...

Azərbaycan və Özbəkistan elm, mədəniyyət müəssisələri arasında memorandum imzalanacaq

Mədəniyyət Materials 23 Noyabr 2017 11:06 (UTC +04:00)
Azərbaycan və Özbəkistanın elm, mədəniyyət müəssisələri arasında əməkdaşlığa dair çoxtərəfli Memorandum imzalanacaq.
Azərbaycan və Özbəkistan elm, mədəniyyət müəssisələri arasında memorandum imzalanacaq

Bakı. Trend:

Azərbaycan və Özbəkistanın elm, mədəniyyət müəssisələri arasında əməkdaşlığa dair çoxtərəfli Memorandum imzalanacaq.

Bu barədə Trend-ə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov məlumat verib.

Özbəkistanın Əlişer Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında imzalanacaq çoxtərəfli Memorandumda Azərbaycan və Özbəkistanın elm, mədəniyyət müəssisələri arasında əməkdaşlığın dərinləşdirilməsi, birgə araşdırma, nəşr layihələrinin gerçəkləşdirilməsi, elm, ədəbiyyat sahəsində mübadilə, habelə nəşrlərin mübadiləsi layihələrinin həyata keçirilməsi və s. nəzərdə tutulub.

Daşkənddəki Əlişer Nəvai adına Özbək dili və ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracədddinov və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru S.Abbasov arasında keçirilən görüş zamanı tərəflər arasında bir sıra təkliflər razılaşdırılıb və imzalanacaq Memoranduma daxil edilib.

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddə Əlişer Nəvai adına Dövlət Universitetində Nizami Gəncəvi adına Özbəkistan-Azərbaycan Dostluq Mərkəzinin, Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşkilini, birgə Azərbaycanca-Özbəkcə, Özbəkcə Azərbaycanca sözlüyün-lüğətin yaradılması ilə əlaqədar məsələlərin həlli və bu işlərə müvafiq dəstək göstərilməsini öz üzərinə götürüb.

Bundan başqa, Əlişer Nəvai adına Daşkənd Dövlət Universitetinin rektoru Ş.Siracədddinov yaradılacaq Özbəkistan-Azərbaycan Dostluq Mərkəzinin nəzdində Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşkilini, Bakıda gələcəkdə yaradılması planlaşdırılan Ə.Nəvaid adına Azərbaycan-Özbəkistan Dostluq Mərkəzinə, habelə özbək dili və ədəbiyyatı kafedrasına müvafiq dəstək göstərməyə hazır olduğunu bildirib.

Memoranduma əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu da bir sıra işləri həyata keçirəcək: İnstitutun nəzdində Ə.Nəvai adına Azərbaycan-Özbəkistan Dostluq Mərkəzinin, özbək dili və ədəbiyyatı kafedrasının təşkilini, birgə nəşr layihələrinin reallaşdırılmasına təşkilati dəstək, Azərbaycanda yaşayıb yaratmış və Özbək ədəbiyyatına aid tanınmış şəxslərin irsinin tədqiqi layihəsinə dəstək və s.

Memorandumun bəndlərinə əsasən, tərəflər arasında müstəqillik tarixində ilk dəfə olaraq doktorant mübadiləsi həyata keçiriləcək. Özbək gənc tədqiqatçıları Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda, Azərbaycanın elmi tədqiqatçıları Özbəkistanın Əlişer Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin doktorantura və dissertanturasına qəbul olmaq imkanı əldə edəcəklər. Bu məqsədlə sözügedən elm müəssisələri qarşı tərəfə müvafiq yer ayıracaqlar.

Eyni zamanda, tərəflərin birgə səyi ilə ilk dəfə olaraq Azərbaycanca-Özbəkcə, Özbəkcə Azərbaycanca lüğəti tərtib olunacaq. Hər iki tərəfin dilçi alimlərinin iştirakı ilə xüsusi Redaksiya Heyəti təşkil olunacaq.

Bundan başqa, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistanın Əlişer Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutu arasında Əmədaşlığa dair Memorandumun imzalanması nəzərdə tutulur.

Azərbaycanda Özbək ədəbiyyatının tanınmış nümayəndələrinin, Özbəkistanda isə Azərbaycan ədəbiyyatına dair çoxsaylı əlyazmaların saxlanılması səbəbindən imzalanacaq Memorandumda sözügedən əlyazmaların müəyyənləşdirilməsi və gələcəkdə onların qanunvericiliyə uyğun şəkildə, hər iki tərəfin razılığı ilə mübadiləsi məsələləri Memorandumda öz əksini tapacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti