...

Türkiyə Sinovac vaksinindən istifadə edəcək, ilkin mərhələdə 91,25% effektivlik var - Fahrettin Koca

Gündəm Materials 24 Dekabr 2020 23:56 (UTC +04:00)
Türkiyə Sinovac vaksinindən istifadə edəcək, ilkin mərhələdə 91,25% effektivlik var - Fahrettin Koca

Bakı. Trend:

Türkiyənin səhiyyə naziri Fahrettin Koca keçirilən Elmi Komitənin iclasından sonra pandemiya ilə mübarizə ilə bağlı maraqlı məqamlara aydınlıq gətirib.

Trend-in məlumatına görə, Türkiyənin COVID-19 infeksiyasına qarşı vaksin seçimində inaktivləşdirilmiş vaksin platformasına üstünlük vermə səbəblərini açıqlayan Koca bildirib ki, bu platformada vaksin hazırlanması ən qədim metoddur və indiyədək bir çox belə vaksini Türkiyə öz təcrübəsində istifadə edib. Hər hansı vaksini seçməzdən əvvəl onu öz əhalisi arasında kliniki sınaqdan keçirməyin faydalı olduğunu nəzərə alaraq, inaktivləşdirilmiş "CoronaVac" vaksininə üstünlük verilib.

Elmi Komitənin təmsilçisi professor Serhat Ünal isə qeyd edib ki, sentyabr ayından etibarən başlayan 3-cü faza kliniki sınaqların aralıq nəticələri artıq hazırdır. Minlərlə könüllü arasında aparılan bu tədqiqat mərhələsində iştirakçılardan cəmi 40 nəfər virusa yoluxarsa, tədqiqat mərhələsi yekunlaşacaq.

Hazırda cəmi 29 nəfər yoluxmuşdur ki, onlardan 26 nəfər həqiqi vaksin deyil, "placebo" vurulmuş şəxslər olub.

Hazırda tədqiqatın nəticələrinə əsasən, 7300-dən artıq könüllü arasında cəmi 3 nəfər peyvənd olunmuş şəxsdə PCR testlərinin nəticəsi pozitiv çıxıb. Həmin 3 nəfər isə yüksək riskli şöbələrdə çalışan səhiyyə işçiləri olub. "Bu 3 nəfər virusa yoluxsalar da, heç bir xəstəlik simptomu hiss etməmiş insanlardır" deyə Fahrettin Koca məlumat verib.

Beləliklə, Sinovac şirkətinin hazırladığı "CoronaVac" vaksininin Türkiyə üzrə nəticələri 91,25% effektivlik göstərib. Nazir bu rəqəmin yekunda daha da yüksək olacağını gözlədiklərini qeyd edib. Xatırladaq ki, ÜST tərəfindən bir vaksinin minimum 50% effektiv olması yetərli sayılır.

Vaksinin hansı mənfi təsirləri ola biləcəyi ilə bağlı Elmi Komitədən məlumat verilib ki, cəmi 2,5% könüllüdə yüngül baş ağrısı və yüngül yorğunluq hiss olunub. Bu isə vaksinin təhlükəsiz olduğunu göstərir.

Dekabrın 5-dən hazır olan 3 milyon doza vaksinin bu həftənin sonundan etibarən artıq Türkiyəyə gətirilməsinə icazə verilib. Ümumilikdə, Sinovac şirkəti fevral ayına qədər Türkiyəyə 50 milyon doza vaksin göndərəcək. Bu vaksinlərin Türkiyəyə həm də dünya bazar qiymətindən nisbətən aşağı qiymətə gətiriləcəyi bildirilib.

Türkiyədə bir gündə 1,5-2 milyon nəfərə peyvənd vurmaq imkanı var. Nazir Koca vaksinasiyada iştirakın könüllü olmasına baxmayaraq, əhalinin böyük aktivlik göstərəcəyinə inandığını və özünün də ilk şəxslərdən biri kimi peyvənd olunacağını bildirib. Xatırladaq ki, Türkiyənin vaksinasiya strategiyasına görə ilk mərhələdə səhiyyə işçiləri və risk qrupunda olan digər şəxslərə peyvənd vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti