...

Yarat Müasir İncəsənət Mərkəzində “Müqavimət haqqında 300 söz” və “Kiçik yalanlar” adlı sərgilər açılıb (FOTO)

Mədəniyyət Materials 10 İyun 2016 17:55 (UTC +04:00)
Yarat Müasir İncəsənət Mərkəzində “Müqavimət haqqında 300 söz” və “Kiçik yalanlar” adlı sərgilərin açılış mərasimi keçirilib.
Yarat Müasir İncəsənət Mərkəzində “Müqavimət haqqında 300 söz” və “Kiçik yalanlar” adlı sərgilər açılıb (FOTO)

Bakı. Trend:

Yarat Müasir İncəsənət Mərkəzində "Müqavimət haqqında 300 söz" və "Kiçik yalanlar" adlı sərgilərin açılış mərasimi keçirilib. Trend-in məlumatına görə, açılış mərasimindən əvvəl keçirilən mətbuat konfransında YARAT Müasir İncəsənət Məkanının bədii rəhbəri Byörn Geldhof, baş kuratoru Suad Qarayeva, əsərləri nümayiş etdirilən rəssamlardan biri olan danimarkalı Soren Tilo Funder sərgi haqqında geniş məlumat veriblər.

Byörn Geldhof bildirib ki, bu, 2016-cı ildə YARAT Müasir İncəsənət Mərkəzində açılan ilk sərgilərdir. O deyib: "Hamımız bilirik ki, bu il iqtisadi cəhətdən Azərbaycan və burada əyləşənlərin çoxu üçün o qədər də asan olmadı. Lakin çətinliklə qarşılaşmaq bizim üçün böyümək və inkişaf etmək deməkdir. Bu il üçün deyə bilərik ki, YARAT, həqiqətən də, dəyişib. Mən bu çətin ildə YARAT-ın nailiyyətləri ilə qürur duyuram. Bu bizə auditoriyamızı genişləndirməyə, daha çox insanları tədbirlərimizə cəlb etməyə imkan yaradır. 2016-cı ilin ilk dörd ayı ərzində təxminən 12 min nəfər tədbirlərimizə cəlb edilib. Çox maraqlı və qürurverici haldır ki, bu insanların əksəriyyəti məhz təhsil layihələri tərəfindən cəlb edilib. Bu o deməkdir ki, bizim izləyicilərimiz və qonaqlar Mərkəzə təkcə baxmaq deyil, həm də təhsil proqramlarına və mədəniyyət haqqında müzakirələrə qoşulmaq üçün gəlirlər. YARAT-ın əsas məqsədlərdən biri də məhz budur. Biz insanlarla danışmaq istəyirik.

YARAT-ın bugünkü fəaliyyəti və nailiyyətləri, əlbəttə ki, onun komandasının uğurudur. Bu məğrur komanda çətinliklərə rəğmən məqsədlərimizə çatmaqda bizə kömək etdi. Deməli, bizim sıralarımız genişlənir. Bu aydan etibarən biz yeni 30 art-təcrübə proqramına qoşulan gənclərlə işləyəcəyik. Onlar da insanlarla ünsiyyət qurmaqda bizə kömək edəcəklər. Bu gənclər sərgi salonlarında olacaq və bütün qonaqlarla bilavasitə ünsiyyətdə olacaqlar. "Müqavimət haqqında 300 söz" və "Kiçik yalanlar" adlı sərgilər isə bir növ dəvətdir. Bu, sərgiyə insanları cəlb etmək, onların təxəyyüllərini, bacarıqlarını inkişaf etdirmək və müzakirələr aparmaq üçün vacibdir".

YARAT Müasir İncəsənət Məkanının baş kuratoru Suad Qarayeva "Müqavimət haqqında 300 söz" sərgisi haqqında geniş məlumat verib. O deyib: "Bu konseptual sərginin mövzusu iki cür müqavimətin mövcudluğundan irəli gəlir. Müqavimət daxili və ictimai olur. Müqavimət üçün insanın heç də partizan olması vacib deyil. Müqavimət gündəlik həyatımızın prosesidir və vətəndaş cəmiyyəti quruluşunda sosial vəzifə daşıyır. Burada təqdim edilmiş işlər 7 gənc rəssamın (Fərhad Fərzəliyev, İlkin Hüseynov, Sitarə İbrahimova, Aida Mahmudova, Elturan Məmmədov, Habib Saher, Zamir Süleymanov) əsərləridir. Onlar sanki ölkənin gənclərinin düşüncələrini, fikirlərini, əsas mövzularını araşdırıb sərgidə nümayiş etdirirlər. Bu mövzulardan gender münasibətləri, stereotiplərin dəyişməsi, mentalitetin inkişaf etdirilməsi və sosial-siyasi qeyri-sabitliyi qeyd etmək olar. Yeddi gənc rəssam fikirlərini öz əsərlərində təcəssüm etdirirlər. Lakin sərgi bununla bitmir. Biz Azərbaycan Dövlət Rəsm Qalereyasına öz minnətdarlığımızı bildiririk. Çünki onlar bizə Azərbaycanın 60-cı illər rəssamlarının əksəriyyəti nümayiş etdirilməyən əsərlərini təqdim ediblər. Bunlar 7 modern incəsənət ustaları Ənvər Əsgərov, Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Tələt Şıxəliyev, Rasim Babayev, Eldar Ağamalov və Tahir Salahovun əsərləridir. Bu rəssamlar sovet dövrünün sosialist realizminə qarşı mübarizənin daimi nümayəndələridir".

Soren Tilo Funder bildirib ki, "Kiçik yalanlar" xoş niyyətlər naminə işlədilən yalanlar, uydurma tarixçələr və məyusluq aləminə bir səyahətdir. Bu sərgi XX əsrin iki ən böyük siyasi "həqiqət"ini - addımbaşı səslənən yalanlara, saxta qəhrəman obrazlarına və qondarma metaforalara müraciət edən iki siyasi təcrübəni qarşı-qarşıya çıxarıb toqquşdurur. Kiçik yalanlar gündəlik həyatımızdan bəhs edir, sosial-siyasi gerçəkliyi necə dərk etməyimizi göstərir, tarixi məlumatımızı genişləndirir.

Sərginin açılış mərasimində rəsmi şəxslər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. YARAT Müasir İncəsənət Məkanının bədii rəhbəri Byörn Geldhof çıxış edərək sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

"Müqavimət haqqında 300 söz" sərgisində gənc rəssamların təqdim etdikləri əsərlərdə həm bugünkü Azərbaycan cəmiyyətinin bütövlükdə apardığı, həm də vətəndaşlarımızın fərdi surətdə üzləşdiyi mübarizələr tədqiq olunur. Rəssamlar özlərinin də məxsus olduqları gənc nəslin səsləndirdiyi fikirləri iqtisadi qeyri-sabitlik və geosiyasi iğtişaşlar zamanından keçirib yeni kapitalizm və sosial məlumatlılıq əsrinə çatdırırlar. Nümayiş etdirilən yeni əsərlər XX əsrin 60-cı illərinin rəssamları tərəfindən yaradılmış köhnə əsərlərə üz tutur, onlarla söhbətləşir. Əksəriyyəti indiyəcən sərgilənməmiş həmin modern incəsənət əsərləri sovet dönəmində meydana gəlmiş müqaviməti - sosialist realizminə və təbliğat incəsənətinə zidd çıxmağı əks etdirir. Modern incəsənət ustaları indi də yeni nəsil ölkə rəssamlarının ilham mənbəyini və etibarlı bünövrəsini təşkil edirlər.

Sitarə İbrahimova və Fərhad Fərzəliyev özlərinin "Reflektor" (2016) və "Gör nə yeyib-içməli yerdir!" (2016) adlı videoəsərlərində istehza və yumor vasitəsilə gender məsələlərinə aid ən çox yayılmış stereotipləri dağıdırlar. Buna bənzər bir inad - azadlığa yol açmaq cəhdi Tələt Şıxəliyevin "Gənc oğlanın portreti" (1961) adlı non-konformist rəngkarlıq tablosunda ifadə olunub. Bu işlərin qarşısında Tahir Salahovun "Analara ithaf" (1986) adlı əsərindəki sakitlik onların tam əksi kimi görünür. Həmin tabloda ifadəsini tapmış zamanın ötüb-keçməsi Habib Saherin "Qodonu gözləyərkən" (2016) adlı əsərində davam etdirilir, təsviri sənətin tarixi istinadları vasitəsilə ənənəvi dünyagörüşünün tədricən dağılmasına xidmət etməyə başlayır.

Müqavimətin fenomenal təzahürünü Aida Mahmudovanın "Adsız" adlı əsərində görmək olar. Əsasən, tənzif parçasından hazırlanmış onun bu yeni əsəri fərdi mübarizənin elə cismani ifadəsidir ki, nəhəng nisbi ölçüsünə görə yerləşdiyi məkanı doldurması vasitəsilə seyrçilərlə paylaşmış olur. İfrat cisimliyinə görə bu instalyasiya Rasim Babayevin "Torpaq neft ilə zəngindir" (1976) adlı ekspressionist əsəri ilə səsləşir.

Şəxsi ruhi-mənəvi aləminin ictimai-siyasi gerçəkliyə necə çevrilməsi Ənvər Əsgərovun "Üfüqdə yox olanlar" (1985) adlı rəngkarlıq tablosunda özünü büruzə verib. İctimai məkanların müasir quruluşuna dair yanaşmalar İlkin Hüseynovun "Müvəqqəti narahatçılığa görə üzr istəyirik" (2016) adlı fotoişlərində təqdim olunaraq, uzunmüddətli keçid dövrünü yaşayan şəhərin və cəmiyyətin fasad üzünü nümayiş etdirir. Zamir Süleymanovun "İddia" (2016) adlı əsərində araşdırılan ideoloji mübarizədə Bakının memarlığında nəzərə çarpan yeni əlamətlər əks etdirilir.

Sərginin tamamlayıcı nöqtəsi olaraq, burada Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini əldə etdiyi vaxtdan ölkəmizin siyasi gerçəkliyini müəyyənləşdirən münaqişəni ifadə edən naməlum qara dağlar obrazı yerləşdirilib. Dağlıq Qarabağ ərazisində populyar mahnıların təsadüfü seçim yolu ilə toplanmış 20 musiqi parçasının sədaları Elturan Məmmədovun "Adsız yüksəkliklər" (2016) adlı əsərinin təsirini bir az da gücləndirir. Əsər, Böyükağa Mirzəzadənin sülhə çağırış səsləndirən "1945" adlı tablosu (1976) ilə ziddiyyətli tərzdə yan-yana yerləşdirilib. Ustadın modern incəsənətə aid həmin şah əsəri 'NЕТ' ('YOX') kəlməsi ilə müqavimətin əbədi formasını nümayiş etdirir.

Sərgidə nümayiş olunan modern incəsənət rəssamlarının əsərləri Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən təqdim olunub.

"Kiçik yalanlar" adlı sərgidə David Klaerbout (Belçika) və Soren Tilo Funderin (Danimarka) videoəsərləri təqdim edilib.

Bu sərgi iki rəssamın seçilmiş əsərləri vasitəsilə insanın fiziki reallıq hüdudlarını işıqlandırır, həmin reallığın təzahürlərində sosial müəmmaları təqdim etmək imkanlarını nümayiş etdirir.
Altı əsərin söhbətinə bənzəyən sərginin üç eksponatı qırılmaz bir dövrə yaradır. David Klaerboutun "Nəfəs alan quş" (Breathing Bird) (2012) adlı əsərinin poetik obrazı seyrçini xaincəsinə yanıldır və çaşdırır. Bu kiçik ölçülü əsərin qarşısında isə işdən qayıdarkən leysan yağışa düşmüş neftçilər (Nigeriya, "Shell" şirkəti) adlı monumental əsər yerləşir (Oil Workers (from the Shell company of Nigeria) returning home from work, caught in torrential rain (2013). Bu əsər adamı laqeyd qoymuş kimi olsa da, gözünü çəkməyə qoymur - xüsusi səhnə mizanı ilə seyrçini tələyə salır. O, neft sərvətlərinə əsaslanan iqtisadi gerçəkliyi və əhalinin bununla bağlı sosial ümidlərini sual altına alır. "Neftçilər"dəki ətalətlə üzbəüz Soren Tilo Funderin kortəbii həyat enerjisi ilə dolu "Məhz bu an (Antuan)" (In This Very Moment (Antoine)) (2014) adlı əsərini görmək olar. Burada gənc bir oğlan ayağına diyircəkli konki keçirib ehtirasla rəqs edir, məkan isə Birinci Dünya müharibəsinin şiddətli döyüş yeri kimi tarixdə qalan Verden çölüdür. Bu əsərlər zamanın və yaddaşın nəhayətsiz və silinməz olduğu barədə düşüncələr oyadır, seyrçilərin siyasi cəhətdən məlumatlı olmasını da artırır.
Sərgi məkanında ardıcıl təqdim olunan digər üç əsər isə dini inanclara toxunaraq seyrçidə tarixlə bağlı hisslər oyadır. Tarixi əhvalatları nəql etmək üçün Soren Tilo Funder öz işlərində kinematoqraf üsullarına müraciət edir. Onun "Kosmonavt (burada -yuxarıda heç bir Tanrı görmürəm)" (The Cosmonaut (I don't see any God up here) (2013) adlı əsəri saxta kollektiv quruluşunun vizual təzahürlərini təqdim edərək, şüurlu surətdə onları dağıdır. "Yoldan sapmaq (sən orada-yuxarıda öləcəksən)" (Swerve (You're Gonna Die Up There) (2016) adlı əsərində həmin taktika daha mürəkkəb formada tətbiq olunur. Bu əsərdə Funderin söylədiyi əhvalatın arxa planında texniki mexanizmlər durur, üstəlik, populyar stereotiplər əlavə olunur, kino tarixi də cəlb edilir. Nəticə etibarilə müəyyən qondarma qəhrəmanlar və tarixçələr yaratmaq naminə daim işlənən xoşniyyətli yalanlar həqiqət kimi qələmə verilirsə də, Funderin əsərləri bunların ağ yalan olmasını sezməyə seyrçini məcbur edir.

Funderdən tam fərqli olaraq, David Klaerbout özünün "Səyahət 1996-2013" (Travel 1996-2013) adlı əsərində genişlənib-artan illüziyalara seyrçini "udmaq" şəraitini yaradır. On ildən artıq müddətdə başa gələn bu əsər durmadan qalınlaşıb-seyrəkləşən bir meşəliyin rəqəmsal rekonstruksiyasıdır. Seyrçi meşəlik obrazlarına tamamilə uyuşur, lakin birdən-birə bu hisslər amansızcasına dağıdılır: kamera geriyə çəkilərək "meşəliyin" sırf sub-şəhər mənzərəsi olduğunu ortaya çıxarır. Buradakı tənqidin məğzi belədir: birmənalı yanaşma mütləq xəyanətlə üzləşəcək.

Kiçik yalanlar adamı heyran da qoyur, məyus da edir; bizim özünütəsdiq ehtiyacımızdan doğur, insani zəifliklərimizi isə üzə çıxarır. Bu sərgi hisslərimizə səslənir, gündəlik həyatımızda saxta anlayışlar cəmiyyətinin xoşniyyətli yalanlarını sezməyə bizi təşviq edir.
Sərgilərin kuratorları Suad Qarayeva-Maleki və Byörn Geldhofdur.

Sərgi "Vidi-Square" şirkəti tərəfindən dəstəklənir və oktyabrın 9-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti