Bakı. Trend:
Azərbaycan Ordusunun qoşun növü, birlik və mərkəzi tabelikdə olan hərbi hissələrinin maddi-texniki təminat idarə, şöbə (bölmə) rəisləri ilə təlim-metodiki toplanışın yekunu keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, yekunda Maddi-Texniki Təminat Baş İdarəsinin Maddi-Texniki Təminat Qərargahının rəisi vəzifəsini icra edən general-mayor Qədir Nəsibov iştirak edib.
Toplanışda silah və texnika idarəsi üzrə raket-artilleriya
silahları, avtomobil və zirehli tank xidmətlərinin təşkili, arxa
cəbhə idarəsi üzrə ərzaq, əşya və yanacaq xidmətlərinin, habelə
yanğından mühafizə inspeksiyasının təşkili mövzularında məşğələlər
keçirilib.
Qeyd olunub ki, toplanışın əsas məqsədi iştirakçılara maddi-texniki
təminat üzrə ümumi vəziyyət, silahlanmaya yeni daxil edilmiş silah,
texnika və digər vasitələrin uçotu, istismarı haqqında məlumatların
çatdırılması, həmçinin qoşunlarda maddi-texniki təminatın
perspektivləri və qışa hazırlıq üçün görüləcək işlərlə bağlı
məsələlərin öyrənilməsidir.
Yekunda ötən tədris ili ərzində qeyd olunan xidmətlər üzrə
bölmələrdə yerinə yetirilmiş əsas tədbirlər müzakirə olunub.
Sonda Müdafiə Nazirliyi rəhbərliyinin maddi-texniki və digər döyüş təminatının gücləndirilməsi ilə bağlı tapşırıqları aidiyyəti üzrə çatdırılıb.