Bakı. Trend:
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən tanınmış qazax yazıçısı Berdibek Sokpakbayevin Azərbaycan dilində nəşr olunan "Mənim adım Kojadır" kitabının təqdimat mərasimi keçirilib.
Trend
TurkicWorld
-a istinadən xəbər verir ki, X Bakı Beynəlxalq Kitab Sərgisində
Türk Mədəniyyəti və İrsi Fondu görkəmli qazax yazıçısı Berdibek
Sokpakbayevin “Mənim adım Kojadır” kitabının Azərbaycan dilində
təqdimatını və 100 illik yubiley mərasimini keçirib.
Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı
Raimkulova çıxış edərək Berdibek Sokpakbaevin bir çox maraqlı
əsərlər yazdığını, bunlardan birinin də qazax uşaq ədəbiyyatının
şah əsərlərindən olan “Mənim adım Kojadır” povesti olduğunu
söyləyib. Kitabın dünyanın 68 dilinə tərcümə olunduğunu diqqətə
çatdıran Fondun prezidenti rəhbərlik etdiyi qurumun Türk dünyasının
zəngin irsinin təbliği və gələcək nəsillərə ötürülməsi məqsədilə
kitabı ilk dəfə Azərbaycan dilinə tərcümədə oxuculara təqdim
etdiyini bildirib.
Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev yazıçının bir çox
böyük romanlara imza atdığını diqqətə çatdırıb. O, “Mənim adım
Kojadır” əsərinin gənc nəslə milli dəyərlərə sahib çıxmağı
öyrətdiyini deyib. Prezidentin müşaviri bildirib ki, əsəri ilk dəfə
rus dilinə çevirən yazıçının qızı Samal Sokpakbayeva olub. “Kitabın
bir çox ölkədə təbliğində Samal xanımın böyük rolu var”, - deyə o
əlavə edib.
Malik Otarbayev kitabın çox əhəmiyyətli olduğunu vurğulayaraq Türk
Mədəniyyəti və İrsi Fondunun böyük bir işə imza atdığını deyib.
Almatı vilayətinin Mədəniyyət, arxivlər və sənədləşmə idarəsinin
rəhbəri Daniyar Əliyev, yazıçının qızı Samal Sokpakbayeva kitab ilə
bağlı fikirlərini bölüşüblər. Çıxışçılar bu cür tədbirlərin iki
ölkə arasında mədəni əlaqələrə töhfə verəcəyini vurğulayıblar.
Kitabın layihə rəhbəri və ön sözün müəllifi Türk Mədəniyyəti və
İrsi Fondunun prezidenti Aktotı Raimkulova, tərcümə edənlər Xanım
Aydın, Rǝbiqə Nazimqızı, Xatirə Nurgül, redaktoru isə Fərid
Hüseyndir.
Kitaba bu il 100 illik yubileyi qeyd olunan görkəmli qazax yazıçısı
Berdibek Sokpakbayevin “Mənim adım Kojadır” povesti daxil edilib.
Bu əsər dünya uşaq ədəbiyyatının sevilən nümunələrindən
biridir.
Əsərdə uşaqların özünəməxsus dünyagörüşü, mühitin onlara təsiri,
habelə insanın islahı üçün ən vacib məsələnin vicdan olduğu fikri
önə çəkilir.