Bakı. İlhamə İsabalayeva - Trend:
Ötən il ərzində məktəbəqədər təhsil müəssisələrində uşaqlar arasında qeydə alınan xəstələnmə hallarının çoxu qrip və yuxarı nəfəs yollarının kəskin infeksiyası ilə bağlı olub.
Trend-in məlumatına görə, 2018-ci il ərzində məktəbəqədər təhsil müəssisələrində uşaqların xəstələnmə hallarının sayı 32 891 olub. Onların 31505-i dövlət, 1386-sı qeyri-dövlət müəssisələrinin payına düşüb.
Müəssisələrdəki xəstələnmə hallarının 26 034-ü 3 və yuxarı yaşda olan uşaqlar arasında qeydə alınıb.
Ümumilikdə ötən il ərzində məktəbəqədər təhsil müəssisələrində qeydə alınmış xəstələnmə hallarının 16 933-ü qrip və yuxarı nəfəs yollarının kəskin infeksiyası, 8008-i angina (kəskin tonzillit), 160-ı bədbəxt hadisə, zəhərlənmə və zədələr, 248-i sətəlcəm, 467-si bakterial dizenteriya, 149-u skarlatina, 6926-sı digərləri olub.