...

Bakı metrosunda siqaret çəkmək tam qadağan edildi (FOTO)

Gündəm Materials 22 Fevral 2018 15:44 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə bağlı yeni qəbul edilmiş qanunun icrası Bakı metropolitenində xüsusi nəzarətə götürülüb və bununla bağlı ciddi tədbirlər görülür.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, qanunun icrasına ciddi əməl olunması məqsədilə “Bakı Metropoliteni” QSC-nin müvafiq struktur rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müşavirə keçirilib. Müşavirədə qanunun tələbləri, onun təfsiri və metropoliten obyektlərinə şamil olunması ilə bağlı geniş müzakirələr aparılıb və izahat verilib.

Qanunun tələblərindən irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə müşavirənin yekunlarına uyğun olaraq, “Bakı Metropoliteni” QSC-nin sədri müvafiq əmr imzalayıb.

Qeyd edək ki, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda siqaret və elektron siqaretdən istifadə buna qədər də qadağan edilmişdi. 2012-ci il iyunun 29-da qəbul edilmiş "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunda buna əməl etməyənlərlə bağlı müvafiq qaydada cərimələr də nəzərdə tutulub.

Lakin "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanuna uyğun olaraq, “Bakı Metropoliteni” QSC-yə məxsus inzibati binalarda və onların həyətlərində, hətta "Nərimanov" elektrik deposu ərazisində və tikinti obyektlərində olan açıq sahələrdə tütün məmulatlarından, o cümlədən qanunun tələblərinə müvafiq olaraq, ona bərabər tutulan yerlərdə siqaret və elektron siqaretdən istifadə qadağan olunub. Tütün məhsullarından yalnız razılaşdırılaraq xüsusi ayrılmış və müvafiq nişanı olan yerlərdə istifadə etməyə icazə verilir.

Bundan başqa, metropoliten stansiyalarında və keçidlərdə, tunellərdə, eskalatorların maşın zallarında xüsusi ayrılmış və razılaşdırılmış yerlərdən başqa, hər hansısa xidməti sahədə, o cümlədən maşinist kabinasında da tütün məmulatlarından istifadə qəti qadağan edilib.
"Bakı Metropoliteni" QSC sədrinin əmrinə əsasən, bununla əlaqədar yerlərdə maarifləndirmə işləri aparılmalı, tövsiyələr verilməlidir. Əmrdə qanunun tələblərinə riayət olunması məqsədilə struktur rəhbərlərinə ciddi tədbirlərin görülməsi tapşırılıb və bunun üçün məsul qurumlar və şəxslər müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti