...

MÜSİAD Azərbaycan - Türkiyə qardaşlığını özündə əks etdirən bir nümunədir - Rəşad Cabirli

Gündəm Materials 15 Dekabr 2021 20:08 (UTC +04:00)
MÜSİAD Azərbaycan - Türkiyə qardaşlığını özündə əks etdirən bir nümunədir - Rəşad Cabirli

Bakı. Trend:

"Bir millət, iki dövlət" şüarını ticarət və mədəni sahədə yaşatmağı və davam etdirməyi özünə hədəf seçən, bu istiqamətlərdə faydalı fəaliyyətlər həyata keçirən MÜSİAD Azərbaycanın bir fərdi olmaq, sonra isə idarə heyətinin üzvü olaraq xidmət etmək mənim üçün qürurlu idi. Bu gün isə rəhbər olaraq xidmət etmə şərəfinə nail olmaq mənim üçün tərif edə bilməyəcəyim bir xoşbəxtlikdir.

Trend-in məlumatına görə, bunu Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsinin yeni seçilən rəhbəri Rəşad Cabirli bildirib.

R.Cabirli ona göstərilən etimada görə təşəkkür edib.

“Mənə göstərilən etimada görə cənab Abdurrahman Uzun başda olmaqla, idarə heyətinin üzvlərinə, dəyərli MÜSİAD Azərbaycan ailəsinə, MÜSİAD-ın prezidenti cənab Mahmut Asmalı başda olmaqla bütün MÜSİAD rəhbərliyinə təşəkkürümü bildirirəm. Necə bir cavabdehlik daşıyacağımın fərqindəyəm. MÜSİAD-da vəzifə almaq bayraq yarışına bənzəyir. İnanıram ki, Allahın izni ilə əmanət olaraq aldığım bu bayrağı rəhbərlərimin, MÜSİAD ailəsinin və sizlərin dəstəyi ilə, birlik və bərabərlik şəraitində daha uca zirvələrə daşımaqla vəzifəmi layiqincə yerinə yetirərək məndən sonrakı üzvümüzə təslim edəcəyəm. Bu şərəfli və dəyərli vəzifəni daşıdığım müddətdə var gücümlə çalışacağıma sizin qarşınızda söz verirəm", - deyə o qeyd edib.

R.Cabirli əlavə edib ki, Azərbaycan - Türkiyə qardaşlığını özündə əks etdirən bir nümunə olan MÜSİAD Azərbaycan hər ötən gün uğurlarını artıraraq yoluna davam edəcəkdir.

"Bu il 15 iyun tarixində dövlət başçılarımızın imzaladığı Şuşa Bəyannaməsinin sonuncu bəndini icazənizlə diqqətinizə çatdırıram; Tərəflər lazımi dövlət dəstəyini təmin edərək xalqları arasında müştərək dəyərlərə söykənən sıx əlaqələri humanitar, sosial müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində daha da inkişaf etdirəcək və dərinləşdirəcəklər. Bu məqsədlə iki ölkənin aidiyyəti qurumları tərəfindən birgə, davamlı fəaliyyətlər həyata keçiriləcəkdir - Mən burada dəfələrlə şahidi olduğum, cənab səfirimizin hər zaman önəmlə diqqət çəkdiyi “İnkişaf etdirəcək və dərinləşdirəcəklər” ifadəsini xüsusi qeyd etmək istəyirəm. Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu xalqlarımız həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "bir millət, iki dövlət" olmuşlar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin qurucusu dahi Mustafa Kamal Atatürk Azərbaycanın kədərini Türkiyənin kədəri, sevincini isə Türkiyənin sevinci hesab etmişdir.

Bir millətin nümayəndələri olaraq bizlər bu münasibətlərin bundan sonra da inkişaf etdirilməsi və dərinləşdirilməsi istiqamətində əlimizdən gələni edəcəyik", - o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti