...

Komissiya üzvü: Böyrək çatışmazlığı xəstələrinin çoxu regionlardadır

Gündəm Materials 9 Mart 2018 16:16 (UTC +04:00)
Hazırda Azərbaycanda rəsmi qeydiyyata alınmış 3406 böyrək çatışmazlığı olan xəstə var. Onların 1922 nəfəri kişi, 1484 nəfəri isə qadındır.
Komissiya üzvü: Böyrək çatışmazlığı xəstələrinin çoxu regionlardadır

Bakı. İlhamə Isabalayeva -Trend :

Hazırda Azərbaycanda rəsmi qeydiyyata alınmış 3406 böyrək çatışmazlığı olan xəstə var. Onların 1922 nəfəri kişi, 1484 nəfəri isə qadındır.

Trend-in məlumatına görə, bunu “Hemodializ müalicəsinə ehtiyacı olan və bu müalicəni alan xəstələrin qeydiyyatının qaydaya salınması və müalicəsinin təşkilinin təkmilləşdirilməsi” komissiyasının üzvü, M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib.

F.Babayevin sözlərinə görə, xəstələrin 2022 nəfəri regionların, 1384 nəfəri isə Bakının payına düşür. Bu xəstələrdən ən kiçiyinin 6 yaşı, ən yaşlısının isə 84 yaşı var. Ötən il yeni qeydiyyata alınmış 1226 xəstə hemodializ müalicəsi alır. Onlardan 527-si Bakı, 799-u isə regionlardan olan xəstələrdir.

Komissiya üzvü qeyd edib ki, keçən il ölkədə böyrək çatışmazlığı ilə bağlı 638 ölüm faktı qeydə alınıb. Bunun 392-si regionların, 246-sı paytaxtın payına düşüb. F.Babayev deyib ki, böyrək çatışmazlığı xəstəliyi Azərbaycan regionları üçün geniş yayılmış xəstəlikdir. Bu xəstəlik əsasən rütubətli və qərb rayonlarında yayılıb: "Həmin ərazilərdə əhalinin sayının çox olması da bu rəqəmə təsir edə bilər".

F.Babayev bildirib ki, 2016-cı ildə ölkədə böyrək çatışmazlığından ölüm göstəricisi 20,2 % təşkil edirdisə, bu rəqəm keçən il üçün 18,6 %-ə düşüb: "Bütün dünyada il ərzində böyrək çatışmazlığı olan xəstələrin 20-24 faizində ölüm halı baş verir. Azərbaycanın bu göstəriciləri dünya üzrə olan ümumi statistik məlumatlara uyğun gəlir".

Mütəxəssis əlavə edib ki, Azərbaycanda 41 hemodializ mərkəzi tam fəaliyyət göstərir: "Ümumilikdə xəstələrin sayında hər zaman artım müşahidə edilir. Bu, dünyanın hər yerində belədir. Xəstələrin sayının artması onun inkişaf etməsi demək deyil. Sadəcə son illərdə xəstəliyin aşkarlanması faizi çoxdur və xəstələr vaxtında həkimə müraciət edirlər. Beləliklə də həmin xəstələrin müalicəyə cəlb olunma faizi yüksək olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti