...

Birlikdə və sistemli çalışaraq, qalib xalqın uğurlu gəncliyini görəcəyik - Fərid Qayıbov (FOTO)

Gündəm Materials 6 Dekabr 2021 19:22 (UTC +04:00)
Birlikdə və sistemli çalışaraq, qalib xalqın uğurlu gəncliyini görəcəyik - Fərid Qayıbov (FOTO)

Bakı. Trend:

Gənclər və İdman Nazirliyinin "Nazirin Nöqteyi-Nəzəri" rubrikasında Gənclər və İdman naziri Fərid Qayıbovun növbəti məqaləsi yayımlanıb.

Trend həmin məqaləni təqdim edir:

"Əziz gənclər və idmançılar!

Zəfər Günü münasibətilə Dənizkənarı Milli Parkda təşkil edilmiş“Qələbə qaçışı” əlamətdar hadisə idi. Azərbaycanın əksər bölgələrindən müxtəlif yaş kateqoriyalarından olan insanlar qaçışa qoşularaq qələbəni bizə yaşadanları YAŞATmaq üçün birlik nümayiş etdirdilər və YAŞAT Fonduna dəstək oldular. Yarış mübarizəsi və həyacanı Zəfər gününün yüksək ruhunu əks etdirdi. Finişdə təşkil edilmiş şəhər oyunlarında bayram ab-havası davam etdi. Əhalinin sağlam həyat tərzinə təşviq edilməsi istiqamətində fəaliyyətimiz davamlı olacaq.

“Unutma, YAŞAT” xeyriyyə futbol yarışı yaxşı əks-səda doğurdu. Bu yarış gənclər və idman sahəsində çalışan 1000-dək insanı “sağlam həyat” və “birlik” ideyası ilə bir araya gətirdi.

Birliyimizin növbəti nümayişinə həm də Lüksemburqla oyunda futbol üzrə milli komandamızın tribunalardan dəstəklənməsində şahid oldum. Komandamızı dəstəkləmiş azarkeşlərə təşəkkürümü bildirirəm. Hesab edirəm ki, daim komandalarımızın yanında olmalı, onlara daha da böyük dəstəyimizi ifadə etməli, nəticə üçün birlikdə mübarizə aparmalıyıq.

Bu ay ölkədə 3 nüfuzlu beynəlxalq yarış - 200-dək idmançının iştirakı ilə cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri, 33 ölkənin iştirakı ilə Batut Gimnastikası üzrə 35-ci Dünya Çempionatı və 28-ci Dünya Yaş Qrupları Yarışları təşkil edildi. Hər bir yarış əsasən, gənc nəsil arasında idmana marağın artırılması və onun ayrı-ayrı növlərinin daha cox tanıdılmasına hesablanıb. Bu yarışların keçirilməsi Azərbaycanı müxtəlif idman növləri üzrə uğurlu təşkilatçı kimi bir daha tanıtdı. Hər bir beynəlxalq yarış, müasir tələblərə cavab verən idman infrastrukturumuzun inkişaf və təkmilləşməsini təmin edən əsas amillərdir. Yarışlar həm də turizm və iqtisadiyyata dəstəkdir.

Noyabrda idman sahəsindəki vəziyyətlə tanışlığımı qılıncoynatma və badminton federasiyalarında davam etdirdim. Cudo, üzgüçülük, qılıncoynatma, şahmat, voleybol və velosiped federasiyalarının hesabat-seçki konfransları keçirildi. Müzakirələrdə işlərin sistemli, şəffaf və əlaqəli qurulması məsələləri xüsusi qeyd edilib. Regionlarda idmanın gücləndirilməsi prosesində federasiyaların birbaşa iştirakı vacibdir. Belə ki, yeni idman növləri – xüsusən də, müasir dövrdə daha çox maraq kəsb edən növlərin inkişafına diqqət artırılmalıdır. Uşaqları idmana cəlb etmək üçün yeni üsullar işə düşməli, yerli idman infrastrukturunun potensialı effektiv istifadə edilməli, mütəxəssislərın bilikləri artırılmalıdır.

Azərbaycan idmançılarının müxtəlif idman növləri üzrə beynəlxalq və dünya səviyyəsində keçirilən yarışlarda uğurlu çıxış və qələbələri bizi çox sevindirdi. Bu ay taekvondo, boks və karate üzrə nüfuzlu beynəlxalq yarışlarda uğurlar əldə etmiş idmançılarla görüşlər keçirdim. İnanıram ki, idmançılarımızın qələbələri davamlı olacaq, biz isə onları diqqətlə izləyib və fəxrlə qarşılayacağıq.

Hazırda bütün idman növləri üzrə Avropa və dünya idman federasiyalarında seçkilər keçirilir. Mən böyük məmnuniyyətlə Azərbaycanın idman sahəsi rəhbərlərinin beynəlxalq idman federasiyalarının idarə heyətlərinə seçilməsini qeyd edib, onları ürəkdən təbrik edirəm. Bu seçkilərdə qələbəmiz idmanda uğurların həm nəticəsi, həm də davamıdır.

Gənclər üçün də bir sıra sosialyönümlü və maraqlı idman tədbirləri keçirilib. Macarıstanın ölkəmizdəki səfirliyinin təşəbbüsü əsasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında gənc qadınlar üçün özünümüdafiə məqsədilə yaradılmış Krav-Maqa idman növü üzrə ustad dərsləri, Su İdmanı Sarayı və İdman Jurnalistləri Federasiyası ilə birgə media nümayəndələri arasında üzgüçülük turniri təşkil edilib.

Yerlərdə gənclər sahəsində daha yaxşı idarəetməni təmin etmək, müxtəlif təşkilatların strateji hədəflər üçün birgə işini aydın şəkildə qurmaq məqsədilə ölkənin şimal rayonlarına səfər etdim. Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarındakı infrastruktura baxış aparıldı. Gənclər və idman idarələrinin, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin, ASAN könüllüləri, Aqrar İnkişaf Könüllüləri, Tələbə-Gənclər Təşkilatları və digər gənclər təşkilatlarının rəhbərləri ilə hazırkı və gələcək fəaliyyətimizi ətraflı müzakirə etdik.

Nazirliyin Kollegiya iclasında Olimpiya və paralimpiya komandalarımızın Tokiodakı nəticələri, müsbət və mənfi tərəfləri müzakirə edildi. Növbəti olimpiya oyunlarında yüksək nailiyyətlərin əldə olunmasına əsaslı zəmin yaradılması məqsədilə bir sıra tapşırıqlar verildi.

Nazirliyin yanında fəaliyyət göstərən və seçki yolu ilə yeni tərkibdə formalaşdırılmış İctimai Şuranın üzvləri ilə görüş keçirildi. Görüşdə gənclər və idman sahəsinin bütün subyektləri arasında vəzifələrin düzgün bölüşdürülməsi, təkrarçılıq və paralelizmin qarşısının alınması, boşluqların aradan qaldırması haqqında fikirlər səsləndirilib. Qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, eyni zamanda vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində İctimai Şuradan gözləntilərimizin səmərəli olacağna ümid edirəm.

Nazirliyin tabeliyində olan 22 gənclər evinin rəhbərləri ilə “Qaradağ Gənclər Evi”ndə görüş keçirildi. Görüşdə hər birinin fəaliyyətinə dair məlumat dinlənildi, gənclərlə işin təkmilləşdirilməsi və yeni çağırışlara uyğun qurulması üçün təkliflər səsləndirildi. Ölkə gənclərinin, xüsusilə rayon və kəndlərdə yaşayanların, İT və modelləşmə sahəsində potensialını artırmaq məqsədilə, gənclər evlərində pilot layihənin keçirilməsi zəruridir. Gənclər evlərinin fəaliyyətinin keyfiyyət əmsalının artırılmasına nail olmalıyıq.

Bütün bu planları biz geniş əməkdaşlıqda – gənclər evləri, idman federasiyaları, gənclərin qeyri-hökumət təşkilatları, bir sözlə, idman və gənclər cəmiyyətləri və ictimaiyyəti ilə birgə həyata keçirə bilərik. Bilik, səriştə və güçümüzü birləşdirib, vahid qurum kimi işləyəcəyik.

Noyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə gənclər və idman nazirinə iki müavini təyin edilib. İdman sahəsi üzrə müavin - Mariana Vasileva - yüksək təcrübəyə malik, peşəkar, nizamlı, məsuliyyətli və nəticəyə köklənmiş bir mütəxəssisdir. Digər müavin – İndira Hacıyeva – gənclər siyasəti sahəsində böyük yol keçmiş və nazirlikdə çalışan peşəkar kadrdır.

Nazirliyin yaxın illər üçün Strategiyası hazırlanır, bu məqsədlə geniş sosioloji tədqiqatın aparılması planlaşdırılır. Nazirlikdə və tabe qurumlarda çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması və idarəetmənin təkmilləşdirilməsi məqsədilə çox komponentli layihənin həyata keçirilməsini nəzərdə tuturuq.

Məqsədimiz gənclər və idmanla bağlı bütün səviyyələrdə standartlarımızı və potensialımızı artırmaq, gənclərin inkişafını təmin edənin yeni alətləri yaratmaqdır. Əminəm ki, “gənclərlə və gənclər üçün”, birlikdə və sistemli çalışaraq, qalib xalqın uğurlu gəncliyini görəcəyik.

Fərid Qayıbov,
Gənclər və idman naziri"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti