Bakı. Trend:
Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 36 nömrəli uşaq musiqi məktəbinin tar ixtisası üzrə V sinif şagirdi, gənc istedad Həbib Məmmədlinin (müəllim Azər Allahverdiyev) solo konserti təqdim olunub.
Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbində keçirilən konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, xalq artisti, professor Ağaverdi Paşayev, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin şöbə müdiri Cəfər Qafarlı və Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları iştirak ediblər.
Konsertdə H.Məmmədlinin ifasında C.Perqolezi, F.Şubert, J.Bize, A.Dvorjak, P.Çaykovski, S.Rüstəmov, Q.Qarayev, A.Rzayev, S.Ələsgərovun əsərləri, habelə “Şur” muğamı və onun müşayiəti ilə məktəbin xanəndəlik ixtisası üzrə V sinif şagirdi Rəşad Həmidovun ifasında “Güllü qafiyə” əsəri səsləndirilib.