Bakı. Fərid Zöhrabov - Trend:
Bəzi kafelərdə, sanitar qaydalara riayət edilməyən obyektlərdə satılan dönərlərdən zəhərlənmə ehtimalı böyükdür. Zəhərlənməyə səbəb ətə vurulan əlavə qatqılar və saxlama şəraitinə əməl olunmamasıdır.
Bunu Trend-ə Qidaüzrə baş mütəxəssis Ağa Salamov deyib.
Texnoloq bildirib ki, fikir versəniz bəzi dönərxanalarda dönərlər çox ucuz qiymətə insanlara satılır. Bəzi insanlar keyfiyyəti qoyub, ucuz qiymətə satılan yerlərdən dönər alırlar.
"Bəzən görürük ki, dönər əti saxlanan yerlər yaxşı olmur. Bir rulon dönər ətini sata bilməyəndə qalan əti götürüb dondururlar növbəti gün yenidən satışa çıxarılır. İkinci dəfə əti qızdırmış olurlar. Bu da qida zəhərlənmələrinə gətirib çıxardır. Dönərə vurulan mayonez, ketçup və digər ədviyyatlar düzgün istifadə edilmədiyi, son istifadə tarixi keçdiyi təqdirdə də zəhərlənmə ola bilər. Dönərxanalarda saxlanma şəraitinin düzgün olmaması da insanların zəhərlənməsinə səbəb olur. Bəzi yerlərdə satılan dönər ətinin mənşəyi məlum deyil. Bəzi işbazların marağı az pul xərcləyib çox qazanmaqdır", - deyə A.Salamov qeyd edib.
Qeyd edək ki, bu gün Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə Nəsimi rayonu, metronun "28 May" stansiyasının yaxınlığında, "28 Mall" Ticarət Mərkəzinin qarşısındakı dönər evində baş verib. Səhər saatlarında 8 nəfər zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti orta ağırdır.