...

Kürdəmirdə 13 km uzunluğunda avtomobil yolu yenidən qurulur (FOTO)

Gündəm Materials 10 Avqust 2021 12:17 (UTC +04:00)
Kürdəmirdə 13 km uzunluğunda avtomobil yolu yenidən qurulur (FOTO)

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Kürdəmir rayonunda başlanğıcını Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun 26-cı km-dən götürən və 13 km uzunluğu malik Qarasaqqallı-Cəyli avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, Kürdəmir rayonunun 4 minə yaxın əhalinin yaşadığı 2 yaşayış məntəqəsini əhatə edən Qarasaqqallı-Cəyli avtomobil yolu qara və çınqıl örtük əsaslı olduğundan gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlər yaşanırdı. Artıq qeyd olunan problem aradan qaldırılır, çünki yol boyu işlər texnoloji ardıcıllığa riayət olunmaqla və keyfiyyətlə aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.

13 km uzunluğa malik avtomobil yolunun deformasiyaya uğramış örtüyünün bərpası məqsədi ilə zəruri yerlərdə yol yatağı qazılaraq çıxarılır, genişləndirmə işləri aparılmaqla 10 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılır. Hazırda yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri həyata keçirilir. Bunun üçün qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunur.

Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti mərhələsində artıq yolun asfaltlanması işlərinə start veriləcək. Yol örtüyünün alt layının 7 sm qalınlıqda iri dənəli, üst layının isə 5 sm qalınlıqda xırda dənəli asfalt-beton örtüyü ilə tikintisi nəzərdə tutulur. Bu işlər 80 min kv.m-dən çox ərazini əhatə edəcək.

Layihə çərçivəsində yol boyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülür. Bunun üçün müxtəlif diametrli dairəvi dəmir-beton borulardan istifadə olunur.

Yol boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol nişanı, km göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işləri aparılacaq, həmçinin avtobus dayanacaqları inşa ediləcək.

Bu tədbirlərin icrası, ilk növbədə, Qarasaqqallı-Cəyli marşrutu üzrə yaşayan əhalinin rahatlığını təmin edir, onların mənzil başına təhlükəsiz çatmalarına imkan yaradır. Bundan başqa, yolların bu cür müasir səviyyəyə çatdırılması, təkcə yol üzərində olan kəndləri deyil, ümumilikdə, həmin rayonun sosial-iqtisadi inkişafına töhfə verir və yolboyu yerləşən yaşayış məntəqələrində sakinlərə əlavə iqtisadi imkanlar açır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti