...

Bakıda Nizami Gəncəviyə həsr olunan beynəlxalq konfrans keçirilir (FOTO)

Mədəniyyət Materials 14 Mart 2018 19:35 (UTC +04:00)

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə təşkilatçılığı ilə bu gün Bakıda işinə başlayan “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” beynəlxalq elmi konfransı çərçivəsində “Nizami və milli ədəbiyyat – mədəniyyət nəzəriyyələri dəyişən sərhədlər diskursunda” mövzusunda panel iclası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadənin moderatorluğu ilə keçən iclasda mövzuya dair müzakirələr aparılıb.

İclasda Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının sədri, professor Rəhilə Qeybullayeva, Tbilisi Dövlət Universitetinin professoru Irakli Kençoşvili, Finlandiyanın Helsinki Universitetinin professoru Eero Tarasti, Qazaxıstan Milli Universitetinin professoru Anuar Qaliyev və Bakı Slavyan Universitetinin prorektoru Rafiq Novruzovun Nizami irsinin müxtəlif aspektlərinə dair, eləcə də Nizami yaradıcılığının başqa xalqların ədəbiyyatına təsiri ilə bağlı məruzələri dinlənilib.

Konfrans çərçivəsində “Arxetiplər və təkrarlanan mədənyyətlər” panelində nizamişünas alimlər - Braziliyadan Sudha Svarnakar, Fransadan İnkar Kuramayeva, Hindistandan Naseem Ahmad Şah, Azərbaycan Universitetinin müəllimi Qorxmaz Quliyev, mədəniyyət.az jurnalının redaktoru Zöhrə Əliyeva, AMEA Ədəbiyyat İnstitutundan Zəhra Allahverdiyeva çıxış edərək Nizami irsinin müxtəlif aspektlərinə nəzər salıblar. Sessiyada Nizami poeziyasında qadınların qeyri-səciyyəvi təsviri, “Xəmsə”nin Şərq Renessansının ortaq dəyərlər xəzinəsi və digər mövzularda müzakirələr aparılıb.

“Milli kimlik: ortaq keçmiş və onun müasir interpretasiyası”na həsr olunmuş panel iclasda AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzindən Xəlil Yusifli, Bakı Slavyan Universitetindən Bella Musayeva, AMEA-nın Ədəbiyyat İnstitutundan Mahirə Quliyeva iştirak edib. Sessiyada Nizami yaradıcılığı müasir multikulturalizm kontekstində, Nizaminin “Sirlər Xəzinəsi və Quran və başqa mövzularda fikir mübadiləsi aparılıb.

“Nizami yaradıcılığında konseptlər, obrazlar və dəyərlər: müasir dövrdən keçmişə baxış” adlı paneldə Arizona Universitetindən Kamran Talattof, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən Aydın Talıbzadə, AMEA-nın Folklor İnstitutundan Muxtar İmanov, AMEA-nın Ədəbiyyat İnstitutundan Tahirə Məmməd, Azərbaycan Yazıçılar Birliyinin üzvü İlqar Fəhmi, Xəzər Universitetindən Mail Yaqublu, Gəncə Dövlət Universitetindən Afaq Yusifli, “Azərbaycan” jurnalından Südabə Ağabalayeva, AMEA-nın Ədəbiyyat İnstitutundan Təhminə Bədəlova çıxış edib. Çıxış edənlər Nizami qəhrəmanlarında dialoji mahiyyət, Nizami yaradıcılığında türk imici, Nizami yaradıcılığında elmlik və poetikanın vəhdəti, Nizami əsərlərində demokratik dövlət quruluşu prinsipləri və başqa mövzular haqqında fikir mübadiləsi aparıb.

“Nizami irsi orta əsrlər simvolları və regional konseptlər diskursunda” Nizaminin eşq fəlsəfəsi, şairin təhkiyə sistemində ibrətamiz hekayələrin funksional rolu, Nizami və Şekspir: ədəbi obrazın formalaşması tipologiyası, Nizaminin İsgəndərnaməsində İsgəndərin obrazını nəzərdə tutaraq İran və yunan diskursları arasında konfliktin analizi və digər mövzular geniş şəkildə müzakirə olunub. Bu sessiyada Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, Bakı Slavyan Universitetindən Məmməd Qocayev, Rəhilə Quliyeva, AMEA Əlyazmalar İnstitutundan Teymur Kərimli, İranın “Əl-Zəhra” Universitetindən Nəsrin Fagih Malek Mərzban, Kanadanın “Qərb Universitetindən” İmadəddin Nağıpur, Bakı Slavyan Universitetindən Rüstəm Kamal çıxış ediblər.

“Nizami irsi musiqi interpretasiyasında və tətbiqi incəsənətdə” sessiyasında isə Helsinki Universitetindən Eila Tarasti, muzeylər üzrə mütəxəssis və kurator Əsli Səmədova, İtaliyanın Elmlər Akademiyasından Mariya Tereza Giaveri, AMEA Memarlıq və İncəsənət İnstitutundan Cəmilə Həsənzadə iştirak edib. Paneldə Orta əsr Azərbaycan Miniatür boyakarlığında Nizaminin “Xəmsə”si, “Yeddi Gözəl” poemasından Nizami Gəncəvinin şahzadəsi və Qərb incəsənəti kimi mözular ətrafında fikir mübadiləsi aparılıb.

VI Qlobal Bakı Forumu çərçivəsində Nizami Gəncəvi yaradıcılığına həsr olunan beynəlxalq konfrans sabah da öz işini panel müzakirələrlə davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti