...

Daşkənddə Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub (FOTO)

Mədəniyyət Materials 13 Oktyabr 2017 09:43 (UTC +04:00)
Daşkənddə “SOQDİANA” Xalq Çalğı Alətləri Ansamblının yeni konsert sezonunun açılışında Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub.
Daşkənddə Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub (FOTO)

Bakı. Trend:

Daşkənddə “SOQDİANA” Xalq Çalğı Alətləri Ansamblının yeni konsert sezonunun açılışında Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub.

Bu barədə Trend-ə Azərbaycanın Özbəkistandakı səfirliyindən məlumat verilib.

Özbəkistanın “SOQDIANA” Xalq Çalğı Alətləri Ansamblı 1991-ci ildə Murtuza Əşrəfi adına Dövlət Konservatoriyasının nəzdində yaradılıb və Orkestrin bədii rəhbəri Özbəkistanın əməkdar artisti, professor Fizruzə Abduraximovadır.

Orkestr Özbəkistandakı Azərbaycan səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edir və daim repertuarında Azərbaycan bəstəkarlarının əsərlərinə geniş yer verir.

Yalnız Özbəkistanda deyil, dünyada da məşhur olan “SOQDIANA” Xalq Çalğı Alətləri Ansamblı Rusiya, ABŞ, Misir, Almaniya, Koreya, Çin, Qazaxıstan, Fransa və b. ölkələrdə keçirilən festivallarda yüksək mükafatlara layiq görülmüş və Özbəkistanı layiqincə təmsil ediblər. 20-ə yaxın Özbək milli musiqi alətlərində - rübab, dütar, nay, surnay, koşnay, çanq, ud və b. milli və xarici bəstəkarların əsərlərini uğurla ifa edən kollektivin Özbəkistan Dövlət Konservatoriyasının Böyük zalında keçirilən qala konsertinə maraq böyük olub.

Konsert sezonunun açılışında çıxış edən tanınmış mədəniyyət işçisi Svetlana İnamova “SOQDIANA” Xalq Çalğı Alətləri ansamblı haqqında danışaraq Özbəkistanın dünyaya tanıdılmasında Ansamblın xidmətlərini yüksək qiymətləndirmiş və Orkestrin bədii rəhbəri, Özbəkistanın əməkdar artisti, professor Fizruzə Abduraximovaya Nazirliyin Fəxri Fərmanını təqdim edib.

Daha sonra qala konsertdə Özbək musiqisinin inciləri hesab olunan “Nərgiz”, “Əbədi melodiya”, “Dostluq nəğmələri”, «Xilaskar haqqında dua” əsərləri ifa olunub.

Konsert proqramında “SOQDIANA” Xalq Çalğı Alətlərinin Ansamblının ən çox müraciət etdiyi Azərbaycan bəstəkarlarının əsərlərinə yer verildi.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək “SOQDIANA” Ansamblının dahi Azərbaycan bəstəkarlarının əsərlərini tez-tez ifa etdiklərini, Mədəniyyət Mərkəzi tərəfindən Daşkənddə təşkil olunan Xocalı soyqırımı, 20 yanvar faciəsi qurbanları xatirəsinə həsr olunmuş konsert-rekviemlərlə çıxış etdiklərini qeyd edib. Diplomat Azərbaycanın zəngin musiqi ənənələri haqqında danışaraq, Şərqdə ilk operanın əsasının məhz Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən qoyulduğunu, Azərbaycan musiqisinin Özbəkistanda daim maraqla qarşılandığını qeyd edib.

Daha sonra “SOQDIANA” Xalq Çalğı Alətləri Ansamblı Üzeyir Hacıbəyovun “Arşın mal-alan əsərindən ifa edib, tanınmış Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Qarabağ Azərbaycanın mirvarisi” əsərini səsləndirib. Qeyd edək ki, əsər ifa olunarkən böyük monitorlarda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış Qarabağın füsunkar təbiəti, Azərbaycan torpaqlarının işğalı, Azərbaycanın işğal olunmuş torpaqlarında dağıdılmış abidələrə dair video çarx nümayiş etdirilib. Əsərlər iştirakçıların böyük marağına və alqışlarına səbəb olub.

Tədbirdə Avropa musiqisinə də yer verilib. Almaniyanın Özbəkistandakı Səfiri Gyunter Overfeld Özbəkistan-Almaniya arasında mədəni əməkdaşlıqdan danışaraq, “SOQDIANA” Xalq Çalğı Alətlərinin Ansamblının Almaniyada çıxışlarını yüksək qiymətləndirib.
Konsert proqramında Qans Qunter Vaqenarın “Yuxu və yay gecəsi”, İsveçrə xalq mahnısı “Mənim atam”, Popuri: İrland və Şotland melodiyaları” və s. əsərlər ifa edilib.

Konsert proqramının sonunda çıxış edən Orkestrin bədii rəhbəri, Özbəkistanın əməkdar artisti, professor Fizruzə Abduraximova konsertin təşkilində dəstəyə görə Özbəkistan Mədəniyyət Nazirliyinə və Dövlət Konservatoriyasına öz təşəkkürünü bildirib. O, 2015-ci ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli adına Azərbaycan-Özbəkistan Musiqi Mədəniyyəti zalının açılışı olduğunu və hazırda “SOQDIANA” Ansamblının məhz bu zalda fəaliyyət göstərdiyini qeyd edərək Azərbaycan tərəfinə öz minnətdarlığını qeyd edib.

Fizruzə Abduraximova əsas məqsədlərinin Özbək milli musiqisinin dünyaya tanıdılması olmaqla yanaşı, dünyanın müxtəlif xalqlarına məxsus əsərlərini Özbək milli musiqi alətlərində ifa etməklə onları Özbəkistan auditoriyasına sevdirmək olduğunu söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti