Azərbaycan, Bakı, 30 oktyabr /Trend/
"Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri ölkəmizin ictimai-siyasi həyatında önəmli günlərdən biri olacaq. Bununla Azərbaycan dünyaya demokratiyanın inkişafı yolunda daha bir addım atdığını sübut edəcək".
Trend-in məlumatına görə, bu barədə "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin Seçki-2015.az saytında dərc olunan bəyanatında deyilir.
Bəyanatda qeyd olunub ki, Azərbaycanda azad və demokratik seçkilərin keçirilməsi üçün Seçki Məcəlləsinə uyğun olaraq hər bir şərait yaradılıb: "Hər bir dövlətin inkişafı demokratik seçkilərdən asılıdır. İstər Azərbaycan dövləti, istər vətəndaş cəmiyyəti azad və demokratik seçkilərin keçirilməsində maraqlıdır. Ona görə də hər bir vətəndaş səsvermə hüququndan istifadə edərək aktiv olmalıdır".
Bəyanatda daha sonra vurğulanıb ki, Azərbaycanda müstəqillik dövründə ümumrespublika səviyyəli 15-ə qədər seçki proseduru həyata keçirilib. Azərbaycanda seçkilərin keçirilməsində artıq böyük təcrübə var və ölkəmiz ən qabaqcıl təcrübəni öyrənərək tətbiq edir. Bütün işlər beynəlxalq standartlara uyğun şəkildə qurulub.