Bakı. Trend:
Dekabrın 9-da Beynəlxalq Muğam Mərkəzində “Future Stars 2018” (“Gələcəyin ulduzları”) IX Beynəlxalq Klassik Musiqi Festivalının müsabiqə qaliblərinin mükafatlandırılması və yekun konserti keçirilib.
Qeyd edək ki, dekabrın 6-dan 9-dək davam edən festival Bülbül adına orta ixtisas musiqi məktəbi və Gürcüstanın İncəsənət Xadimlər Birliyinin birgə təşkilatçılığı ilə baş tutmuşdu.
Festivalda 3 ölkənin təmsilçiləri iştirak etmişdi. Azərbaycandan 53 iştirakçı, Gürcüstandan - 23 və İrandan 4 iştirakçı.
Tədbiri açan Azərbaycan tərəfdən festivalın təşkilatçısı Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, xalq artisti Teymur Göyçayev və Gürcüstan tərəfdən festivalın təşkilatçısı Gürcüstanın İncəsənət Xadimlər Birliyinin rəhbəri Nino Kupatadze çıxış edərək qeyd etdilər ki, bu çətin və eyni zamanda gözəl 4 gün ərzində gənc ifaçılar öz bacarıqlarını göstərə bilmiş və layiqincə qiymətləndirilmişdilər. Onların ifalarından zövq aldıqlarını və gələcəkdə müxtəlif nüfuzlu beynəlxalq müsabiqələrdə ölkələrini layiqincə təmsil edə biləcəklərinə əmin olduqlarını bildirdilər.
Sonra qaliblərə festivalın diplomları təqdim edildi. On beş gənc iştirakçıya I yer mükafatı təqdim edildi. Azərbaycandan Məhəmmədəli Paşazadə (klarnet) və Gürcüstandan Tsotne Sidamonidze (fortepiano) festivalın Grand prix mükafatına layiq görüldülər.
Gecənin sonunda müsabiqə qaliblərinin iştirakı ilə yekun konserti verildi.
Xatırladırıq ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, milli klassik, etnik və caz musiqisinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.
Dekabrın 18-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Vaqif Mustafazadənin yaradıcılığına həsr olunmuş konsert keçiriləcək.