 28-də isə Dövlət Gənc Tamaşaçılar Teatrının daha bir heyəti Londona qastrol səfəri edəcək. Böyük Britaniyada fəaliyyət göstərən "UMUD Ltd Company" şirkətinin dəvəti ilə həyata keçirilən qastrol səfərində dahi dramaturq M.F.Axundzadənin "Hekayəti xırs quldurbasan" tamaşası nümayiş etdiriləcək.

2009-cu ildə Xalq Artisti Cənnət Səlimova tərəfindən səhnələşdirilən tamaşada Əməkdar Artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Leyli Vəliyeva, Gülər Nəbiyeva, aktyorlar Şəbnəm Hüseynova, Natiq Fərzəliyev, İlham Əsədov, Elnur Kərimov, Elşən Hacıbabayev, Kərəm Hadızadə, Eşqin Quliyev, Aydın Dəmirov iştirak edəcəklər.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək səfərə kollektiv teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov başda olmaqla may ayının 28-də yola düşəcək.

Nümayəndə heyətinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorunun müdiri Naidə İsmayılzadə rəhbərlik edəcək.

Məlumat üçün bildirək ki, teatrın yaradıcı heyəti hazırda daha bir beynəlxalq teatr festivalında təmsil olunmaqdadır. Moskva vilayətinin Lobnya şəhərində keçirilən "Rus klassikası" Beynəlxalq Teatr Festivalında ölkəmizi teatrın istedadlı aktyoru, Əməkdar Artist Şövqi Hüseynov N.V.Qoqolun "Dəlinin qeydləri" mono-tamaşası ilə təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti