...

ƏƏSMN və “Mtv Azərbaycan” “Bərabərik” layihəsini təqdim edir (FOTO/VİDEO)

Mədəniyyət Materials 3 Dekabr 2020 18:22 (UTC +04:00)
ƏƏSMN və “Mtv Azərbaycan” “Bərabərik” layihəsini təqdim edir (FOTO/VİDEO)

Bakı. Trend:

Cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən “Qəlbin nəğməsi” adlı musiqili albom hazırlanmışdır. Hazırlanan bu musiqili albomda istedadlı və gözəl səsə malik əlilliyi olan şəxslərin ifasında musiqi parçaları yer alır. Professional səsyazma studiyalarında yazılan Azərbaycanın klassik, milli və müasir bəstələri canlı musiqi alətlərindən və müasir elektron musiqisindən istifadə olunmaqla dinləyicilərə tamamilə yeni ruhda təqdim olunur. Albomda debüt edən görmə, hərəkət və əqli məhdudiyyətli şəxslər, eləcə də, Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərlə yanaşı Azərbaycanın bir sıra tanınmış müğənniləri və Əməkdar artistləri yer alır. Əlillik bu insanların həyat eşqinə və istedadlarına əngəl olmamış, əksinə, onları daha da ilhamlandıraraq bu musiqili albomun ərsəyə gəlməsinə kömək etmişdir. Albomda 13 nəfər əlilliyi olan şəxs, 15 musiqi parçası yer alır.

Bu diskin davamı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Mtv Azərbaycan” əməkdaşlıq çərçivəsində “Bərabərik” layihəsini təqdim etdi. Bu ilin sonunadək olacaq silsilə verilişlərdə 10 nəfər əlilliyi olan istedadlı şəxs və onlarla yanaşı, Azərbaycan Respublikasının tanınmış müğənniləri, musiqişünasları və musiqi ekspertləri, musiqi təhsil müəssisələrinin müəllimləri və professorları iştirak edəcək.

Layihədə iştirak edən şəxslərin yaşları 20-40 yaş aralığındadır. İştirakçılarımızdan 6-sı kişi, 4-ü isə qadındır. Lakin mövcud vəziyyətlə bağlı əlilliyi olan iştirakçılar dəyişə bilər, çünki, verilişlər canlı çəkilir və ifalar da canlıdır. Efirdə oxunan hər bir ifa canlıdır və fonoqramadan istifadə olunmur. Bunun üçün layihə çərçivəsində silsilə proqramlarda iştirak edən hər bir əlilliyi olan şəxsə ayrı ayrılıqda vokal müəllimi tutulur və onlarla Mahir İbrahimovun rəhbərlik etdiyi musiqi ansamblının iştirakı ilə professional səsyazma studiyalarında davamlı olaraq məşqlər keçirilir. Əlbəttə ki, bu da gələcəkdə həmin istedadlı gənclərimizin rahatlıqla professional səhnəyə çıxmalarına imkan yaradacaqdır. Onu da qeyd edək ki, layihədə iştirak edən əlilliyi olan şəxslərin yalnız bir qismi musiqi təhsillidir, və ya musiqi təhsillərini Ali təhsil müəssisələrində davam etdirirlər. (Suma Tapdıqova, Aysel Əlizadə və s. kimi).

“Bərabərik” layihəsində adından da göründüyü kimi, əlilliyi olan şəxslərlə yanaşı, Azərbaycanın tanınmış müğənnilərinin dueti səhnədə canlı şəkildə nümayiş etdirilir. Hər bir iştirakçının həyat hekayəsi haqqında video süjet hazırlanaraq tamaşaçılarımıza təqdim edilir. Həmçinin, onların ifa etdikləri 5 duetin mahnılarının tarixçəsi də maraqlı şəkildə tamaşaçılarımıza nümayiş olunur. Bununla biz göstərmək istəyirik ki, əlilliyi olan və güclü istedada və bacarığa malik olan şəxs Azərbaycan cəmiyyətində bərabər üzv kimi qəbul edilir və o, digər sağlam istedadlı şəxslərlə birlikdə eyni səhnəyə çıxıb özünü nümayiş etdirə bilər. Bu bir daha təsdiq edir ki, əlillik qüsur deyil, o yaratmaq və özünü inkişaf etdirmək üçün maneə ola bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti