...

Mətbuat nümayəndələri Rauf Talışinski haqqında

Gündəm Materials 9 May 2018 14:34 (UTC +04:00)
Bakıda mərhum jurnalist Rauf Talışinski ilə vida mərasimi keçirilir.
Mətbuat nümayəndələri Rauf Talışinski haqqında

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Bakıda mərhum jurnalist Rauf Talışinski ilə vida mərasimi keçirilir.

Mərasimdə iştirak edən Millət vəkili Elmira Axundova Trend-ə R.Talışinski ilə bağlı xatirələrini bölüşüb:

“Biz Raufla 1980-ci illərdə müxbir kimi fəaliyyət göstərmişik. O, “İzvestisiya”, mən isə “Literaturnaya qazeta”nın müxbiri idim. İkimiz də Moskva mətbuatında müxbir işləmişik. Çox çətin dövr idi. Sonra mən rus jurnalistikasında qaldım, o isə Azərbaycanın müstəqil jurnalistikasının banilərindən biri oldu, ilk qəzetləri yaratdı. Əvvəl “Zerkalo” qəzeti, sonra isə 2001-ci ildə “Exo” qəzetinin baş redaktoru oldu. Demək olar ki, rus dilində ən gözəl, ən oxunaqlı qəzet yaratdı və bu qəzetlə də məşhurlaşdı. O, çox istedadlı jurnalist idi. Hərdən ona zəng edib bildirirdim ki, Rauf, tez-tez yaz, sənin yazılarına ehtiyac var. Amma o təvazökar idi, deyirdi ki, qoy başqaları da yazsın. Onun yetişdirdiyi jurnalistlər indi bir çox sahələrdə çalışırlar. Mən fəxr edirəm ki, həm “Zerkalo”, həm də “Exo” qəzetlərində silsilə yazılarım çıxıb. Demək olar ki, “Zerkalo” və “Exo” qəzetləri də məni bir jurnalist kimi yetişdirib.

Biz tez-tez zəngləşib danışırdıq. İndi az adam tapılar ki, onunla hər şey haqqında danışmaq olsun. Mən bilirdim ki, onunla danışdıqlarımız öz aramızda qalacaq. O mənim üçün həmişə yaşayacaq”.

Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev bildirib ki, R.Talışinski Azərbaycan jurnalistikasının sütünlarından biri idi:

"Rauf müəllim həm yeniliyi gözəl dərk edən, həm də Azərbaycanın tarixini gözəl bilən araşdırmaçı jurnalist idi. O, həm Azərbaycanda, həm də MDB məkanında çox mühüm jurnalist araşdırmaları ilə yadda qalan mütəxəssis olub. Düşünürəm ki, bu, Azərbaycan üçün böyük itkidir. Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən bəri Rauf Talışinski daim çalışmış, jurnalistikada yeni kadrların yetişdirilməsi ilə məşğul olmuşdu. O, həm jurnalistlərin, həm də onu tanıyanların yaddaşında xoş xatirələrlə yadda qalacaq. Allah rəhmət eləsin”.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib: “Bu gün Azərbaycan jurnalistikasının nüfuzlu simalarından biri olan Rauf Talışinskini yola salırıq. Rauf Talışinski “Exo və “Zerkalo” qəzetlərinin təsisçisi olmaqla yanaşı, “Molodyoj Azerbaydjana” qəzetində və bir çox qəzetlərdə fəaliyyət göstərib. Hesab edirəm ki, Rauf Talışinski bundan sonra da peşəkar jurnalist kimi hər bir jurnalistin qəlbində yaşayacaq, onun xatirəsi yaşayacaq. Onun qurub yaratdığı kollektiv həmişə peşəkarlardan ibarət olub. Rauf Talışinski bütün fəaliyyəti dövründə jurnalistikanın prinsiplərinə əməl edib”.

"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid R.Talışinskinin öz fəaliyyəti ilə Azərbaycan mətbuatına yeni keyfiyyət gətirdiyini deyib:

“Rauf Talışinski çox peşəkar jurnalist idi, peşəkarlığı həmişə bir nümunə idi. Mən onunla bir neçə dəfə səfərlərdə olarkən Rauf Talışinskinin bu yüksək peşəkarlığının şahidi olmuşam. O, öz fəaliyyəti ilə mətbuatımıza yeni keyfiyyət gətirdi”.

"Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı R.Talışinskinin Azərbaycanda ilk rusdilli qəzetin yaradıcılarından biri olduğunu deyib: “Böyük peşəkar, gözəl jurnalist idi. Peşəsini bilirdi və bacarıqlarını, təcrübəsini gənc jurnalistlərə bir müəllim olaraq öyrətməyi də bacarırdı. Ümumiyyətlə, "Zerkalo"dan çıxan bir çox şəxslər indi ölkədə tanınmış jurnalistlərdir. Böyük əksəriyyəti də Rauf Talışinskinin zəhməti nəticəsində peşəkar jurnalist olub. Bizim üçün Rauf Talışinskinin vəfatı həm dost, həm də peşəkar itkisidir”.

Qeyd edək ki, ötən gün respublikanın əməkdar jurnalisti, "Exo" qəzetinin baş redaktoru Rauf Talışinski (Talışinski Rauf Rəfail oğlu) ömrünün 62-ci ilində dünyasını dəyişib.

1978-ci ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra "Molodyoj Azerbaydjana", "Vışka" qəzetlərində çalışıb. "İzvestiya" qəzetinin Azərbaycan üzrə müxbiri olub.

R.Talışinskinin həyat və yaradıcılığı peşəsi üçün fədakarlıq nümunəsidir. Ən çətin zamandan - 1990-cı ildən "Ayna-Zerkalo" qəzetinə rəhbərlik edib. Bu nəşrdəki, eləcə də 2001-ci ildən baş redaktoru olduğu "Exo" qəzetindəki fəaliyyəti ilə müasir Azərbaycan jurnalistikasının formalaşmasına böyük xidmət göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti