Bakı. Trend:
03-27 dekabr 2022-ci il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı altında keçirilən “Rauf Hacıyev-100” Musiqi Festivalı başa çatmaq üzrədir. Festival çərçivəsində iki son konsertin biri - “Rauf Hacıyevin musiqi miniatürləri” adlı musiqi axşamı 22 dekabr 2022-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində baş tutdu.
Rauf Hacıyevin çoxşaxəli yaradıcılığında instrumental musiqi və miniatür janrlar da maraq kəsb edir. “Rauf Hacıyevin musiqi miniatürləri” adlı konsert də məhz kiçik həcmli instrumental və vokal əsərləri daxil edən proqrama əsaslanırdı. Konsert musiqişünas, tədqiqatçı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Orta ixtisas Məktəb-studiyanın müəllimi Vəfa Həmidova tərəfindən R.Hacıyevin yaradıcı portreti, əsas fəaliyyət dövrləri və əsərləri haqda məzmunlu söhbət ilə haşiyələndi.
Musiqi axşamı janr cəhətdən iki bölümə ayrıldı. Bəstəkarın fortepiano üçün Sonatina və “İki rəqs” əsərləri ilə pianoçu, Prezident təqaüdçüsü Atabala Manafzadə, “Əlcəzair nəğmələri” və “Əlcəzair dəftəri” silsilələri ilə isə pianoçu, BMA nəzdində Məktəb-Studiyanın müəllimi Fəqan Həsənli çıxış etdi.
Növbəti bölmə başlamazdan öncə konsertin aparıcısı Vəfa Həmidova Rauf Hacıyev yaradıcılığı haqda söhbətini davam etdirərək onun vokal əsərlərinə üz tutdu. Səhnəyə Azərbaycan Respublikasının Xalq artisti, “Bakustik Caz” qrupunun rəhbəri Salman Qəmbərov və R.Behbudov adına Dövlət Mahnı Teatrının solisti Rövşən Qəhrəmanov dəvət alaraq bəstəkarın “Saçlarına gül düzüm” mahnısının maraqlı, sərbəst tərzdə işlənilmiş təfsirini təqdim etdilər.
Konsertin tamamlayıcı nömrələri isə Respublikanın Əməkdar artistləri, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın solistləri Nərgiz Kərimova və Fərid Əliyevin ifasında səslənən “Talelər qovuşanda” operettasından Nərgiz ilə Əlinin solo nömrələri və hər iki qəhrəmanın “Bu həyat qədər” dueti oldu.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az