...

Çörəyin antisanitar şəkildə daşınmasının qarşısı alınmalıdır - Ekspert

Gündəm Materials 9 İyul 2021 10:04 (UTC +04:00)
Çörəyin antisanitar şəkildə daşınmasının qarşısı alınmalıdır - Ekspert

Bakı. Çingiz Səfərli - Trend:

Bəzi hallarda mağazalara çörəyin paylanılması zamanı sanitar-gigiyenik qaydaların pozulması müşahidə olunur. Belə ki, zavoddan alınan çörək ticarət obyektlərinə minik avtomobillərinin yük yerlərində, arxa oturacaqların üzərində, arxa şüşənin önündə açıq şəkildə daşınır.

Trend-ə açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri, AQTA yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov da çörəyin istehlakçılara çatdırılması ilə bağlı problemlərin yaşandığını bildirib.

Qeyd edib ki, həftə ərazində çörəyin daşınması ilə bağlı Azad İstehlakçılar Birliyinə 3-4 şikayət daxil olur: "Qida sənayesi ilə məşğul olan hər bir sahibkar qidanın tarladan, fermadan və ya zavoddan istehlakçıya çatdırılmasına qədər olan riskləri qiymətləndirməli və malın çirklənməsinin qarşısını almalıdır. Çörəyin xüsusiləşdirilməmiş avtomobillərdə necə gəldi daşınması, mağazaların qarşısına qoyulub gedilməsi, açıq vəziyyətdə saxlanması, bükülməməsi kimi böyük problemlər var. Belə hallar çörəyin çirklənməsinə gətirib çıxarır".

Birlik sədri onu da əlavə edib ki, ümumiyyətlə Nazirlər Kabinetinin 94 saylı Qərarına görə, əmtəə bazarında satılan hər bir ərzaq məhsulu qablaşdırılmalıdır. Lakin biz çörəyin açıq satışına rast gəlirik: "Düşünürəm ki, həm mağazalar belə çörəkləri qəbul etməməli, həm də istehlakçılar onu almamalıdırlar. Digər tərəfdən dövlət çörəyin qiymətinin artmamasına da nəzarət edir. Belə olan halda istehsalçılar onun çəkisini azaltmaq və ya nəmliyini artırmaqla xərclərini azaltmağa çalışırlar. Bu da istehlakçı hüquqlarının pozulmasına gətirib çıxarır. Bunun qarşısının alınması üçün tədbirlər görülməlidir".

Qida Təhlükəsizliyi Agentliyindən isə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, əhalinin sağlamlığının qorunması istiqamətində sözügedən norma və qaydalara riayət edilməsinə nəzarət məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirilir: "Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır, qida məhsullarının istehsalı və satışı məntəqələrində əhalinin sağlamlığının qorunması istiqamətində müvafiq dövlət nəzarət tədbirləri həyata keçirilir. Dövlət nəzarət tədbirləri Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanında qeyd olunan Agentliyin fəaliyyət istiqamələrinə uyğun olaraq həyata keçirilir".

Həmçinin, qeyd olunub ki, satış mərkəzlərində təqdim olunan un və un məmulatlarının istehsalı, satışı və s. ilə bağlı vətəndaşların hər hansı bir şikayəti olarsa, Qida Təhlükəsizliyi Agentliyinin 1003 nömrəli "Çağrı Mərkəzi"nə zəng edib məlumat verə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti