...

Ordumuzun qələbələri azad edilmiş torpaqlarımızda Qafqaz Albaniyasının abidələrinin tədqiqatı üçün imkanlar yaradacaq - İnstitut (FOTO)

Mədəniyyət Materials 23 Oktyabr 2020 09:37 (UTC +04:00)
Ordumuzun qələbələri azad edilmiş torpaqlarımızda Qafqaz Albaniyasının abidələrinin tədqiqatı üçün imkanlar yaradacaq -  İnstitut (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Müzəffər Ordumuzun qələbələri azad edilmiş torpaqlarımızda Qafqaz Albaniyasının abidələrinin tədqiqatı üçün imkanlar yaradacaq.

Trend-in məlumatına görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov bildirib ki, Qafqaz Albaniyası xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyası Balakən rayonunun Tülü kəndi ərazisində Qafqaz Albaniyasına məxsus ilk orta əsrlərə aid xristian abidəsi ilə bağlı tədqiqat aparıb.

Aparılan arxeoloji tədqiqat işləri nəticəsində 2019-cu ildə aşkar edilmiş üç zallı olması güman edilən kilsənin uzunluğu 14,70 m, eni 10,50 m-dir. Bu ilki tədqiqatlarda kilsənin giriş qapılarından birinin cənub divarında olduğu müəyyən edilib.

Kilsənin qədim qalıqlarının üzərində sonrakı tarixi dövrlərdə birzallı kilsə inşa edilmişdir ki, onun uzunluğu qərb girişi ilə birlikdə 19 m, eni isə, 5,70 - 12,30 m arasında dəyişir. Bir zallı kilsənin ilk dövrlərdə cənub divarında olan və hələlik bizə bəlli olmayan səbəbdən hörülərək bağlanmış giriş qapısının yeri müəyyənləşib.

Memarlıq nöqteyi-nəzərən alt qatda yerləşən üç zallı abidə xristianlığın Suriya, üst qatda yerləşən abidə isə Bizans memarlığına yaxınlığı ilə xarakterizə edilir.

Son üç ildə bir zallı və üç zallı kilsənin xarici divarları boyunca aparılan arxeoloji tədqiqatlar nəticəsində çoxlu sayda maddi mədəniyyət nümunələri ilə yanaşı xristian dəfn ənənəsinə uyğun bütöv şəkildə 40 insan skeleti və pərakəndə halda 30-dan artıq insana məxsus sümük fraqmentləri Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya Mərkəzinə tədqiqat üçün təqdim edilib.

Xristian dəfn ənənəsində mərhumun əllərinin qoyuluş formasında fərqlər, ilk xristianlıq dövrü üçün xarakterik qəbirlər və dəfn prosesinin kilsə ətrafında intensivliyi - buranın uzun müddətli fəaliyyətinin göstəricisi kimi qəbul olunur.

Zaqatala-Yevlax-Tbilisi magistralı üzərində yerləşən Qafqaz Albaniyasına aid ilk orta əsr xristian abidəsi güclü turizm potensialına malikdir. Bu səbəbdən aidiyyəti qurumlar tərəfindən abidədə bərpa və konservasiya işlərinin görülməsi vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti