...

Azərbaycanlı aktyor türkiyəli ulduzlarla (FOTO)

Mədəniyyət Materials 14 Avqust 2017 19:43 (UTC +04:00)
Yeni sezonda işıq üzü görəcək filmlərdən biri də "Artlemma" film şirkətinin istehsalı olan "O kuş buraya gelecek" filmidir.
Azərbaycanlı aktyor türkiyəli ulduzlarla (FOTO)

Bakı. Trend:

Yeni sezonda işıq üzü görəcək filmlərdən biri də "Artlemma" film şirkətinin istehsalı olan "O kuş buraya gelecek" filmidir.

Trend-in məlumatına görə, filmin baş rollarında Türkiyənin populyar sənətçiləri Ufuk Özkan, Mehtap Bayri və Azərbaycanın tanınmış aktyoru Müşviq Şahverdiyev rol alıb.

Trend-ə açıqlamasında Müşviq Şahverdiyev bildirib ki, bu filmdən gözləntiləri həddən artıq çoxdur: "Bildiyiniz kimi "Kəklikotu" filmimiz uğurla başa çatdı. Planlamaya görə, oktyabrda həmin filmimiz kinoteatrlara daxil olacaq. Bütün komandanı təbrik edirəm. Sözügedən film bitən kimi ikinci filmə dəvət aldım. Əsas ofisi Türkiyədə yerləşən əziz qardaşım olan Təvəkkülün "Artlemma" şirkətinin istehsalı olan "O kuş buraya gelecek" filminin çəkilişlərinə start vermişik.

Komediya janrında olan bir filmdir. Ssenarini çox bəyəndim, aktyor heyətini də sevdim. Komandanın hər bir üzvü çox dəyərlidir. Tez bir zamanda qaynayıb-qarışdıq. Mənə ilk başlarda ən çətin gələn isə filmin türk dilində olmasıdır. Mənim də türkcəm olmadığı üçün onlara çətinlik yaradacağımı düşünürdüm, amma qısa zamanda türk dilini mənimsədim və hər şey yolunda getdi. Ssenarinin öhdəsindən uğurla gəlməyə başladım. Filmin çox uğurlu olacağını fikirləşirəm. Filmin Türkiyə bazarında yayımlanması mənim karyerama uğur qatacaq deyə düşünürəm. Türkiyədən yaxşı təklif gəlsə, təbii ki, qəbul edərəm".

Ufuk Özkan da, öz növbəsində, filmin çox möhtəşəm və uğurlu olacağını söyləyib: "Mən Azərbaycana ilk dəfə 2013-cü ildə gəlmişdim. "Zengin kız fakir oğlan" serialı zamanı burada çox tanınırdım. Məni çox yaxşı qarşıladılar. Buna görə hər birinizə minnətdaram. Bizə göstərdiyiniz sevgi, qayğı çoxdur. Bu flm təklifi də mənə gəlincə ssenari ilə tanış oldum və bəyəndim. Azərbaycanın məşhur aktyoru Müşviqin də rol alacağını öyrəndim. İlk başlarda Müşviqin ssenarini oxuyan zaman çətinlik çəkməsi məndə sual yaratdı ki, onunla alınacaqmı? Amma 3 gün sonra Bakıda səhnə çəkən zaman, sanki, Müşviq gedib, yerinə bir başqası gəlib. Çox səliqəli formada və professional şəkildə rolunu oynayır. Mən onun yerinə özümü qoysam, inanmıram ki, 3 günə o cür məsafə qət edim. Sizdə bir az texniki məsələdə çətinlik çəkirik. Amma rejissorumuz Xəyal Aslanzadə bizi çox yaxşı idarə edir. Sizdə bildiyim qədərilə film sektoru yeni-yeni inkişaf edir. Bizdə bu mərhələlər çoxdan keçilib deyə imkanlarımız çoxdur.

İnanıram ki, zamanla sizin film sektorunda da bu çətinliklər həllini tapacaq. Amma hər şeyə baxmayaraq, çox uğurlu film ortaya qoyacağımıza inanırıq. Təvəkkül, Elnur və Resana çox minnətdaram. Onlar bizim üçün hər şey etməyə çalışırlar ki, təki narazılıq olmasın. Bir sözlə, film haqda ağızdolusu danışmaq olar, həm də komandamız haqda. Tamaşaçılara səslənmək istəyirəm ki, çox bəyənəcəyiniz bir film olacaq. Mütləq izləməyinizi tövsiyə edirəm. Bu film uğurlu olduqdan sonra, inşallah, "O kedi buraya gelecek" filmini də çəkərik".

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Xəbər lenti

Xəbər lenti