Bakı. Trend:
Ölkəmizdə hər il gerçəkləşən beynəlxalq incəsənət layihələrinin sırasında musiqi festivalları mühüm yer tutur. Bu baxımdan payızın sənət təqvimi xüsusilə zəngindir. 2009-cu ildən etibarən hər il yeni musiqi mövsümü dahi Üzeyir Hacıbəylinin adı ilə şərəflənən və onun doğum günü – 18 sentyabrda başlanan beynəlxalq festivalla açılır.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, builki, sayca 11-ci festival həm müddəti (13 gün) və iştirakçı ölkə sayı (10-dan çox), həm də konsert proqramlarının, digər tədbirlərin bolluğu ilə seçiləcək.
Sentyabr ənənəvi olaraq yeni teatr mövsümümün başlandığı aydır. Teatrlarımız təxminən iki ay sürən yay tətilindən sonra tamaşaçılarla görüşə maraqlı repertuar və premyeralarla gəlirlər. Paytaxtın muzey və sərgi salonları, digər mədəniyyət məkanları da sənətsevərlərə maraqlı layihələr hazırlayıblar. Regionlarımızın da mədəni həyatı da zəngindir. Bütün bunları “Culture Guide” mədəniyyət bələdçisinin yeni çapdan çıxan sentyabr buraxılışında da görmək mümkündür.
Azərbaycanın əcnəbi qonaqlarına ölkəmizin mədəni irsi, incəsənəti, sənət ocaqlarının fəaliyyəti barədə dolğun məlumat vermək, onların ölkəmizlə bağlı təəssüratını yaddaqalan etmək məqsədi daşıyan “Culture Guide” kataloqu hər ay ingilis və rus dillərində hazırlanaraq nəşr olunur.
Mədəniyyət bələdçisinin ənənəvi təqdimat yazısında müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın Azərbaycanda yarandığı diqqətə çatdırılır, respublikanızın mədəniyyətlərarası dialoqa töhfələrindən, bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən bəhs olunur.
“Böyük bəstəkarın musiqisinin işığında” yazısı Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Üzeyir Hacıbəyli festivalı haqqındadır. Bundan əlavə, kataloqun müvafiq bölmələrində festivalın konsert və teatr müəssisələrində keçiriləcək tədbirləri barədə afişa-məlumatlar verilib.
Bu ay ölkəmizdə keçiriləcək daha bir festival Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin adı ilə bağlıdır. “Poeziya, incəsənət və mənəviyyat festivalı” başlıqlı yazıda Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə (28 sentyabr – 1 oktyabr) ikinci dəfə reallaşacaq layihə barədə söz açılır.
“Culture Guide” oxucularına həmçinin Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 27-29 sentyabr il tarixində keçiriləcək VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası haqqında məlumat verilir.
Hər il Azərbaycanın rayonlarında da qonaqların diqqətini çəkən müxtəlif bayramlar, festivallar keçirilir. Onların sırasında regionlarımızı şöhrətləndirən yerli mətbəxə, təbiət nemətlərinə həsr olunan tədbirlər xüsusilə seçilir. “Hər dad üçün bayramlar” başlıqlı yazı bu yaxınlarda Qubada ilk dəfə təşkil olunan “Regional mətbəx festivalı”, habelə artıq ənənə halını almış və qarşıdakı aylarda reallaşacaq “Alma bayramı”, “Nar bayramı” (Göyçay) haqqındadır.
“Culture Guide” kataloqunun hər sayında ölkəmizin dünya mədəniyyət xəzinəsinə töhfələri, paytaxtla yanaşı, regionlarımızdakı dünya əhəmiyyətli mədəni irs nümunələri barədə yazılar dərc edilir. Nəşrin sentyabr buraxılışında UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına yer alan kəlağayı sənəti, tar və kamança ifaçılığı və bu alətlərin hazırlanması, eləcə də lavaş və dolma kimi mətbəx nümunələrimizdən bəhs olunur. “Keçmişin abidələri – tarixin izləri” başlıqlı yazıda isə Azərbaycanın qədim abidələr diyarı olduğu qeyd edilir, tarixi abidələrin mühafizəsi və bərpası ilə bağlı görülən işlərdən söz açılır.
“Culture Guide”ın yeni buraxılışında ənənəvi olaraq Bakıdakı mədəniyyət müəssisələri haqqında təqdimat-tanıtma səciyyəli informasiyalar, teatr və konsert müəssisələrinin repertuarı, digər mədəniyyət ocaqlarının, qalereyaların, əyləncə məkanlarının bu ay üçün maraqlı tədbirləri diqqətə çatdırılır. Bundan əlavə, hər zaman xarici qonaqları cəlb edən tarixi-mədəni məkanlar – Qobustan qoruğu, İçərişəhər, Atəşgah məbədi və Yanardağ haqqında məlumatlar, turistlərin ölkəmizdən özləri ilə hansı suvenir və “dadlı xatirələr”i apara biləcəklərinə dair tövsiyələr də nəşrdə yer alıb.
Nəfis tərtibatda hazırlanan mədəniyyət bələdçisində hər ay Azərbaycanın tanınmış rəssamlarının əsərlərinin reproduksiyası verilir. Bu dəfə “Culture Guide”ın 1-ci səhifəsində Əməkdar rəssam Rafael Abbasovun “Qızıl payız” tablosu əks olunub.