...

Tarix Muzeyində Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid etnoqrafik xalça mühafizə edilir - FOTO

Mədəniyyət Materials 1 Fevral 2018 13:35 (UTC +04:00)
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid etnoqrafik xalça mühafizə edilir.
Tarix Muzeyində Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid etnoqrafik xalça mühafizə edilir - FOTO

Bakı. Trend:

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid etnoqrafik xalça mühafizə edilir.

Muzeydən Trend-ə verilən məlumata görə, bu xalça Qarabağ xalça məktəbinə məxsusdur. 1918-ci ildə Azərbaycan hökumətinin dəvəti ilə bolşevik-daşnak qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımın qarşısını almaq üçün gələn türk ordusuna minnətdarlıq əlaməti olaraq toxunub. Ölçüsü 190 x 140 sm-dir.

Xalça 1916-cı ildə çəkilmiş bir fotoşəkil əsasında toxunub. Fotoşəkil xalçanın əsas mərkəzi hissəsinə həkk olunub. Xalçanın üzərindəki mətnə əsasən fotoşəkildəkilər bunlardır: “Cənabi-möhtərəm Ənvər bəy əfəndi”, “Cənab Şevkət Paşa həzrətləri”, “Cənab Yusif İzzətdin”, “Sultan V Məhəmməd Rəşad xan həzrətləri”.

Xalçanın haşiyələrindən birinə fars dilində yazılmış şeir toxunub. Mətn tam oxunmur. Şeirin mətni belədir:

“Zəmanə içrə... mövcud edib səni Yaradan.
Ənvərin adı ilə düşmənin qəlbi parçalanır,
Mərdliklə əlinə parlayan qılıncını alıb ildırım kimi vurub.
Tək canı ilə bağırıb nərildəyir: "Allahu Əkbər!"
Mərdliklə hücum edir düşmənə, salır onların canına titrətmə,
Böyük bir meydanda at çapdırır, qırıb düşmənin başını tökür meydana”.

Digər haşiyədə isə Qarabağın məşhur nəlbəkigülü toxunub.

Muzeyə daxil edilən etnoqrafik xalça Azərbaycan etnoqrafiyasının və XX əsrin əvvəllərində Azərbaycan – Osmanlı əlaqələrinin tədqiqi üçün əhəmiyyətli mənbədir və öz tədqiqatçılarını gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti