...

Azərbaycan brendi ilə hər il Masallıdan xarici ölkələrə sənaye məhsulları ixrac olunur

Gündəm Materials 30 Yanvar 2019 12:59 (UTC +04:00)
Azərbaycan brendi ilə hər il Masallıdan xarici ölkələrə dəyəri 15 milyon manatdan çox olan sənaye məhsulları ixrac olunur.
Azərbaycan brendi ilə hər il Masallıdan xarici ölkələrə sənaye məhsulları ixrac olunur

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan brendi ilə hər il Masallıdan xarici ölkələrə dəyəri 15 milyon manatdan çox olan sənaye məhsulları ixrac olunur.

Trend-in məlumatına görə, bunu Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Prezident İlham Əliyevin iştirakı ilə keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunları üzrə konfransda çıxışı zamanı deyib.

R.Hüseynov bildirib ki, rayonun bütün inkişaf parametrlərinə ciddi təsir göstərən, 10 hektar sahədə salınmış Masallı Sənaye Məhəlləsində rezidentlərin hamısı uğurla fəaliyyətə başlayıb, ən əsası, ilkin olaraq 200 nəfərdən artıq gənc müasir texnologiya, yüksək istehsal şəraiti və əməkhaqqı ilə təmin olunub: "Yaxın vaxtlarda onların sayının bir neçə dəfə artacağı gözlənilir. Şüşə, yağ-pendir və digər məhsulların istehsalı məqsədilə öz vəsaitləri hesabına 2 yeni korpusun tikilməsi üçün müraciət etmiş digər sahibkarların təklifləri qəbul edilib”.

İcra başçısı qeyd edib ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə qeyri-neft sektorunun və regionların inkişaf etdirilməsi siyasətinizin məntiqi nəticəsi olaraq hesabat dövründə 572 istehsal və xidmət obyekti istifadəyə verilib, müasir çəltik zavodu işə salınıb, “Embawood” mebel fabrikində və Masallı kərpic zavodunda yeni istehsal sahələri yaradılıb, sənaye məhsulları istehsalı ümumilikdə 77 faiz artıb. Azərbaycan brendi ilə hər il Masallıdan xarici ölkələrə dəyəri 15 milyon manatdan çox olan sənaye məhsulları ixrac olunur:

“Respublikanın ən az torpaqlı rayonları sırasında olan Masallıda bu gün də iqtisadiyyatın və əhalinin məşğulluğunun əsasını aqrar sahə təşkil edir. Bu sahədə qəbul etdiyiniz qərarların, imzaladığınız sərəncamların verdiyi imkanlardan bəhrələnən torpaq mülkiyyətçilərində həm də əsl sahibkarlıq, təsərrüfatçı psixologiyası formalaşmaqdadır. Onlar artıq öz gəlir-çıxarlarını hesablamağa, daha faydalı sahələrə üstünlük verməyə başlayıblar. Sizin tapşırığınızdan sonra mütəxəssislərin və mülkiyyətçilərin təklifi ilə əkin strukturunda qeyri-rentabelli sahələr azaldılıb, əməktutumlu, daha gəlirli, bazarda çox tələbat duyulan və Masallının torpaq-iqlim şəraitinə uyğun olan tərəvəz, faraş kartof, çəltik, giləmeyvə kimi bitkilərin əkinləri xeyli genişləndirilib, 100 hektar sahədə çay plantasiyası salınıb”.

O vurğulayıb ki, aqrar bölmədə böyük canlanma yaranıb, kəndlərdən şəhərlərə gedən insanlar artıq yenidən torpağa üz tuturlar: “Son iki ildə rayon üzrə əkin sahələri 18 min hektara çatdırılıb ki, bu da sovet dönəmindəki ən yüksək göstəricidən çoxdur. Nəticədə təsərrüfatda çalışanların sayı 2,5 dəfə artıb, bütün istehsal olunan məhsulların isə üçdəbiri ixrac edilir.

Ötən il Masallıya səfəriniz zamanı kənd əməkçilərinin xahişini nəzərə alaraq 3 min hektardan artıq əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 sututarda təmir-bərpa işlərinin aparılmasına dair verdiyiniz Sərəncamla ayrılmış vəsait hesabına işlərə başlanılıb, əlavə 8 milyon kubmetr suvarma suyu əldə etməyə və elə bu il həmin ərazilərdə çəltik və çay əkinləri aparmağa imkan yaranacaq. Sizin diqqət və qayğınız sayəsində rayonumuzda tikinti-abadlıq işləri də geniş vüsət alıb, böyük infrastruktur layihələri həyata keçirilib. Bilavasitə tapşırığınızla tikilən və açılışında iştirak etdiyiniz, masallılıların qürur duyduğu “ASAN həyat” kompleksi indi bütün regionun əhalisinə xidmət göstərir”.

R.Hüseynov deyib ki, çoxsaylı təhsil, səhiyyə, mədəniyyət, idman obyektləri tikilib, parklar, meydanlar, prospektlər salınıb, şəhərin su-kanalizasiya sistemi yenidən qurulub: “Rayonun Muğan zonası kəndlərinə tapşırığınızla çəkilən içməli su artıq ilkin olaraq 5 yaşayış məntəqəsinə verilib”.

O əlavə edib ki, rayonda qazlaşdırma 97 faizə, kənd yollarının asfaltlaşdırılması işləri 85 faizə çatıb, 22 yaşayış məntəqəsində elektrik təsərrüfatı tam yenidən qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti