Bakı. Trend:
Yanvarın 2 və 3-də Heydər Əliyev Sarayında uşaqlar üçün Yeni il şənlikləri keçiriləcək.
Trend-in məlumatına görə, uşaqlara nağıl qəhrəmanları Dovşan, Qarğa, Canavar, Pirat, İfrit və Küpəgirən qarının iştirakı ilə, böyük Şam ağacının ətrafında musiqili, əyləncəli və interaktiv nağıl-tamaşa təqdim olunacaq. Bundan əlavə, Yeni ilin sevilən personajları Şaxta baba və Qar qız uşaqlarla görüşəcək və onları mahnılar, rəqslər, oyunlar, yeni il zarafatları ilə sevindirəcək.
Uşaqların sevimli nağıl qəhrəmanları ilə dialoqları, həmçinin milli və xarici musiqilərə hazırlanmış rəqslər və sürprizlər nağıl-tamaşaya xüsusi rəng qatacaq. Əyləncəli, musiqili, interaktiv və maraqlı süjet xətti ilə fərqlənən nağıl-tamaşa uşaqları sevindirəcək və gözəl əhval bəxş edəcək. Uşaqlar sehirli və heyrətamiz nağıl dünyasına səyahət edəcəklər.
Saat 12:00 və 15:00-da başlayacaq nağıl-tamaşanın biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz. Biletlərin qiyməti 6-25 manat təşkil edir.
Konsertin informasiya dəstəyi Asan Radio, AzərTac, Trend.az, Day.az və Milli.az-a məxsusdur.